İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xameneiyə bağlı olan ənənəvi şovinist mühafizəkar qanad Bakını açıq şəkildə hədəf seçib”

Xəbər verdiyimiz kimi, son günlərdə “Hüseyniyyun” şiə islamçı-terror təşkilatının üzvlərinin sosial media fəaliyyətində ciddi şəkildə fəallaşma müşahidə olunmaqdadır. Din pərdəsi altında, əslində, dindən kənar, tam pozucu fəaliyyət göstərən bu qrupun üzvlərinin təhlükəli çağırışlarına rast gəlinir. Durmadan da aktivliklərini artırırlar.

Azərbaycanda fəaliyyəti rəsmi şəkildə qadağan olunan bu terror təşkilatının fəallaşmasının arxasında nələr dayanır? Nə baş verir?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a açıqlamasında diqqətlərə çatdırdı ki, Azərbaycanda radikal dini qruplaşmalar müxtəlif xarici dövlət və onların xüsusi xidmət orqanları tərəfindən idarə olunurlar: “Onların təchizatı və maliyyələşməsi də xaricdən təmin edilir. Azərbaycanın xüsusi xidmət və təhlükəsizlik orqanları peşəkarcasına radikal dini qruplaşmaların qarşısını zamanında ala və zərərsizləşdirə bilsə də, xaricdə gizlənərək təxribatlarını bəzi hallarda davam etdirənlər də var. Xüsusən də İran dövlətinin himayəsinə sığınan və məzhəbçi şiə ideologiyasını yayan, Azərbaycan dövlətinə qarşı açıq çağırışlar edən, özlərini “Hüseyniyyun” (hüseynçilər) adlandıranlar zərərli təsirlərini yaymağa çalışmaqdadır.

 Həmin hücrələr din pərdəsi altında zorakı, etnik və dini separatçı çağırışlar edir. Öz çirkin niyyətlərini həyata keçirmək üçün inanclı insanların, xüsusən də, gənclərin dini hissiyyatını manipulyasiya edirlər. Gəncədə dövlət qulluqçularına qarşı hücumlar, polis zabitlərinin qətlə yetirilməsi, kütləvi  ixtişaşlara cəhd göstərilməsi, ardınca deputat Fazil Qəzənfəroğluna sui-qəsd və bu kimi hallar radikal dini qruplaşmaların nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Hüseynçilərin son dövrlər fəallaşmasını təsadüf saymaq olmaz. Azərbaycanın güclənməsi, söz sahibinə çevrilməsi artan beynəlxalq nüfuzu ona düşmən kimi baxan bəzi dövlətləri narahat etməkdədir. Ələlxüsus da, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə bağlı olan ənənəvi şovinist mühafizəkar qanad Bakını açıq şəkildə hədəf seçib. Bu, özünü təkcə media orqanlarında deyil, rəsmi şəxslərin və qurumların timsalında da büruzə verir. İran uzun illər şiə məzhəbçiliyi ixrac etməklə, radikal proksi qüvvələr yaratmaqla onlardan öz məqsədləri üçün istifadə edirdi. Artıq onların bir çoxu ya məhv edilib, ya da zəiflədilib. Tehranın mühafizəkar qanadı təcrübədən çıxardığı həmin metodla Bakıya təzyiqlər etməklə nəyəsə nail olmağa çalışır. Xaricdəki hüseynçiləri çətiri altında saxlamaqda məqsəd məhz bundan ibarətdir.

Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya ...

İran “Hüseyniyyun” təşkilatını qadağan edərək fəallarını Azərbaycana təhvil verməlidir. Bu, Tehranın atacağı xoşməramlı jest olardı. Yaxud həmin təşkilatın fəaliyyətini dayandırmalıdır. Düşünürəm ki, rəsmi Bakı bu məsələdə israr etməli, Azərbaycana qarşı düşmən yuvasına çevrilmiş hücrələrin qapadılmasına müvəffəq olmalıdır. Yeri gəlmişkən uzun illər hökumətin və dini qurumlar üzrə idarənin zəifliyi ucbatından İran ölkədə dini pərdə altında əlatılarını bəsləyib yetişdirib, onlara istiqamət verib. Ocaqnecatın təxribatçı və pozuculuq fəaliyyətinə göz yumulub. Dini və müqəddəs yerlərin ziyarətlərini təşkil edən şirkət və şəxslər nəzarətdən kənar qalıblar. Ümumilikdə din məsələsinə səthi yanaşılıb. Nəticədə də bu boşluqlardan İran və onun xüsusi xidmət orqanları məharətlə istifadə ediblər. Tərəfdarlar toplayıb, radikal şiəçiliyi yaymağı bacara biliblər. Hesab edirəm ki, dövlət daha ayıq-sayıq olmalı, hər xırda incə hallara həssasiyyətlə yanaşmalıdır ki, insanların dini sevgisindən, inanclarından və heysiyyətdən sui-istifadəyə yol verilməsin. Baxmayaraq ki, Azərbaycan dünyəvi ölkədir, uzun illər sosializmin yad ideologiyasının təsiri altında olub. Ancaq millətimiz dininə və soykökünə həmişə bağlı olub. Ən ağır repressiyalar belə bu xalqı dinindən və soykökündən qopara bilməyib. Azərbaycan multikultural və çoxkonfeksiyalı dəyərlərə sadiqdir və ölkəmiz dünyaya həmişə nümunə kimi göstərilib”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR