Onlayn ictimai-siyasi qəzet
Kreml müşahidəçiləri Vladimir Putinin əsas iş otağında son aylarda yayımlanan videoları analiz edərək maraqlı bir nəticəyə gəliblər: bəzi görüşlər rəsmi tarixlərdə göstərildiyi kimi o gün baş verməyib.
Musavat.com xəbər verir ki, bu barədə “Sistema” saytı məlumat yayıb.
Məlumata əsasən, prezidentin kabinetindəki kitab rəflərinin düzülüşü illərlə dəyişməz qalır, lakin masadakı xırda detallar - məsələn, qələmlərin və karandaşların sayı və düzülüşü - hər görüşdə fərqli olur. Məhz bu incə fərqlər “konserv” adlandırılan - yəni əvvəlcədən çəkilmiş və sonradan “təzə” kimi yayımlanan - videoları müəyyən etməyə imkan verir.
Jurnalistlər 30 mayda pravoslav keşiş Aleksandr Tkaçenko ilə və guya 28 avqustda Saratov qubernatoru Roman Busarqinlə keçirilən görüşləri müqayisə ediblər. Hər iki videoda Putinin qarşısındakı altı qələm eyni şəkildə düzülüb, yalnız karandaşların mövqeyi bir qədər fərqlənir. Halbuki, bu iki tarix arasında prezidentin eyni kabinetdə 33 müxtəlif görüşü olub və onların hamısında qələmlərin düzülüşü dəyişib.
Daha maraqlısı - mayda rəfdə olan “Hərbi-desant qoşunlarının şeirlər toplusu” kitabı avqustda çəkildiyi iddia edilən videoda yoxdur. Yəni ya kitab “itib”, ya da “avqust görüşü” əslində mayda çəkilib.
“Sistema” versiyasına görə, Putin Saratov qubernatoru ilə görüşü 28 avqustda deyil, 29 mayda keçirib - yəni Tkaçenko ilə görüşdən cəmi bir gün əvvəl. Həmin gün Busarqinin teleqram kanalında da heç bir paylaşım olmayıb, baxmayaraq ki, o, demək olar, hər gün paylaşım edirdi.
Məqalədə vurğulanır ki, Putinin əvvəlcədən lentə alınmış görüşlərinin sonradan başqa tarixdə yayımlanması Kremlin köhnə təcrübəsidir. Bununla prezident “eyni vaxtda bir neçə yerdə olmaq” təsiri yaradır.
Kremlin və Saratov qubernatorunun mətbuat xidmətləri “Sistema”nın sorğularına cavab verməyiblər. Nəşr bildirir ki, ilin sonuna qədər bu “görünməzlik” mexanizmi barədə daha geniş araşdırma dərc ediləcək.
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ