Onlayn ictimai-siyasi qəzet
Son zamanlar “Hüseyniyyun” şiə islamçı-terror təşkilatının üzvlərinin sosial media fəaliyyətində aktivlik müşahidə edilir.
Onlar sosial media platformalarında müxtəlif çağırışlar edirlər. “Hüseyniyyun”un Tik-Tok səhifəsində də müəyyən çağırışlar yer alır.
Bu təşkilat şiə ideologiyasına əsaslanan, radikal yönümlü silahlı qrup kimi tanınır. Din pərdəsi altında, əslində, dindən kənar, tam pozucu fəaliyyət göstərirlər.
Təşkilatın əsas məqsədi Azərbaycanda İslam teokratik dövlətinin qurulması və İranın dini-siyasi xəttinə uyğun bir sistemin formalaşdırılmasıdır. Bu qurum özünü “müqavimət hərəkatı” adlandırsa da, bir çox beynəlxalq və yerli mənbələr onu İranın bəzi qrupları tərəfindən dəstəklənən radikal təşkilat kimi xarakterizə edir. Onun yaranması və ideoloji yönü İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) xüsusilə “Qüds Gücü” ilə əlaqələndirilir.
Terrorçu təşkilatın formalaşması təxminən 2015–2016-cı illərə təsadüf edir. Onun rəhbəri kimi Tohid İbrahimbəyli adlı şəxs göstərilir. Mənbələrə görə, Tohid İbrahimbəyli uzun müddət İranda dini təhsil almış və sonradan orada sığınacaq tapıb.
“Hüseyniyyun” əsasən İranda yerləşən bir qrup məqsədi bəlli azərbaycanlı şiə fəallar tərəfindən yaradılıb, sosial şəbəkələrdə “Azərbaycan İslam Müqaviməti” adı altında təbliğat aparmağa başlayıblar. Təşkilatın üzvlərinin sayı az olsa da, ideoloji və simvolik səviyyədə fəaliyyət göstərdiyi bildirilir.
Təşkilatın fəaliyyəti rəsmi şəkildə Azərbaycanda qadağan olunub. Onun üzvləri və tərəfdarları bir sıra hallarda terror planlarında və dövlətə qarşı yönəlmiş çağırışlarda ittiham olunublar.
Bəzi mənbələrə görə, Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı 2018-ci ildə törədilmiş silahlı hücum “Hüseyniyyun” təşkilatına yaxın şəxslər tərəfindən təşkil olunub. Təşkilat sosial şəbəkələrdə və İranda fəaliyyət göstərən bəzi media platformalarında özünü “Azərbaycan şiələrinin müqavimət hərəkatı” kimi təqdim edir, Azərbaycanın dövlət siyasətini isə “dünyəvi və Qərb yönümlü” adlandıraraq tənqid edir. Azərbaycan dövlətinin sərt və ardıcıl mövqeyi nəticəsində təşkilat ölkə daxilində fəaliyyət göstərə bilmir və hazırda əsasən İran ərazisindən informasiya və təbliğat müstəvisində fəaliyyət göstərir.
Hazırda “Hüseynçilər”in fəallaşmasında əsl niyyət nə ola bilər?
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, son vaxtlar İranın Azərbaycandakı dini proksi rıçaqları işə düşüb: “Onların sırasında ən aktiv propoqanda fəaliyyəti aparan isə təbii ki, “Hüseyniyyun” radikal dini qruplaşmasıdır. “Hüseyniyyun” və “Fatimeyyun” kimi qruplar tapşırıqlarını birbaşa molla rejiminin Tehran qərargahından alırlar. Onlara “ideoloji” tapşırıqları isə “kərimə dövlətinin” Azərbaycan kökənli uzantıları verir. Görünən odur ki, radikal dini şiə qruplarının aktivləşməsinin səbəblərindən biri də İranın Azərbaycana təzyiqləri, Tehranın Bakıya qarşı son zamanlar artan kinini göstərmək olar. Azərbaycan Prezidentinin Misirə səfəri və Qəzza ilə bağlı sülh sazişində iştirakı İranı qıcıqlandırır. Digər tərəfdən, İran Azərbaycanın regional planda ön mövqelərə çıxmasını, qlobal enerji layihələrində aparıcı rol almasını həzm edə bilmir. Tehrandakı molla rejimi Zəngəzur dəhlizindən İranın kənarda və kölgədə qalmasını da özünə sığışdırmır. Yəni, Azərbaycanın artan gücü fonundakı mövcud reallıqla barışmaqda Tehran hökuməti acizdir. Məhz bu səbəbdən də Azərbaycandakı proksi qruplarını sosial şəbəkələr üzərindən aktivləşdirməyə, bunun üçün onlara külli miqdarda vəsait ayırmağa çalışır. Amma bunların hamısı əbəsdir. Çünki Azərbaycan hüquq dövlətidir. Hüquq-mühafizə orqanları bu kimi radikal ünsürlərə qarşı lazımı ölçünü götürəcək”.
Cavanşir ABBASLI
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ