Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ-ın maliyyə naziri Ceyn Bessent Avropa İttifaqına açıq çağırış edərək, Rusiyaya qarşı tətbiq ediləcək yeni rüsum və sanksiyalara qoşulmağı tələb edib. Onun bu bəyanatı Vaşinqtonun Moskvanı iqtisadi cəhətdən boğmağa yönəlmiş yeni mərhələyə keçdiyini göstərir.
“Əvvəllər niyyətlərini ucadan bəyan edən Avropalı müttəfiqlərimizi, əgər biz bu ikinci dərəcəli tarifləri tətbiq etsək, bizim ardımızca getməyə çağırıram”, – deyə maliyyə naziri sərt və qəti tonda bildirib.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın bir neçə gün öncə verdiyi və gündəmi silkələyən bəyanat fonunda gəlib. Tramp açıq şəkildə ultimatum irəli sürüb: əgər Rusiya və Ukrayna arasında 50 gün ərzində atəşkəs razılaşması əldə olunmasa, ABŞ Rusiyadan idxal olunan bütün mallara 100 faiz gömrük rüsumu tətbiq edəcək. Bununla da kifayətlənməyəcək – Rusiya nefti alan ölkələrə qarşı da “ikinci dərəcəli” sanksiyalar gündəmə gətiriləcək.
Ekspertlər bu addımı Tramp administrasiyasının Rusiya ilə müharibə aparmasa da, onu iqtisadi cəbhədə iflic etməyə yönəlmiş qətiyyətli strategiyası kimi dəyərləndirirlər. Vaşinqton Kremlin neft gəlirlərini kəsmək və beynəlxalq bazarda Rusiya ilə əməkdaşlığı təhlükəli hala gətirmək istəyir.
Avropaya edilən çağırış isə bir növ “ya bizimlə olun, ya da Kremlə güzəştə gedin” mesajıdır. Bu fondda ABŞ-ın Avropanı daha sərt və yekdil anti-Rusiya cəbhəsinə çəkməyə çalışdığı aydın görünür.
Qərb üçün seçim vaxtıdır – Vaşinqtonun rəhbərliyi altında Rusiyanı təcrid etmək, yoxsa Moskvaya iqtisadi nəfəs borusu olaraq qalmaq.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ