İnsanlara hürriyət, millətlərə istiqlal!

Odessada sarsıdıcı qərarlar: Zelenski hərbi administrasiya yaratdı

Ukrayna prezidenti Volodimir Zelenski Odessada şəhər hərbi administrasiyası yaradıb və onun rəhbəri vəzifəsinə Sergey Lısakı təyin edib. Lısak bundan əvvəl Dnepropetrovsk vilayətinin hərbi administrasiyasına rəhbərlik edib, ondan əvvəl isə Ukrayna Təhlükəsizlik Xidmətində (SBU) yüksək vəzifələr tutub.

Musavat.com xəbər verir ki, bu barədə fərman prezidentin rəsmi saytında dərc olunub.

Hərbi administrasiyanın yaradılması barədə xəbərin öncəsi Odessa meri Gennadi Truxanovun Ukrayna vətəndaşlığından məhrum edilməsi olub. Bu barədə məlumat bir gün əvvəl yayılıb. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Truxanov Rusiya vətəndaşıdır və etibarlı rus xarici pasportuna malikdir. Onunla yanaşı, Rusiya işğalını dəstəkləmiş keçmiş deputat Oleq Tsaryov və balet rəqqası Sergey Polunin də vətəndaşlıqdan məhrum ediliblər.

Zelenski 14 oktyabr axşamı yayımladığı videomüraciətində Odessanı xatırladaraq deyib:

“Odessa daha çox müdafiə və dəstəyə layiqdir. Bunu hərbi administrasiya formatında həyata keçirmək mümkündür - Odessada təhlükəsizliklə bağlı çoxsaylı məsələlər uzun müddət cavabsız qalıb. Bütün effektiv qərarlar qəbul ediləcək. Yaxın zamanda hərbi administrasiyanın rəhbərini təyin edəcəyəm”.

2014-cü ildən bəri Odessanın meri olan Gennadi Truxanov isə Rusiya vətəndaşlığına malik olduğunu inkar edir və prezidentin qərarını “özbaşınalıq” adlandırır. Onun sözlərinə görə, irəli sürülən ittihamlar “tələsik və sübutsuz şəkildə hazırlanıb”.

Bir sıra KİV və ictimai fəallar Truxanovun Rusiya vətəndaşlığına malik ola biləcəyi barədə bir neçə ildir yazırdılar, lakin bu məlumat rəsmi şəkildə indiyə qədər təsdiqlənmirdiJurnalist-araşdırmaçı Xristo Qrozev isə SBU-nun yayımladığı rus pasportunun saxta olduğunu və Rusiya tərəfindən Odessanın hazırkı meri əleyhinə aparılan əməliyyatın nəticəsi ola biləcəyini iddia edir. O, öz versiyasını sübut edən materialları 16 oktyabrda dərc etməyə söz verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR