Onlayn ictimai-siyasi qəzet
“Özünə rəva bilmədiyini başqasına da rəva bilmə” öyüdü təkcə məişətdə yox, siyasətdə də keçərlidir.
Fəqət, siyasətdə buna hələm-hələm önəm vermir, yeri gələndə həyasızcasına “yox, elə deyil, bütün müqayisələr qüsurludur, o məsələ ilə bu məsələ fərqlidir” deyə bəhanələr gətirirlər.
Buna dair yüzlərlə presedent var və vaxtaşırı yeniləri yaranır.
Məsələn, bir ara Fransanın bütün siyasiləri Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərin bölücülük siyasətini dəstəkləyirdilər. Ancaq sonra Fransanın tərkibindəki Yeni Kaledoniyada ciddi azadlıq hərəkatı başladı və fransız siyasilər bölücülüyün yolverilməz olduğunu söylədilər.
Beləcə, məlum oldu ki, fransızlar özlərinə rəva görmədiklərini Azərbaycana rəva görürmüşlər.
Hazırda bənzər bir şey Rusiyanın başına gəlib.
Bəlli olduğu kimi, Latviya dil imtahanından keçməyən, keçə bilməyən, bu ölkənin qanunlarının fövqündə durmağa çalışan, yerli cəmiyyətə adaptasiya olunmaq istəməyən 841 rusun deportasiya edilməsi haqda qərar verib.
Bu isə Kremldə, XİN-də, Dövlət Dumasında kəskin reaksiyalara səbəb olub. Siyasətçilər, diplomatlar bildirirlər ki, bu, insan haqlarına ziddir, kəsəsi, Latviya düz hərəkət eləmir.
Bu cür çıxış edənlərdən biri də Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoydur. O, Latviyadan deportasiya edilən Rusiya vətəndaşlarının müdafiəsi üçün hökuməti hərəkətə keçməyə çağırıb.
Bu, o Tolstoydur ki, özü parlamentin iclasında Rusiyada yaşayan, amma rus dilini yaxşı bilməyən miqrantların imtahana cəlb edilməsini, müvəffəq bal toplamadıqları halda federasiyadan deportasiya edilməli olduğunu bildirirdi.
Tolstoy təkcə çıxış erməklə kifayətlənmir, miqrantların hüquqlarının məhdudlaşdırılmasını, onların bir çox sahələrdə işləməsinin yasaqlanmasını, öz ailə üzvlərini Rusiyaya gətirmək imkanından məhrum edilməsini nəzərdə tutan qanun layihələrinin qəbulunda canfəşanlıq edirdi.
Ortaya çıxır ki, bu şəxs Latviyadakı ruslara rəva gördüyü imtiyazları Türküstan ölkələrindən olan miqrantlara rəva görmür.
Belə çıxır ki, eyni səbəbdən Latviyadan çıxarılan ruslar “ali irq” nümayəndələri olduqlarından latış dilini bilməsələr də, onları deportasiya etmək olmaz, amma rus dilini yaxşı bilməyən özbəklər, qırğızlar və taciklər RF-dən deportasiya olunmalıdırlar.
Bu müqayisədə bir sıra məqamlar hətta Latviyadakı rusların zərərinədir. Məsələ ondadır ki, Orta Asiya ölkələrindən çıxıb Rusiyaya sığınan miqrantlar bir neçə ilin ərzində “dərdlərini anladacaq” səviyyədə rus dilini öyrənirlər. Onlar rus dilində məqalə yazası, telekanallarda polemika aparası deyillər, rus dili onlara işlərində, ictimai yerlərdə ünsiyyət qurmaq üçün lazımdır və onlar bu qədərini öyrənirlər.
Baltikyanı ölkələrdə, eləcə də Moldovada, Qafqaz və Türküstan respublikalarında yaşayan rusların tam əksəriyyəti isə 100 ildir aborigen xalqlarla iç-içə yaşasalar da, yerli dili öyənmirlər, öyrənmək istəmirlər.
Fərq budur. Başqa ölkələrdə yaşayan slavyan mənşəli şəxslərdə qəribə bir təkəbbür, eqoizm var, hesab edirlər ki, onlar yaşadıqları ölkənin dövlət dilini öyrənməyə borclu deyillər, amma hamı onların dilini öyrənməlidir.
Bu üzdəndir ki, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda yaşayan ruslar rus dilinə xüsusi status verilməsini, dövlət idarələrində rus dilinin işləkliyinin azaldılmamasını tələb edir, buna öz eksklüziv hüquqları kimi baxırlar.
Adı çəkilən ölkələr hələlik Kremlin tələbi üzündən bu məsələdə güzəştli mövqe tutur, rusların xətrinə dəymək istəmirlər, amma proses dəvə karvanının löhrəm yerişi ilə rus dilinin arealının daraldığı yerə aparır.
Qafqaz respublikaları da təxminən eyni durumdadır. Ermənistanda yaşayan ruslar erməni dilini, Bakıda yaşayanlar isə ana dilimizi böyük ölçüdə bilmirlər. Gürcüstanda vəziyyət fərqli ola bilər. Amma bu da yəqindir ki, Tiflis rusları gürcü əlifbası ilə öz ad-soyadlarını yazacaq qədər irəli getməyiblər.
Latviya isə daha fərqli davranmaq qərarına gəlib. Bu ölkənin miqrasiya və vətəndaşlıq məsələlərinə cavabdeh olan departamenti bildirib ki, 841 rusiyalını ölkəni tərk etməlidir. Srağagündən etibarən onlar “qanunsuz miqrant”a çevriliblər.
İndi bildirlir ki, deportasiya olunacaq şəxslər arasında 74 yaşlı bir pensiyaçı da var. Daha sonra qeyd edilir ki, bu işin belə olacağı 20 il öncədən bəlliydi. Elədirsə, 20 il öncə 54 yaşı olan təqaüdçü ibtidai sinif həcmində olsa da, latış dilini öyrənə bilməzdimi? Nəinki 20 ilə, hətta 2 ilə istənilən Avropa xalqının dilini minimum səviyyədə öyrənmək olar.
Bir sözlə, rus şovinizmi və rus eqoizmi günümüzdə rusdilli icmalar üçün problemə çevrilməkdədir. Suda boğulanın xilası isə öz əlindədir, zəhmət çəkib bağrında yaşadıqları yerli xalqın dilini öyrənsinlər.
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ