İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhün məkanı mübahisə doğurdu: Moskva, Ankara, yoxsa Şuşa?

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda diqqətçəkən açıqlamalar verib. O bildirib ki, “Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır”.

Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir.

“Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb”, - deyə Mixail Qaluzin əlavə edib və tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb.

Göründüyü kimi, Rusiya Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsini məhz Moskvada imzalaması uğrunda mübarizəyə başlayıb. Üstəlik, Qaluzinin iddia etdiyi kimi, İrəvanla Bakı arasında artıq ciddi fikir ayrılığı qalmayıb. Sülh sazişinin imzalanması üçün isə Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbul ediləcəyini elan edib.

Yeni konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bənd çıxarıldıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün əsas maneə aradan qalacaq.
Digər mühüm məqam isə odur ki, Azərbaycan və Ermənistan liderləri sülh sazişinin mətnini avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə paraflayıblar.

Bəs Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin Rusiyada imzalanması ehtimalı nə dərəcədə realdır?

Bəzi analitiklərin fikrincə, bu məsələdə Moskva variantının reallaşma ehtimalı nisbətən azdır. Onların qənaətincə, sənədin imzalanması üçün Tiflis və ya Ankara daha real məkanlar kimi önə çıxır.

HESRET.jpg (90 KB)

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb:

“Qaluzinin bu təklifi əzrailin bala paylaması kimi bir şeydir. İstər Azərbaycan, istərsə də Ermənistan çalışır ki, Rusiyadan, Moskvadan uzaq dursun, amma bunlar yenə də yuyulmamış çömçə kimi özlərini ortalığa atmağa çalışırlar. Nə Azərbaycan, nə də Ermənistan bundan sonra öz aralarındakı məsələlərdə Moskvanı görmək istəyir. Biz başımıza gələn bütün bəlaların səbəbkarının Moskva, yəni rus dövləti olduğunu çox yaxşı bilirik. Sadəcə olaraq, ermənilər bir vaxtlar fitvaya gedib, SSRİ dağılandan sonra xam xəyallara düşmüşdülər. Ruslar isə onların bu xam xəyallarından məharətlə istifadə edərək bizi onilliklər boyu bir-birimizə düşmən kimi saxlamağı bacardılar. İndi isə Rusiya aradan çəkilib, görün, nə qədər mehribanlaşmışıq, yaxınlaşmışıq. Artıq bir-birimizlə danışıqları vasitəçisiz aparırıq.

Hətta Rusiya sülhməramlıları regiondan çıxandan sonra Ermənistan və Azərbaycan arasında bir dəfə də olsun atəş açılmayıb, bir güllə belə atılmayıb. Bu da onu göstərir ki, üçüncü tərəf kimi Rusiya bizi bilərəkdən düşmənə çevirmişdi.

İndi isə iddia edirlər ki, sülh müqaviləsi Moskvada bağlanmalıdır. Əsla və əsla! Azərbaycan da, Ermənistan da bu məsələdə ortaq mövqedə olmalı və bu müqaviləni heç bir halda Moskvada imzalamamalıdır. Moskvadan biz heç vaxt sülh görməmişik. Ümumiyyətlə, Moskvada sülhün mümkünlüyü ağlabatan deyil”.

Azər Həsrət sülh müqaviləsinin Şuşada imzalanması təklifini irəli sürüb:

“Düşünürəm ki, sülh müqaviləsini əlbəttə ki, qardaş Türkiyənin paytaxtı Ankara şəhərində bağlamaq daha münasib olardı. Amma hər iki xalq iradəsini toplayıb, bu düşmənçiliyə birdəfəlik son vermək niyyəti ilə sülh müqaviləsini məhz Şuşada imzalasa, bu, daha simvolik və dəyərli addım olar.

Qoy Ermənistan rəhbərliyi də öz heyəti və jurnalistləri ilə Şuşaya gəlsin, Azərbaycan rəhbərliyi də orada iştirak etsin və məhz Şuşada o illərlə davam edən ayrı-seçkiliyə, düşmənçiliyə birdəfəlik son qoyulsun. Mənə elə gəlir ki, bundan həm ermənilər, həm də azərbaycanlılar qazanacaq. Bu, həm Azərbaycana, həm də bütün dünyaya göstərəcək ki, bizi bölən, düşmən edən qüvvələr tarixə qovuşub və Ermənistan da artıq bunu qəbul edir. Bundan sonra bizim aramızda düşmənçilik olmamalıdır.

Sülh müqaviləsinin imzalanmasına Rusiyanı müşahidəçi kimi belə dəvət etmək olmaz. Çünki harada Rusiya varsa, orada qan var, düşmənçilik var, müharibə var. Ona görə də düşünürəm ki, bu prosesdən Rusiyanı tamamilə kənarda saxlamaq ən doğru addımdır. Moskva variantı isə ümumiyyətlə, ağla belə gətirilməməlidir”.

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR