Onlayn ictimai-siyasi qəzet
2003-cü il oktyabrın 15-də Azərbaycan tarixində yeni və taleyüklü mərhələ başlandı. Məhz həmin gündən ölkə həyatında sabitliyin, inkişafın, güclənən dövlətçiliyin və beynəlxalq nüfuzun təməli qoyuldu. Prezident İlham Əliyevin ali dövlət vəzifəsinə başladığı ilk günlərdən nümayiş etdirdiyi parlaq və uzaqgörən liderlik keyfiyyətləri milli maraqların qorunmasına, dayanıqlı inkişafa və Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəlmiş strateji kursun başlanğıc nöqtəsi oldu.
Dövlət başçısının ardıcıl, səmərəli və milli maraqlara əsaslanan siyasəti qısa zamanda ölkənin sosial-iqtisadi inkişafını təmin etdi, Azərbaycan regionun lider dövlətinə çevrildi. Prezident İlham Əliyev bu siyasətin əsas prinsipini qətiyyətlə ifadə edib: “Bütün addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Xalqın öz liderinə olan sarsılmaz inamı və etibarı nəticəsində İlham Əliyev sonrakı prezident seçkilərində parlaq qələbələr qazanıb. Bu qələbələr xalqın onun məqsədyönlü və uzaqgörən siyasətinə verdiyi yüksək qiymətin təzahürüdür.
Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin zirvəsi — Qarabağ Zəfəri oldu. 2020-ci ilin payızında Ali Baş Komandanın qətiyyətli iradəsi, müdrik rəhbərliyi və diplomatik çevikliyi sayəsində Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoydu, ölkənin ərazi bütövlüyünü bərpa etdi.
İlham Əliyev bu Zəfərin mənəvi və siyasi memarı, xalqın tarixi ədalətini bərpa edən lider kimi Azərbaycan tarixinin ən şanlı səhifəsini yazdı. Onun rəhbərliyi altında həyata keçirilən hərbi, diplomatik və informasiya strategiyası bir-birini tamamladı və “dəmir yumruq” simvolu xalqın iradəsinin ifadəsinə çevrildi.
Bu Qələbə təkcə hərbi uğur deyil, həm də İlham Əliyevin illərlə düşünülmüş, ardıcıl və milli maraqlara əsaslanan siyasətinin məntiqi nəticəsi idi.
Prezidentin dediyi kimi: “Biz 44 gün ərzində 30 illik işğala son qoyduq. Bu, bizim gücümüzün, xalqımızın birliyinin və ədalətə inamımızın təntənəsidir”.
Bu gün Prezident İlham Əliyev daha bir mühüm tarixi mərhələni – işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı həyata keçirir. Onun rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur yenidən qurulur, şəhər və kəndlər bərpa edilir, müasir yollar, hava limanları, sənaye parkları salınır.
Uzun illər həsrətdən sonra doğma yurdlarına dönən insanlar üçün təhlükəsiz, layiqli və firavan həyat şəraiti yaradılır. Bu, həm də Azərbaycanın müstəqil, güclü dövlət olaraq öz gücü ilə tarixi ədaləti bərpa edə bildiyinin göstəricisidir.
Prezidentin “Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb” fikri bu gün ölkəmizin siyasi, hərbi və iqtisadi reallığını ən dolğun şəkildə əks etdirir.
Azərbaycan bu gün öz milli maraqlarını qətiyyətlə müdafiə edən, beynəlxalq aləmdə yüksək nüfuza malik, dinamik inkişaf edən müstəqil dövlət kimi tanınır.
Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampın Şarm əl-Şeyxdə Yaxın Şərqdə Sülh Sammiti çərçivəsində keçirilən görüşü də diqqət mərkəzinə düşüb. Görüş zamanı Tramp Əliyevlə foto çəkdirəndən sonra zarafatla, amma açıq rəğbətlə deyib: “Onunla düşmən olmaq istəməzsiniz”.
Ağ Ev rəhbəri daha sonra sammitdə çıxışı zamanı bildirib:
"Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır", - Ağ Ev rəhbəri vurğulayıb”.
ABŞ prezidenti Tramp sonradan Əliyevə “İlham, sən böyük lidersən” başlığı ilə fotolar da göndərib. Bu barədə Azərbaycan Prezidenti X sosial şəbəkəsində paylaşım edib.
Bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün, əməkdaşlığın və inkişafın əsas təşəbbüskarına çevrilib. Prezidentin uzaqgörən və gələcəyə hesablanmış siyasəti ölkənin dayanıqlı inkişafını, dövlətçiliyin möhkəmlənməsini və vətəndaşların rifahının yüksəlməsini təmin edir.
İlham Əliyevin 22 illik liderlik salnaməsi — Zəfərdən gücə, gücdən sabaha uzanan bir yolun tarixidir.
Bu yolun sonunda isə bir həqiqət dayanır: Azərbaycan xalqı öz lideri ilə daha güclüdür.
Şahanə Rəhimli
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ