Onlayn ictimai-siyasi qəzet
ABŞ-da üç lider - İlham Əliyev, Donald Tramp və Nikol Paşinyan arasında tarixi görüş reallaşdı. Görüşdən bir gün öncə "Reuters" agentliyinin yaydığı məlumatda deyilirdi ki, Ağ Evdə Azərbaycan və Ermənistan arasında uzun müddətdir aparılan danışıqların nəticəsi olaraq çox mühüm sənəd - “Sülh çərçivə sənədi” imzalanacaq. Məlumatda həmçinin qeyd olunurdu ki, bu sənəd hələ sülh sazişi deyil, lakin sazişə hazırlıq üçün hüquqi və siyasi bazanı müəyyən edən əsaslı bir sənəd olacaq. Bu, regionda ABŞ-ın birbaşa diplomatik iradəsi və vasitəçiliyi ilə atılmış ən ciddi addım kimi qiymətləndirilir.
Əldə olunan razılaşmaya əsasən, ATƏT-in 30 ildən artıq fəaliyyət göstərmiş Minsk Qrupunun mandatı və fəaliyyəti tamamilə dayandırılacaq. Bu qərar ABŞ-ın indiki administrasiyasının Tramp dövründəki “faydasız strukturların ləğvi” strategiyasının davamı kimi təqdim olunur. Minsk Qrupu faktiki olaraq artıq uzun müddətdir işləmir və indi rəsmi olaraq diplomatik tarixə çevrilir.
Ən diqqətçəkən məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. "Reuters"in məlumatına görə, dəhlizin idarəsi və təhlükəsizliyi ABŞ-a bağlı özəl şirkətə təhvil veriləcək. Həmin dəhliz bundan sonra “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” - Trump Route for International Peace and Prosperity (TRIPP) adlandırılacaq. Bu ad Donald Trampın diplomatik təşəbbüsü və şəxsi nümayəndəsi Stiv Vitkoffun vasitəçiliyi ilə aparılan proseslərə simvolik töhfə kimi qəbul olunur. Ekspertlər bu addımı Zəngəzur dəhlizinin beynəlmiləlləşməsi və regionda Qərbin iştirakı ilə yeni siyasi xəritənin formalaşması kimi qiymətləndirirlər.
Bu hadisə Cənubi Qafqazda yeni dövrün başlanğıcı, Rusiya və İranın bölgədəki təsirinin zəifləməsi, Azərbaycan diplomatiyasının isə yeni uğuru kimi dəyərləndirilir. Elə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də deyib ki, Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək və o gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq.
Maraqlıdır ki, görüşdən iki gün öncə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Putinlə Moskva görüşündə təkcə ABŞ-la siyasi münasibətləri deyil, həm də Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi geniş müzakirə olunub. Mənbələrin bildirdiyinə görə, Vitkoff Kreml rəhbərini Vaşinqtonda sülh təşəbbüsləri və üçtərəfli danışıqlar perspektivləri barədə məlumatlandırıb. Həmçinin Tramp administrasiyasının Azərbaycan və Ermənistan arasında gedən danışıqları dəstəklədiyi xüsusi vurğulanıb. Bildirilir ki, Vitkoff görüş zamanı Cənubi Qafqazda sabitliyin qorunmasının Tramp üçün strateji əhəmiyyət daşıdığını və bu baxımdan Bakı-İrəvan xəttində aparılan diplomatik səylərin Tramp tərəfindən yaxından izlənildiyini bildirib.
Bu prosesin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 7-də Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff ilə görüşü olub. Əvvəlcə dövlət başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Ardınca yayılan məlumatlardan aydın olub k, Tramp “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq. Prezident İlham Əliyevlə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olan bu sənəd 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş sayılır.
Daha sonra ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında gözlənilən sülh sazişi və Zəngəzur dəhlizi məsələsinə dair yeni açıqlama yayıb. Brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Pigott Vaşinqtonun bu prosesi yaxından izlədiyini və qətiyyətlə dəstəklədiyini bildirib. “ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio dəfələrlə bu sülh sazişinin yaxın vaxtlarda imzalanacağına ümid etdiklərini bəyan ediblər. Onlar çıxışlarında bu məqama xüsusi vurğu edirlər. Dövlət katibi bu mövzunu hər fürsətdə önə çəkir”, - deyə Tommi Pigott bildirib.
Ən nəhayət, Ağ Ev lideri özü açıqlama ilə çıxış edib. “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm”. Tramp öz “Truth” hesabında belə yazıb. Tramp hər iki xalqın uzun illərdir ki, müharibə apardığını və bunun da minlərlə insanın ölümü ilə nəticələndiyini bildirib. “Bir çox lider bu müharibəni dayandırmağa çalışıb, amma indiyə qədər heç bir nəticə əldə olunmayıb. Bu isə ”Trump" sayəsində mümkün oldu. Mənim Administrasiyam uzun müddətdir ki, hər iki tərəflə təmasdadır. Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh sazişinin imzalanması üçün mənə qoşulacaqlar", - deyə Tramp qeyd edib. O bildirib ki, Birləşmiş Ştatlar həmçinin iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq. “Birləşmiş Ştatlar həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq ki, bu da iqtisadi imkanları birgə araşdırmağa və Cənubi Qafqaz regionunun tam potensialını ortaya çıxarmağa imkan verəcək. Mən bu cəsarətli liderlərlə Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün iş gördüklərinə görə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq”, - deyə Tramp əlavə edib.
ABŞ-nin Dövlət katibi Marko Rubio da jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında saziş və sülh müqaviləsinin başlanğıcı olacaq bir razılaşma imzalanacaq. O bildirib ki, Prezident Tramp sülhə sadiqdir və buna başlamağa qərarlıdır.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlunun fikrincə, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakıyla Azərbaycan və Ermənistan liderləri arasında imzalanacaq müxtəlif sənədlərə Moskva və Tehranın reaksiyası önəmlidir: “Kreml Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla imzalayacaqları strateji tərəfdaşlıq sazişlərinin əleyhinə çıxa bilməyəcək. Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtonda imzalanacaq sazişlərə qarşı açıq-aşkar bəyanat yayması ehtimalı azdır. Çünki Rusiya Prezidenti Vladimir Putinin özü Ukrayna mövzusuyla bağlı Donald Trampla sıx təmas içindədir və iki liderin yaxınlarda görüş ehtimalı var. Belə vəziyyətdə Rusiyanın ABŞ-ın Cənubi Qafqazda sülh yaratmaq təşəbbüslərinə mane olması Putinin Tramp əleyhinə siyasət yürütməsi anlamına gələr ki, Kreml sahibi buna risk etməyəcək”.
Onun sözlərinə görə, buna baxmayaraq, Kreml nəzarətindəki media və şovinist qruplar vasitəsilə ABŞ-la saziş imzalayan Azərbaycan və Ermənistan əleyhinə təbliğatı gücləndirə bilər: “Eyni ilə Tehran da birbaşa Vaşinqtondakı razılaşmaların əleyhinə çıxmayacaq. Əksinə İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla sıx əlaqələrin tərəfdarıdır”.
Məhəmməd Əsədullazadə
Siyasi ekspert Məhəmməd Əsədullazadə isə hesab edir ki, 10 noyabr sənədi fiaskoya uğradı: “Məhz bəyannamənin 9-cu bəndi Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmləndirmək və Orta dəhlizə nəzarət mexanizmini nəzərdə tuturdu. Rusiyanın Cənubi Qafqaz regionuna öz arxa bağçası kimi baxması, Azərbaycan və Ermənistan arasında sülhə imkan verməməsi proseslərin Kremlin nəzarətindən çıxması ilə nəticələndi. ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində proseslərə ədalətli yanaşdı. Məhz Azərbaycan prezidenti cənab İlham Əliyevin təkliflərini Tramp məqbul hesab etdi”.
Təhlilçi Asif Nərimanlıya görə, bu, təkcə Bakı-İrəvan xəttində hadisələrin inkişafını yox, bütövlükdə Cənubi Qafqazdakı güc balansını müəyyənləşdirəcək: “Tərəflər arasındakı ziddiyyətlər, xüsusilə Ermənistan konstitusiyasının dəyişdirilməsinin açıq qalması fonunda yekun sülh sazişinin imzalanması mümkün görünmür. Lakin Vaşinqtonda sülhlə bağlı sənədin imzalanması ehtimalı böyükdür. Vaşinqton görüşü ümumilikdə Bakı-İrəvan münasibətlərinin bərpasında tarixi rol oynaya bilər, hərçənd, regionda kəskin qarşıdurmaya zəmin yarada biləcəyi də aydın görünür”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ