İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın Rusiya xofu - blef, yoxsa...

“Ağlı başında olan insan yaxşı bilir ki, Rusiyanın heç kimə hücum etmək kimi bir istəyi yoxdur və olmayıb”. 

Belə bir açıqlamanı Rusiya prezidenti Vladimir Putin Slovakiyanın baş naziri Robert Fiko ilə görüşdə verib.  “Biz görürük ki, Rusiyanın guya Avropaya hücum etməyi planlaşdırması ilə bağlı davamlı olaraq isteriya yaradılır. Düşünürəm ki, ağlı başında olanlar üçün bu, anlaşılan bir təxribat və ya tam qeyri-peşəkarlıqdır”, - Putin iddia edib. 

Qərb paytaxtlarında isə, əlbəttə ki, Putinin nəinki sözünə, heç imzasına da inam yoxdur. O səbəbdən Qərb Ukraynaya qarşı işğalçı müharibə ilə böyük ölçüdə Avropa ölkələrini də təhdid edən Rusiyanın cilovunu necə yığmaq barədə səylərini davam etdirir. Lakin aydındır ki, bu məsələdə əsas yük ABŞ, Almaniya, Böyük Britaniya və Fransanın üzərinə düşəcək.   Almaniya kansleri Fridrix Merts bu xüsusda deyib ki, Putinin “atəşkəs əldə olunması üçün heç bir səbəbi yoxdur” və “Qərb özü belə bir səbəbi yaratmalıdır”.

“Hərbi baxımdan çətindir, amma iqtisadi cəhətdən mümkündür. Biz elə etməliyik ki, Rusiya müharibə iqtisadiyyatını qoruya bilməsin. Mən Rusiya ilə hələ də fəal ticarət edənlərə qarşı tariflər vasitəsilə iqtisadi tükənməyə nail olmaqdan danışıram. Və bu məsələdə biz yenə üzümüzü Amerikaya tuturuq”, - kansler vurğulayıb.

Merts daha sonra Putini “müharibə cinayətkarı” adlandırıb və əlavə edib: “Bəlkə də zəmanəmizin ən pis hərbi cinayətkarıdır. Burada güzəştə getmək yersizdir”.

“İstəklilər koalisiyası” iclasında Böyük Britaniyanın baş naziri Kir Starmer də Rusiyaya qarşı kəskin mövqe sərgiləyib. O, çıxışı zamanı Putinə güvənməyin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, Kreml rəhbəri qəsdən sülh danışıqlarını uzadır, eyni zamanda, Ukraynaya yeni zərbələr endirir.

“Qrup Ukraynaya dönməz dəstək vədi verdi və bu, Prezident Trampın dəstəyi ilə gücləndirildi. İndi isə daha qətiyyətli addımlar atmaq, Putinə təzyiq göstərmək və döyüşlərin dayandırılmasına nail olmaq zəruridir”, - deyə Starmer vurğulayıb.Avropa və ABŞ Rusiyanın müharibə iqtisadiyyatını tükətmək məsələsində nəhayət, vaxtında ortaq məxrəcə gələ biləcəkmi?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuzun fikrincə, ABŞ və Avropanın qarşıya qoyduğu məqsəd təkcə Rusiyanın müharibə iqtisadiyyatını çökdürmək deyil. Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, ABŞ və Avropa Rusiyanı bütövlüklə iqtisadi cəhətdən çökdürmək istəyirlər: “Bu isə ilk növbədə dünyanın enerji bazarını Rusiyanın üzünə bağlamaqdır. Qlobal enerji bazarı təkcə Qərbin inhisarında olmadığından bu hədəfi reallaşdırmaq o qədər də asan olmayacaq. Çünki indiki vəziyyət 1990-cı illərdən fərqlənir. SSRİ-nin dağıldığı zamanlar Uzaq Şərq ölkələri indiki qədər güclü deyildi. Çin yeni-yeni ABŞ-la diplomatik münasibətlərini bərpa edib onunla iqtisadi inteqrasiyaya başlamışdı. Buna görə də ABŞ-ın çəkdiyi cızıqdan kənara çıxa bilmirdi. Üstəlik, onun üzərinə qoyulan bir vəzifə vardı - Rusiyadan uzaq dayanmaq. İqtisadi cəhətdən Qərb investisiyalarından asılı olduğundan Pekin onun üçün hazırlanan bu missiyadan boyun qaçırmaq gücündə deyildi. İndi isə ABŞ və Qərb sərmayələri ilə inanılmaz tərəqqi prosesi keçirən Çinin öz maraqları meydana gəlib və istər-istəməz müstəqil hərəkət etməkdə maraqlıdır. Eyni sözləri Hindistan üçün də deyə bilərik. Statistik rəqəmlərə inansaq, Çin 2025-ci il etibarilə gündə təxminən 16,4 milyon barel neft istehlak edir və bu, ona dünyanın ən böyük ikinci neft istehlakçısı adı qazandırıb. Hindistan isə gündə təxminən 5,6 milyon barel neft istehlak edir. Dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ-ın gündəlik neft hasilatına nəzər salanda isə görürük ki, bu rəqəm hardasa 19,6 ilə 20 milyon barel arasında dəyişir. Belə anlaşılır ki, Çinlə Hindistanın enerji istehlakları bir yerdə ABŞ-ı üstələyir. Bu isə Uzaq Şərqdə yeni neft bazarının ortaya çıxmasını tətikləyir”. 

Hazırda qlobal neft və qaz satışlarının 50%-dən çoxunun Nyu-York Ticarət Birjası (NTMEX) və London Qitələrarası Birjasında (ICE Futures Europe) reallaşdığını xatırladan həmsöhbətimiz bildirdi ki, Uzaq Şərqdə enerji tələbatının yüksək olması yeni enerji bazarlarının da meydana çıxmasına zəmin hazırlayır: “Hazırda Sinqapur Ticarət Birjası (SGX) və İran Neft Birjası (IOB) kimi xırda bazarlar bu tələbatı ödəmək gücündə deyil. Üstəlik, Qərbin sıxışdıraraq Asiyaya yaxınlaşdırdığı Çin və Hindistan öz ehtiyaclarının mühüm qismini birbaşa Rusiyadan alır. Bu da onlara imkan verir ki, yeni neft bazarı kimi ortaya çıxsınlar. Və artıq onların bu təşəbbüslə çıxış etdiyi də gözlərdən yayınmır. Bilirsiniz ki, Hindistan Rusiyadan aldığı nefti rafinə edərək hətta Avropa ölkələrinə də satırdı. ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, Hindistan bu işdən əl çəkmədi və hətta ŞƏT sammitində aktiv iştirak edərək geosiyasi oriyantasiyasını dəyişdirə biləcəyi siqnallarını verdi. Çin rafinə etdiyi rus neftini başqa bazara satmaq ehtiyacı olmadığından daxili tələbatını bu yolla ödəyir. Eynilə qardaş Türkiyənin də artıq neft və qaz mərkəzinə çevrilmək istiqamətində addımlar atmağa hazırlaşdığı da gözlərdən yayınmır. Bu isə o deməkdir ki, artıq enerji bazarı anqlosakson ittifaqın nəzarətindən tam çıxır. Nəticədə Rusiyanı iqtisadi cəhətdən çökdürmək də çətinləşir”. 

Bununla belə, Heydər Oğuzun fikrincə, Rusiyanı çökdürməyin yolu tam bağlanmayıb da: “Rusiyaya qarşı iqtisadi və hərbi savaş birlikdə aparılarsa, yəni hibrid müharibə nəticəsində Qərb ölkələri öz hədəflərinə çata bilərlər. Amma bunun üçün özləri də qollarını çırmalayıb Ukrayna ilə birlikdə savaşmalıdırlar. Avropalılar isə bundan çəkinirlər. Çünki rifah içində yaşamağa öyrəşiblər və bu konfortlarını əldən vermək istəmirlər. Ona görə də yenə ABŞ-ın himayəsinə sığınıb Vaşinqtonun arxasında gizlənməyə çalışırlar. Vaşinqton isə artıq bu humayədarlığı yürüdə bilmir. Məncə, Avropa özündən qaynaqlanan bu müftəxorluğundan əl çəkmədikcə, öz avantajlarını tamamilə itirib dünya hegemoniyası səhnəsindən çəkiləcəklər. Başqa sözlə, bu gün Avropada yaşanan siyasi, hərbi və iqtisadi böhran yalnız Ukrayna ilə bağlı deyil. Daha çox Avropanın dişsizliyi ilə bağlıdır. Dünyanın nizam tarixinə nəzər salanda görürük ki, dişsiz siyasətlə uzağa getmək olmaz. Əvvəl-axır yeni ortaya çıxan dövlətlərin yeminə çevrilə bilərsən. Qısası, Avropada yaşananlar blef deyil, çarəsizlikdir”.

E.MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR