İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağ günə çıxmağa ümid edirdim, özümü Ağır Cinayətlərdə tapdım” – arestant müəllim danışdı

Vəzifədən sui-istifadə, dələduzluq və bu kimi digər ağır cinayətlərlə ittiham olunan Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadə verib.

Təqsirləndirilən şəxs Ramis Hümmətov özünü təqsirli hesab etmir.

“Mən qayda-qanundan kənar heç bir şey etməmişəm. Bəli, Eyvazla görüşmüşəm. O da sadəcə 1 həftə. Həmçinin telefon danışıqları olub aramızda. Ondan sonra əlaqəmiz kəsilib. Eyvazın ünvanlı sosial yardım düzəltdiyindən isə xəbərim yox idi”, - deyə o bildirib.

Ramis Hümmətovun vəkili bildirib ki, iş materiallarına əsasən, Ramis Hümmətov Eyvaz, Təranə və Nigardan başqa heç kim tanımır.

Daha sonra təqsirləndirilən şəxs Eyvaz Niftalıyev sərbəst ifadə verib. O, ittiham üzrə özünü təqsirli hesab etdiyini açıqlayıb:

“Sosial şəbəkələrdə, xüsusilə də “TikTok”da canlı açaraq ünvanlı sosial yardım haqqında məlumat verirdim. Mənə VÖEN haqqında bilən və kredit götürməyə kömək edən biri lazım idi. Məqsədim kredit götürmək idi. Mənə Ramisin nömrəsini verdilər. Ramisə 3 aylıq fiziki şəxs kimi etibarnamə göndərmişdim. Əlavə olaraq, az-az, ümumilikdə Ramisə 7 min manata qədər pul vermişəm. Mən özümü sadəcə olaraq 3 mövzuda, məsum insanları aldatdığıma, Ramisə etibarnamə verdiyimə və onun vədinə inanaraq Bakıya gəldiyim üçün təqsirli bilirəm. Ağ günə çıxmağa ümid edərkən özümü Ağır Cinayətlərdə tapdım”.

Prosesdə zərərçəkən qismində Nuranə Şərafətova və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı iştirak edib.

Fondun əməkdaşı da təqsirləndirilən şəxslərə suallar verib.

Zərərçəkənlərdən Nuranə Şərafətova təqsirləndirilən şəxslər tərəfindən ona 2300 manat məbləğində ziyan vurulduğunu bildirib. Lakin pulu karta atdığı üçün dəqiq kimə göndərdiyini bilmir.

Növbəti məhkəmə iclası iyulun 17-nə təyin edilib.

Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisi olub. Eyvaz Niftəliyev isə Şamaxı rayonunda müəllim işləyib, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunub.

İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyev barəsində Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov barəsində isə Cinayət Məcəlləsinin dələduzluq və digər maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb. Eyvaz Niftaliyev barəsində həbs qətiimkan, Ramis Hümmətov barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

İnarə Hünbət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR