Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı məlumat yayıb.
Musavat.com xəbər verir ki, agentlik bildirir ki, əlaqədar qurumların iştirakı ilə regional əlaqələndirmə mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür.
Xatırladaq ki, təxminən 10 gün öncə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bu məsələ ilə bağlı ciddi xəbərdarlıq etmişdi. O, sosial şəbəkə və media vasitəsilə dezinfeksiya işlərinin formal xarakter daşıdığını, yerli əhalinin isə “öz gücü ilə” primitiv üsullarla mübarizə apardığını bildirmişdi.
AQTA-nın açıqlamasına münasibət bildirən Samir Əsədli qurumun problemin mövcudluğunu qəbul etməsini müsbət addım kimi qiymətləndirib, lakin bunun yetərli olmadığını deyib:
“Bəzən bir çox qurumlar problemi ümumiyyətlə inkar edir, təhlükəni görməzdən gəlir. Bu baxımdan AQTA-nın açıqlamasını təqdir etmək olar. Amma problemi qəbul etmək hələ onun həlli demək deyil. Açıqlamada ‘yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər’ ifadəsi göstərir ki, görüləcək tədbirlər yetərli olmayacaq.”
VHP funksioneri əlavə edib ki, qəhvəyi mərmər bağacığı ilə bağlı təhlükə yeni deyil:
“Azərbaycanda alimlər illərdir xəbərdarlıq edirlər. Zoologiya İnstitutunun materiallarında bu zərərvericinin kənd təsərrüfatı üçün ciddi təhlükə yaratdığı qeyd olunub. Amma həmin xəbərdarlıqlar kabinetlərdə itib-batır, tədbir planları isə kağız üzərində qalır. İndi AQTA sağlamlıq risklərini bəhanə gətirərək məsuliyyətdən yayınmaq istəyir. Bu nə münasibətdir? İndi ötən əsrin 60-70-ci illəridir ki primitiv dezinfeksiya işləri görülsün? Müasir dərmanlar və avadanlıqlar var. AQTA büdcə pullarını nəyə sərf edib ki, bu avadanlıqlara sahib deyil?”
Əsədli bildirib ki, hazırda vətəndaşlar “öz evlərindəki iyli işğalçıya qarşı tək qalıblar”:
“Lazımi tədbirlər görülməsə, bu səssiz təhlükə sadəcə bağları deyil, bütün bir regionun ekoloji balansını məhv edəcək.”
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ