İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Bakı və İrəvana sensasion TƏKLİF – Qarabağa ermənilərin qayıdışı...

ATƏT-in üzdəniraq Minsk Qrupunun (MQ) rəsmi ləğvi şübhəsiz, separatçı-revanşistlərin, o sırada erməni kilsəsi və lobbisinin “artsax” xülyasına sarsıdıcı zərbə oldu. Sirr deyil ki, “böyük ermənistan” mifinin mənfur daşıyıcıları məhz bu ölü qurum vasitəsilə keçmiş konflikti beynəlxalq gündəmə qaytarmağa ümidli idilər. Gəl ki, qalib Azərbaycanın qətiyyətli, permanent və sərt siyasəti onlara və havadarlarına heç bir şans saxlamadı.

ATƏT demiş, dünən təşkilatın fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen İrəvanda olub. Maraqlıdır ki, sədr “ermənilərin Qarabağa geri qayıtmaq hüququ ilə bağlı” yerli jurnalistin təxribatçı sualını cavabsız buraxıb. Xanım Valtonen nə desin, nə vəd versin, əgər rəsmi Bakının geri dönüşlə bağlı beynəlxalq hüquqa söykənən əsas şərtini separatçı ünsürlər qəbul etmirsə. Hələ də axmaqcasına “dövlət içində dövlət qurmağı”, Azərbaycanda “beynəlxalq zəmanət” altında yaşamağı xəyal edirlərsə.

Xarici işlər naziri Ararat Mirzəyan isə sualla bağlı bildirib ki, “hakimiyyət erməni köçkünlərin ölkəyə inteqrasiyası və Ermənistanda yaşamağa davam etməsi üçün səylər göstərir”. Az öncə baş nazir Nikol Paşinyan AŞ PA tribunasından Qarabağ sakinlərinin gələcəyinin Ermənistanla bağlı olduğunu, onların Qarabağa dönüşünün qeyri-real olduğunu bəyan etmişdi...

Gücün diplomatiyası, hərb-siyasi gücün diktəsi və təntənəsi bax, budur. Bakı beləcə beynəlxalq təşkilatları, irili-xırdalı düşmənləri və məkrli çevrələri Azərbaycana münasibətdə ədalətli mövqe tutmağa bir-bir vadar etməkdədir. Ermənistan rəsmiləri də eləcə. Həmçinin İran və Rusiya 44 + 1 günlük müharibədən sonra xeyli dərəcədə və məcburən haqqın yoluna qayıtmalı, əlahəzrət reallıqla barışmalı olub.

Yeri gəlmişkən, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu gün Azərbaycan və Ermənistan arasında sülh sazişini Moskvada imzalamağı təklif edib. “Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması üçün məkanın təmin edilməsi təklifimiz qüvvədə qalır”, - Qaluzin Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda bildirib.

Diplomat ardınca deyib ki, Rusiya tərəfi iki ölkə arasında münasibətlərin normallaşmasına xüsusi önəm verir. “Aydındır ki, bizim planlarımızı praktikada həyata keçirmək üçün hələ çox mühüm işlər görülməlidir. Biz İrəvan və Bakıya qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq, o cümlədən Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatları nəzərə alınmaqla”, - Qaluzin bildirib və sonda “Moskvanın İrəvanla Bakı arasında sülh prosesində böyük və effektiv rol oynadığını” iddia edib...

Əlbəttə, burada şişirtmə var. Doğru, 2-ci Qarabağ müharibəsinin dayandırılmasında Rusiyanın, konkret olaraq Putinin mühüm rolu olub. Ancaq hamı bilir ki, Moskva sırf öz maraqları naminə buna gedib. Ərazimizə “sülhməramlı” kontingentin yeridilməsinə nail olmaqla Kreml hələ uzun illər konflikti idarə edəcəyini düşünürdü. Bu məqsədlə Qarabağda Azərbaycan xalqının tarixinə heç bir dəxli olmayan heykəllər qoyulmuş, hətta qondarma “Rus icması” yaradılmışdı. Xocalıda “sülhməramlı” kontingentin qərargahı önündə Rusiya bayrağı ilə yanaşı, xunta rejiminin əski parçasının asılması da öz yerində.

WhatsApp Image 2025-10-15 at 14.24.59.jpeg (59 KB)

Ən böyük həqiqət isə budur ki, münaqişənin əsas səbəbkarı, onu yaradan (1923) və qızışdıran məhz Rusiya olub. SSRİ dönəmindən ta 44 günlük Vətən müharibəsinə qədər Moskva, mərkəzi hakimiyyət və onun KİV-i məsələdə haqsız mövqe tutub. Konfliktin bitməsində deyil, uzanmasında maraqlı olub. Bu yolla Azərbaycan və Ermənistanı daima öz təsir zonasında saxlamağa çalışıb – həm də işğalçı ölkəyə milyardlarla dollar havayı silah-sursat verməklə. Eyni səbəbə nə qədər qəribə də olsa, Kreml ixtilafın hətta tam olaraq ermənilərin xeyrinə bitməsini də istəməyib.

İndi belə bir dövlətin paytaxtında Bakı və İrəvan arasında yekun sülh müqaviləsi imzalana bilərmi? Niyə ABŞ-da, Ağ Evdə yox, Moskvada, Kremldə? Şimal qonşumuz bunu haqq edirmi? Buyursun, isbat etsin bütün dünyaya...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR