Onlayn ictimai-siyasi qəzet
Zəlzələlər təmiz və hələ tam qiymətləndirilməmiş enerji mənbəyi olan təbii hidrogenin əldə olunmasında mühüm rol oynaya bilər.
Məlumata görə, ABŞ-nin Viskonsin Universitetinin tədqiqatçıları apardıqları araşdırmalardan sonra bu qənaətə gəliblər.
Uzun müddətdir məlumdur ki, zəlzələlər Yer qabığındakı gərginliyi azaldır. Lakin alimlər bu prosesin daha vacib və perspektivli nəticələrə də yol aça biləcəyini düşünürlər.
"Zəlzələ zamanı müəyyən kimyəvi reaksiyalar baş verir və nəticədə molekulyar hidrogen yaranır. Bu hidrogen gələcəkdə ekoloji baxımdan təmiz enerji mənbəyinə çevrilə bilər. Bu prosesin əsasında kvars adlı mineral dayanır. Qayalar deformasiyaya uğradıqda kvars aktivləşir və mexaniki enerjini kimyəvi enerjiyə çevirir. Bu da öz növbəsində su molekullarını hidrogen və oksigenə parçalayır", - deyə tədqiqatçılar bildirirlər.
Alimlərin fikrincə, aktiv geoloji qırılma zonalarında kvarsın iştirakı ilə su molekullarından əhəmiyyətli miqdarda hidrogen ayrılır. Bu, "tektonik hidrogen" adlanır və yalnız enerji mənbəyi kimi yox, həm də seysmik aktivliyin göstəricisi kimi istifadə edilə bilər.
"Qırılma zonalarında hidrogenin yüksək konsentrasiyası yaxınlaşmaqda olan zəlzələlər barədə xəbərdarlıq siqnalı ola bilər və bu, erkən müdaxilə imkanlarını artırır", - deyə məqalədə vurğulanır.
Əlavə olaraq, təbii hidrogen təkcə enerji baxımından deyil, bioloji cəhətdən də böyük əhəmiyyət daşıyır. Yeraltı buzlaqlar və qayalar arasındakı sərt şəraitdə yaşayan mikroorqanizmlər məhz bu hidrogen də daxil olmaqla müxtəlif kimyəvi enerji mənbələri ilə qidalanaraq həyatlarını davam etdirirlər.//Oxu.az
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ