İnsanlara hürriyət, millətlərə istiqlal!

Ata qızını vəhşicəsinə döyərək ölümünü izləyib - Cəmalənin qətlinin şok TƏFƏRRÜATI

Bakıda qızını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən 63 yaşlı Atakişiyev Yelmar Şahmar oğlunun cinayət işinin dəhşətli təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs qızını amansızlıqla döydükdən sonra onun can verməsini izləyib. Mərhumun anası isə iddia edib ki, əri qızını öldürmədən əvvəl ona təcavüz də edib.

Musavat.com xəbər verir ki, qətl hadisəsi ötən ilin noyabrında Bakının Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 42 yaşlı Cəmalə Atakişiyeva yaşadığı evdə qətlə yetirilib. Araşdırma zamanı onu atası Yelmar Atakişiyevin öldürdüyü müəyyən edilib.

Yelmar Atakişiyev hadisədən bir neçə ay əvvəl həbsxanadan çıxıbmış. Onun iddiasına görə qızının başqa bir şəxslə münasibətdə olduğunu öyrəndiyi üçün cəzalandırmaq məqsədi ilə döyüb. Qızını öldürmək niyətinin olmadığını deyən Yelmar Atakişiyev təcili yardıma xəbər verməməsini belə izah edib: “Dedim ki, huşunu itirib. Gözlədim ki, özünü gələr”.

İstintaq orqanı müəyyən edib ki, Yelmar Atakişiyev qızına 10-15 şillə vurub. Cəmilə özünü itirərək yerə yıxılıb. Bu zaman Yelmar qızının baş və bədəninin müxtəlif nahiyyələrinə təpiklə də zərbələr vurub. Aldığı zərbələrdən sonra yerdən qalxa bilməyən Cəmilə saatlarla huşsuz vəziyyətdə qalıb. Hadisə günorta saat 2 radələrində baş verib. Cəmilənin anası gecə saatlarında işdən evə gələndə qızının vəziyyətini görüb. Təcili yardıma zəng etmək istəsədə də Yelmar Atakişiyev buna icazə verməyib. Qızının hərəkətsiz olduğunu görə ana təcili yardıma zəng edib. Təcili yardım gələndə isə artıq Cəmilə vəfat edibmiş.

Cəmilənin hadisə zamanı aldığı zərbələrdən kəllə sümüyünün sındığı, beyninin ağır xəsarət aldığı müəyyən edilib.

Yelmar Atakişiyev ifadəsində qızını namus üstündə döydüyünü deyib:

“Həbsxanada cəza çəkdiyim müddətdə ailə üzvlərim görüşə gələndə Cəmalə ilə bağlı narahatlıqlarını dedilər. Onun düzgün yolda olmadığını və əxlaqsız həyat tərzi sürdüyünü bildirdilər. Oğlum Şahmar sonuncu dəfə görüşə gələndə, Cəmalənin davranışlarından bezdiyini və nə etməli olduğunu soruşdu. Dedim ki, bu məsələyə qarışmasın. Özüm azadlığa çıxdıqdan sonra bu işlə məşğul olacağımı söylədim”.

Yelmar Atakişiyev deyib ki, həbsdən çıxandan sorna qızını izləməyə başlayıb:

“Cəmalənin yaşadığı evə gedərək həyat yoldaşı və qayınanası ilə söhbət etdim. Kürəkənim Cəmalənin iki telefon istifadə etdiyini dedi. Cəmalə ilə danışanda ikinci telefonun olmadığını dedi. Bir dəfə Cəmaləni izləyərkən ona zəng etdim. Diş həkimində olduğunu dedi. Həmin klinikaya gedəndə həkimin otağına girəndə Cəmalənin düzgün olmayan geyimdə masada oturduğunu gördüm. Həkim otaqdan çıxan kimi Cəmaləni orda döydüm”.

Hadisə baş verən gün Cəmalə atasına zəng edərək onunla danışmaq istədiyini deyib. Buna görə də onlar evdə görüşüblər. Həmin görüşdə Cəmalə barəsində deyilənlərin, əxlaqsız həyat tərzi sürməsinin yalan olduğunu söyləyib. Sonra isə evdən çıxaraq Sumqayıta getmək istədiyini deyib.

“Şübhələndiyim üçün Cəmaləni özüm aparmaq istədim. Amma Cəmalə buna razı olmadı. Bu zaman mübahisə başladı. Cəmalənin çantasından ikinci telefonu tapdım. Telefonun şifrəsini açmadığı üçün onu döydüm. Üz nahiyəsinə 10-15 şillə vurdum. Yerə yıxıldı və tərpənmədi. Bir az sonra oğlum Şahmar evə gəldi. Nə olduğunu soruşdu. Dedim ki, ayılanda özü cavab verəcək. Sonra da evdən getdim. Bir neçə saat sonra əmim oğlu zəng edərək Cəmalənin öldüyünü dedi”.

Mərhumun anası hüquqi varis kimi dindirilən zaman qızı haqda deyilənlərin yalan olduğunu bildirib.

Deyib ki, qızının qayınanası ilə mənzil problemi olduğu üçün söz-söhbətləri yaranıb: “Qayınanası qızımın qaldığı evi digər oğluna vermək istəyirdi. Buna görə də qayınanası ilə mübahisələri olmuşdu. Qızım həmin evi təmir edib yaşadığına görə çıxara bilmirdilər. Sonradan əri ilə də problemlər yaşamağa başladı. Kürəkənim Elşən də dəfələrlə qızımı döyüb. Sonra qızım haqqında şər-böhtan atmağa başladılar. Qızım namuslu, əxlaqlı idi. Onun barəsində deyilənlər yalandır”.

Mərhumun anası Kəmalə Atakişiyeva çıxışında şok iddia səsləndirib. Onun sözlərinə görə əri qızını döydükdən sonra ona təcavüz də edib. Bildirib ki, qızının üzərində təcavüz izlərini görüb. Ananın ifadəsində diqqət çəkən məqamlardan biri isə budur ki, təcili yardıma zəng edəndən sonra qızının əyninə paltar geyindirməsi olub. O, qızının şalvarının ön hissəsinin açıq olduğunu bildirib.

Təqsirləndirilən Yelmar Atakişiyev isə bu iddianı təkzib edib və yalan olduğunu bildirib.

Hüquqi varis kimi tanınan ana bildirib ki, ərinə ağır cəza verilməsini istəyir:

“Əvvəldən deyirdi ki, Cəmaləni öldürəcək. bircə gün qabaq bunu demişdi. Cəmaləni döyməkdə məqsədi onu öldürmək idi. Buna görə də ona ən ağır cəzanın verilməsini tələb edirəm”.

Mərhumun əri şahid kimi dindirilən zaman deyib ki, Cəmalə ilə 2003-cü ildə ailə həyatı qurublar. Onlar iki qız övladı dünyaya gəlib. Onun sözlərinə görə, Cəmalə ilə münaibətləri son 10 ildə korlanıb və ər-arvad kimi yaşamayıblar. Mərhumun əri iddia edib ki, Cəmalənin başqa şəxslə münasibəti olmasını anasına deyib və ikinci telefon işlətdiyini bildirib.

Məhkəmədə mərhumun sevgi münasibətində olduğu şəxs də şahid qismində ifadə verib.
Məhkəmə Yelmar Atakiçiyevi törətdiyi əməldə təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunan Yelmar Atakişiyev 16 il müddətinə azadlıqdan məhrum edlib.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR