Onlayn ictimai-siyasi qəzet
Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına alınan akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirləndirilir: 278.1, 274 və 193-1.3.2-ci maddələr.
278.1-ci maddə Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Musavat.com Medianews.az-a istinadən bildirir ki, Ramiz Mehdiyevin cəzası təkcə bununla bitməyə bilər. Ona əlavə cəza tətbiqi də mümkündür. Ramiz Mehdiyevin xüsusi rütbəsi və dövlət təltifləri var. O, həqiqi dövlət müşaviridir. Həqiqi dövlət müşaviri - Azərbaycanda dövlət qulluğunda və xüsusi dövlət xidmətlərində müəyyən edilmiş ən yüksək xüsusi rütbədir.
Ramiz Mehdiyev Azərbaycanın yüksək dövlət mükafatları -“Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Cinayət Məcəlləsinin 43-cü maddəsinə görə, əlavə cəza kimi xüsusi və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə cəzası da tətbiq edilə bilər. Bu zaman rütbə vermiş və təltif etmiş instansiyanın məhkəməyə təqdimatı əsas götürülür.
Beləliklə, Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 278.1, 274 və 193‑1.3.2-ci maddələri ilə irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilərsə, hökm təkcə həmin maddələrdə nəzərdə tutulan cəzalarla yekunlaşmaya bilər. Rütbə vermiş və təltif etmiş instansiyanın məhkəməyə təqdimatı olarsa, onda məhkəmə həmin təqdimatı əsas götürüb, Cinayət Məcəlləsinin 43-cü maddəsi ilə əlavə cəza da müəyyənləşdirə, Ramiz Mehdiyevi həqiqi dövlət müşaviri xüsusi rütbəsindən və ordenlərdən məhrum edə bilər.
Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasını bitirib. Fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
Sovet dövründə Azərbaycanın komsomol və partiya təşkilatlarında məsul vəzifələr tutub, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, katibi olub.
1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.
1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. 2019-cu il oktyabrın 23-dən Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvüdür.
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ