Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynanın yaxın illər üçün əhali proqnozunu açıqlayıb. Fondun hesablamalarına görə, müharibə başa çatarsa, ölkə əhalisinin sayı sabitləşərək təxminən 34 milyon nəfər səviyyəsində qalacaq.
Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" BVF-nin 2025-ci ilin oktyabr ayı üçün hazırladığı "World Economic Outlook" hesabatına istinadən məlumat yayıb.
BVF-nin məlumatına əsasən, 2021-ci ildə Ukraynanın faktiki əhalisi 41 milyon nəfər olub. 2022-ci ildə bu rəqəm 34,5 milyona, 2023-cü ildə 34,026 milyona, 2024-cü ildə isə 33,343 milyona qədər azalıb.
Fondun növbəti illər üzrə proqnozu belədir:
2025 – 32,862 milyon
2026 – 33,383 milyon
2027 – 34,006 milyon
2028 – 33,981 milyon
2029 – 33,957 milyon
2030 – 33,936 milyon
Məlumata görə, Rusiya-Ukrayna müharibəsinin 2025-ci ilin sonuna qədər başa çatacağı və bunun qaçqınların qismən vətənə qayıtmasına səbəb olacağı ehtimal edilir.
Bununla belə, Ukraynanın hazırkı əhalisinin dəqiq sayı məlum deyil. Ukrayna Dövlət Statistika Xidmətinin rəhbəri Arsen Makarçuk iyul ayında bildirib ki, davam edən müharibə şəraitində ölkədə yaşayan insanların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil.
Avqustda Makarçuk açıqlayıb ki, 2025-ci ilin sonuna qədər Ukraynanın əhalisinin real sayının hesablanması planlaşdırılır. Lakin bu istiqamətdə layihənin başlanması hələ elan edilməyib.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ