Onlayn ictimai-siyasi qəzet
“Əliyev–Tramp görüşündən dərhal sonra Amerika Erməni Assambleyasının bəyanatla çıxış etməsi təsadüfi deyil - bu, klassik erməni diplomatik taktikasının növbəti təzahürüdür”.
Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bildirib.
Ekspert qeyd edib ki, Ermənistan və onun diaspor dairələri hər dəfə Azərbaycan beynəlxalq arenada mühüm diplomatik uğur qazananda diqqəti yayındırmaq və məsələni emosional müstəviyə çəkmək üçün belə addımlara əl atırlar:
“ABŞ-da keçirilən görüş və orada Azərbaycanın sülh prosesində konstruktiv mövqe nümayiş etdirməsi, təbii ki, erməni lobbi strukturlarını narahat edib. Onlar bu dəfə də “xristian girovlar” kartını oynayaraq Tramp administrasiyasına təsir etməyə çalışırlar”.
T.İsmayılov bildirib ki, Erməni Milli Assambleyasının Bakıda mühakimə olunan separatçıların azad olunması ilə bağlı bəyanatı məhz Qəzza sammiti ərəfəsində yayması da təsadüfi deyil:
“Məqsəd həm beynəlxalq ictimai rəydə paralel assosiasiya yaratmaq, həm də Trampın humanitar məsələlərdəki uğurlarını siyasi manevrlə öz maraqları üçün istifadə etməkdir. Yəni onlar Trampın Qəzzada girov azadlığını “nümunə” kimi göstərib, Bakıya təzyiq üçün mənasız müqayisə qururlar. Halbuki, Azərbaycan ərazisində saxlanılan şəxslər sıravi dinc sakinlər deyil, konkret cinayətlər törətmiş, hərbi əməliyyatlarda iştirak etmiş şəxslərdir”.
STM əməkdaşıq xatırladıb ki, Azərbaycanın mövqeyi prinsipial və hüquqidir:
“Bu şəxslər barəsində cinayət işi başlanılıb və məsələ istintaq çərçivəsindədir. Burada nə dini, nə etnik, nə də siyasi motiv var – yalnız hüquqi məsuliyyət var. Amma Ermənistan tərəfi həmişə olduğu kimi, hüquqi müstəvini tərk edib emosional təbliğat meydanına qaçır. Bu, həm də onların beynəlxalq arenada hüquqi arqumentlərinin zəifliyini göstərir.
Trampla Əliyevin Misirdə görüşü və regional sabitliklə bağlı müzakirələri fonunda belə bir bəyanatın səslənməsi, əslində, Ermənistanın siyasi panikasını əks etdirir. Çünki Bakı artıq diplomatik təşəbbüsləri tam öz əlinə alıb, Qərblə dialoqu açıq və bərabərhüquqlu əsasda aparır. Bu, erməni lobbilərinin illərlə qurduğu stereotipləri dağıdır”.
Siyasi ekspert vurğulayıb ki, bu gün Ermənistanın xarici təbliğatı köhnə ritorikaya əsaslanır:
“Guya “xristian xalq” zülmə məruz qalır və “böyük dövlətlər” müdaxilə etməlidir. Amma dünya dəyişib, indi hüquqi legitimlik və beynəlxalq sülh prinsipləri əsas meyardır. Bakı da məhz buna əsaslanır. Erməni təşkilatının məqsədi həm də ABŞ-da keçiriləcək seçkilər ərəfəsində erməni diasporunun səslərini qorumaq və Trampı öz tərəflərinə çəkməkdir. Lakin bu, nə diplomatik, nə də hüquqi baxımdan nəticə verəcək. Tramp, reallıqda, Azərbaycanın regional sabitlikdəki rolunun fərqindədir və Vaşinqton üçün Bakı strateji tərəfdaşdır. Ən əsası, Ermənistanın belə bəyanatlarla özünü beynəlxalq gündəmdə saxlamaq cəhdləri uzunmüddətli effekt verməyəcək. Çünki regionda prosesləri indi Bakı müəyyənləşdirir, oyun qaydalarını isə güclü olan tərəf – Azərbaycan yazır”.
Tural İsmayılov yekunda bildirib ki, bu bəyanat sadəcə informasiya manipulyasiyasıdır:
“Ermənistan diplomatiyası yenə duyğularla siyasət qurmağa çalışır, amma artıq dövr dəyişib – indi reallıq və güc siyasəti danışır. Azərbaycanın mövqeyi açıq, əsaslı və sabitdir. Ermənistanın bu tipli bəyanatları isə yalnız onun zəifliyinin, təşvişinin və diplomatik tükənmişliyinin göstəricisidir”.
E.Paşasoy,
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ