İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ Cənubi Qafqazı İsrailin nəzarətinə verir” iddiası

Bəs yəhudi ölkəsinin regionda möhkəmlənmək istəyi hansı gərginliklər yarada bilər?

Donald Trampın Qəzza sammitinə Azərbaycanın dövlət başçısını da dəvət etməsi və İlham Əliyevə xüsusi diqqət ABŞ-nin Cənubi Qafqazla bağlı yeni prioritetləri haqda iddiaları artırıb.

Stenford Universitetinin politologiya üzrə professoru Artur Xaçikyan ABŞ-nin Cənubi Qafqaz regionunda yeni prioritetləri haqda iddialar irəli sürüb. “ABŞ-nin bölgəmizdəki prioriteti onu türk hegemonluğu, Türkiyə və İsrailin nəzarəti altına salmaqdır. Türkiyə və İsrail ABŞ-nin Cənubi Qafqaz və Yaxın Şərqdəki əsas müttəfiqləridir. Bu müttəfiqlər vasitəsilə ABŞ öz məqsədlərinə çatır: İranı zərərsizləşdirmək, Rusiyanı zərərsizləşdirmək, Qərbə neft və qaz nəql etmək, İsrailin hegemonluğunu qurmaq və İsrailə müqavimət göstərən sonuncu rejimi - İranı məhv etmək”, - deyə erməniəsilli amerikalı professor deyib.

Böyük Britaniyanın Azərbaycana (həm də Ermənistana) silah embarqosunu ləğv etməsi barədə danışan Xaçikyan ingilislərin Azərbaycanın neft-qaz sənayesinə ən böyük sərmayəçi olmasının yada salıb. Onun sözlərinə görə, bu fakt da açıq şəkildə göstərir ki, Böyük Britaniyanın Cənubi Qafqazda strateji prioritetləri müttəfiqi ABŞ ilə eynidir, əsas “stavka” yenə Azərbaycan və Türkiyəyədir.

Yada salaq ki, İsrail nəşrləri hökumət rəsmilərinə istinadən Azərbaycanın Qəzza zolağında təhlükəsizliyin təmin edilməsinə kömək edəcək Beynəlxalq Stabilləşdirmə Qüvvələrinə (ISF) qoşun yerləşdirməyə razılaşdığını iddia edib. Qafqazda formalaşan yeni güc balansı xüsusilə Rusiyanı narahat edə bilər. Vaşinqtonun bölgədəki təsirlərini Türkiyə ilə İsrail arasında bölüşdürə bilməsi ehtimalı var. İsrailin Cənubi Qafqazda həyati əhəmiyyətli strateji maraqları var. Bakı-Yerusəlim yaxınlığı ABŞ-nin bölgədəki maraqlarına cavab verir.

Vaşinqton hələ 1990-cı illərin əvvəllərində Türkiyə, Azərbaycan və İsraillə üçtərəfli münasibətlərin inkişafına çalışırdı. Daha sonra buraya Gürcüstan da əlavə olunmuşdu. Lakin 2008-ci ildə Rusiyanın Gürcüstanı işğal etməsi, daha sonra isə İsrail-Türkiyə münasibətlərinin korlanması sanki bu işi yarımçıq qoydu.

44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan-İsrail münasibətləri regional təhlükəsizlik baxımından vacib hesab olunur. İsrailin neftə olan tələbatının 40%-i Azərbaycanın hesabına ödənir və Azərbaycan nefti İsrailə Bakı-Tiflis-Ceyhan boru xətti vasitəsilə çatdırılır.

Onu da demək yerinə düşər ki, rəsmi Bakı Yaxın Şərqdə sülhə nail olmaq üçün mərkəzi güc kimi çıxış edir. Faktiki olaraq toqquşan bütün tərəflər dialoq platforması kimi Azərbaycanı seçirlər.

Bəs yuxarıdakı iddia nə qədər realdır? Türkiyə aydındır, İsrailin regionda möhkəmlənmək istəməsi hansı gərginliklər yarada bilər? ABŞ-nin bu planına Rusiya və İranın reaksiyaları necə, riskli ola bilərmi?

Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi  müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

Murad Sadəddinov

Analitik Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu fikri irəli sürənlər Ermənistanda qərəzli qüvvələrdir. Onun fikrincə, İsrail barədə iddia Azərbaycanın ənənəvi müttəfiqi Türkiyə ilə əlaqələrini pozmağa hesablanmış bir ideya kimi ortaya atılıb: “Eyni zamanda İranla yaxşılaşmaqda olan münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Ümumiyyətlə, İsrailin xarici siyasəti birbaşa öz ətrafında baş verən proseslərlə qarışıqdır. Belə bir mərhələdə İsrailin Cənubi Qafqaza nəzarət imkanı və potensialı yoxdur. Çünki İsrail öz ətrafı ilə bağlı danışıqlar aparır, beynəlxalq aləmlə konfliktdədir. Həmçinin İsrail sərhədi olmayan bir regiona təsir etmək gücünə malik deyil, üstəlik, bunun ənənəsi yoxdur”.

Onun sözlərinə görə, ABŞ-nin Cənubi Qafqazda Türkiyənin imkanlarından istifadə etməsi göz qabağındadır və bu məsələləri Ankara ilə müzakirə edir: “Xüsusən də Respublikaçıların iqtidarda olduğu vaxtda Vaşinqton çalışır ki, Ankara ilə bizim bölgəni müzakirə etsin. Bu da açıq şəkildə özünü göstərməkdədir. Amma İsrail haqda səslənən iddialar yersizdir və hər hansı ciddi arqumentlərə də söykənmir”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, İsrail Türkiyə və İranın olduğu regionda təsir imkanlarını artırmağa çalışa bilər, amma bunu Azərbaycan üzərindən həyata keçirməsi mümkünsüzdür. Onun sözlərinə görə, Azərbaycan İsrail-Türkiyə, İsrail-Suriya danışıqlarına ev sahibliyi edib, lakin bu dövlətin Cənubi Qafqazda güclənməsi üçün hər hansı missiya yerinə yetirmir: “Azərbaycan İsraillə olduqca dərin və güclü əlaqələrə sahibdir. Bu, bizim uğurumuzdur. Son aylarda isə yəhudilərin dəstəklədiyi Trampla Azərbaycan rəhbərliyi arasında yüksək səviyyəli əlaqələr İsraillə münasibətlərimizi daha da inkişaf etdirib. Məlumdur ki, Azərbaycanın "İbrahim sazişi" adlanan layihəyə qoşulması müzakirələri gedir və ölkəmizə dəvət də gəlib. Ancaq Azərbaycan hələ tələsmir. Çünki Türkiyə və İran faktorları var".

Ekspertə görə, Qəzzada baş verənlər səbəbindən İsrailin hazırkı imici heç də yaxşı deyil, ona görə də rəsmi Bakının tezliklə qərar verəcəyini gözləmir. Təhlilçi beynəlxalq münasibətlərin qarışıq vaxtında Azərbaycanın kifayət qədər bəyənilən siyasət yürütdüyünü düşünür: “Dövlət Türkiyə və İran amillərini nəzərə alaraq, İsraillə əlaqələrdə olduqca praqmatik yanaşma ortaya qoyur. Unutmayaq ki, İrandan Azərbaycana "sionizm" ittihamları yağdırılıb, Türkiyədə bəzi media resursları əleyhimizə kampaniya aparıb, Qəzza hadisələrinə görə İsraillə əlaqələrimiz tənqid olunub, lakin rəsmi Bakı doğru mövqedə dayandığını həm də Qəzza sammitində iştirakı ilə nümayiş etdirdi".

R.Məmmədovanın zənnincə, erməni şərhçilərin analizləri Tehranın diqqətini cəlb etməyə hesablana bilər: “Halbuki Azərbaycan Cənubi Qafqazda addımlarını Türkiyə ilə koordinasiya edir. ABŞ da NATO-nun cənub cinahını Türkiyəyə həvalə edib. Yəni bu regionda Türkiyə güclüdür və amerikalılar üçün nəzarət edən tərəf qardaş ölkədir. Bundan əlavə, Ankara və Tehran İsrail məsələsində mövqelərini tutuşdurur. Hər iki qonşu dövlət Cənubi Qafqazda yəhudi ölkəsinin təsirlərinin artmasında maraqlı deyil. İsrailə birmənalı münasibətin olmadığını Azərbaycan da bilir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR