İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşura günü oruc tutmaq ibadətdirmi, yoxsa bidət? – İlahiyyatçıdan aydın izah  

 

Məhərrəm ayının 10-cu günü – Aşura günü müsəlman dünyasında həm tarixi, həm də dini baxımdan önəmli günlərdən sayılır. Xüsusilə Şiə məzhəbində bu gün Kərbəla şəhidlərinin anım günü kimi qeyd olunur. Lakin Aşura günü oruc tutmaq məsələsi müxtəlif dövrlərdə İslam alimləri arasında mübahisəli yanaşmalara səbəb olub. Bəziləri bu günü orucla keçirməyi fəzilətli saysa da, digər qrup bu ənənənin Əməvi təbliğatının təsiri ilə yayıldığını bildirir.

İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşərək bu məsələyə tarixi və rəvayət mənbələri əsasında aydınlıq gətirib: “Aşura günü oruc tutmaq haram deyil, lakin fəzilətli də hesab edilə bilməz”.

İlahiyyatçının sözlərinə görə, Aşura günündə oruc tutmaq məsələsində aydın və yekdil dini hökm yoxdur: “İslam tarixində bu məsələyə dair bir-birinə zidd rəvayətlər var. Məsələ sadəcə ‘oruc tutmaq olarmı?’ deyil. Əgər haram desək, açıq və güclü qadağanedici dəlil olmalıdır. Lakin belə bir qəti dəlil yoxdur. Amma bu günü fəzilətli sayıb oruc tutmağın təşviq edilməsi daha çox Əməvi dövrünün təbliğatına əsaslanır”.

Fərid Abdulla bildirir ki, Bəni-Üməyyə dönəmində İmam Hüseynin (ə) şəhadətini gizlətmək və əks-təbliğat aparmaq üçün Aşura günü bayram kimi təqdim olunub və həmin gün oruc tutmaq təşviq edilib.

WhatsApp Image 2025-06-27 at 11.06.14.jpeg (5 KB)

İlahiyyatçı Aşura günü oruc tutmağa dair təqdim olunan sünni mənbələrdəki bəzi rəvayətlərin problemli olduğunu da vurğulayıb:

“Buxari və Müslim kimi məşhur mənbələrdə həm Peyğəmbərin bu günü oruc tutduğu, həm də tərk etdiyi bildirilir. Bu, özü ciddi ziddiyyətdir. Əgər Ramazan vacib olduqdan sonra Aşura orucu tərk olunubsa, bu orucun fəziləti haradan qaynaqlanır?”

İlahiyyatçı diqqət çəkir ki, bəzi rəvayətlərə görə, Peyğəmbər (s.ə.v) yəhudilərin oruc adətini görüb, onu qəbul edib. Bu isə Peyğəmbərin öz dinində müstəqil mövqe sahibi olmasına ziddir: “Əgər Peyğəmbər yəhudilərdən görüb oruc tutmağa başlayıbsa, bu, qeyri-müsəlmanlar üçün “İslam əvvəlki dinlərdən kopyalanıb” iddialarına zəmin yaradır. Halbuki bəzi alimlərin fikrincə, Peyğəmbər heç zaman başqa dinlərin ibadət formasını təqlid etməyib”.

Fərid Abdulla vurğulayır ki, Əhli-beyt məktəbinin hədis mənbələrində Aşura günü oruc tutmağın xüsusi fəziləti qeyd olunmur: “Əksinə, bu gün oruc tutmaq bəzi mənbələrdə məkruh sayılır. Yəni savabı azdır, təşviq olunmur. Əgər bu günə xüsusi oruc adı verilərsə və o, təbliğ edilərsə, bu, artıq bidət sayılar. Əgər təbərrük üçün tutulursa – yəni Hüseynin (ə) öldürülməsi münasibətilə – bu, dini baxımdan təhlükəli və yanlış bir yanaşmadır”.

İlahiyyatçı son olaraq qeyd edir ki, Aşura günü oruc tutmaq şəriət baxımından haram deyil, lakin onu fəzilətli, savablı və ya xüsusi ibadət günü kimi təqdim etmək yanlış olar. Əgər bir şəxs qəza orucu və ya adi bir niyyətlə bu günü oruc tutur, bu mümkündür. Amma bu əməli müqəddəsləşdirmək, ona əlavə mənalar yükləmək və təbliğat vasitəsinə çevirmək dini baxımdan qəbulolunmazdır: “Bu gün oruc tutanlar bunu adi ibadət niyyəti ilə bəzəksiz və bidətdən uzaq şəkildə etsələr, heç bir problem yoxdur. Amma Aşura günü oruc tutmağın fəziləti və ya savabı barədə güclü və qəti dəlil yoxdur”.

Afaq MİRAYİQ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR