Onlayn ictimai-siyasi qəzet
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Belə ki, bu qurum hazırda ölkəmizdə məhkəmə istintaqı aparılan 23 erməni separatçısını “əsir” kimi təqdim edib və onların saxlanma şəraiti, sağlamlıq durumuna dair Azərbaycan hökumətindən ətraflı məlumat tələb edib. Guya, rəsmi Bakı bu hesabatı 2025-ci il noyabrın 4-dək təqdim etməlidir.
Halbuki sözügedən şəxslər mülki vətəndaş yox, Azərbaycanın ərazisində silahlı dəstələrə rəhbərlik etmiş, qanunsuz fəaliyyət göstərmiş separatçılardır. Onlar 44 günlük müharibədən və antiterror tədbirlərindən sonra Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dəfələrlə bu şəxslərlə görüşüb. Hətta separatçı rəhbərlər R.Vardanyan, A.Arutunyan, B.Saakyan, D.Babayan və digərləri Ombudsmanın qəbulunda olublar. Görüşlərdə Milli Preventiv Qrupun həkim üzvü də iştirak edib, tibbi müayinələr aparılıb. Məhbusların özləri də bildiriblər ki, onlara qarşı heç bir təzyiq və pis rəftar olmayıb, saxlanma şəraiti və tibbi xidmət tam təmin olunub. Beynəlxalq Qızıl Xaç Komitəsi də dəfələrlə həmin şəxslərlə görüşüb və bu barədə hesabatlar yayımlayıb.
Azərbaycan ictimaiyyətində haqlı olaraq suallar yaranır- 1992-ci ilin fevralında Xocalıda bir gecədə 613 dinc azərbaycanlı, o cümlədən 63 uşaq və 106 qadın vəhşicəsinə qətlə yetiriləndə AİHM harada idi?
Kərbəciyər, Ağdaban və Başlıbel faciələri zamanı kəndlər yandırılarkən, dinc əhali diri-diri evlərində qətlə yetirilərkən Avropa məhkəməsi niyə susurdu?
Şuşa həbsxanasında yüzlərlə azərbaycanlı əsir işgəncələr altında öldürüləndə AİHM hansı addımı atdı?
Qubadlı, Zəngilan və Laçının işğalı zamanı yüz minlərlə dinc sakin qışın soyuğunda evlərindən didərgin salınanda, uşaq və qocalar dağlarda həlak olanda Avropa niyə göz yumurdu?
2020-ci ildə Gəncə, Bərdə və Tərtərin raket atəşinə tutularkən, Ermənistan müharibə zamanı yüzlərlə dinc sakini “Skad”, “Smerç” və “Toçka-U” raketləri ilə hədəfə alarkən AİHM hansı “təhlükəsizlik hesabatı” istədi?
Azərbaycan əhalisinə qarşı törədilən soyqırımı zamanı yüzlərlə mülki azərbaycanlı qətlə yetiriləndə AİHM-in səsi niyə çıxmadı?
Ermənistan Avropa Şurasına üzv qəbul ediləndə Azərbaycanın 20 faiz əraziləri işğal altında idi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşmüşdü – AİHM buna niyə göz yumdu?
Bu gün isə həmin işğal siyasətinin icraçıları olan separatçıların “əsir” kimi qələmə verilməsi təkcə hüquqi deyil, həm də mənəvi baxımdan qəbuledilməzdir.
Azərbaycan dövləti göstərir ki, beynəlxalq hüquqa hörmət edir, eyni zamanda öz suverenliyini və qanunun aliliyini qoruyur. Bu şəxslər hərbi cinayətkar və separatçıdır, onlara qarşı ədalətli məhkəmə prosesi aparılır.
AİHM-in isə bu şəxsləri “əsir” adlandırması əslində Ermənistanın və erməni lobbi dairələrinin təsiri altında verilmiş qərar təsiri bağışlayır. Əslində, məhkəmənin əsas diqqəti Xocalı faciəsi kimi bəşəri cinayətlərə, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlara yönəlməli idi. Unudulmamalıdır ki, Azərbaycan ədaləti bərpa edir və bu ədalət heç bir Avropa məhkəməsinin siyasi oyunu ilə dayandırıla bilməz.
Siyasi şərhçi Akif Nağı Musavat.com-a açıqlamasında bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi erməni lobbisinin sifarişini yerinə yetirir və onu insan haqları maraqlandırmır: “Avropa məhkəməsini insan haqları maraqlandırsaydı, 30 il ərzində azərbaycanlıların səsini eşidərdi. 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün kimi öz evini tərk etdi, biz bu qurumun onlarla bağlı hansısa təşəbbüsünə rast gəlmədik. Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovların nə vəziyyətdə olduğunu dünya görsə də, göz yumdu. Vaxtı ilə əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı dəfələrlə müraciət etsək də, reaksiya vermədilər. Həmişə xristianpərəst mövqedən çıxış ediblər, həm də Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkəyə təsir etmək üçün bəhanə axtarıblar. İndi də öz maraqları naminə 23 separatçıdan istifadə edirlər.
Qarabağdan ermənilər könüllü şəkildə çıxan zaman belə qurumlar hay-küy saldılar, onların hüquqları haqqında çağırışlar etdilər. Lakin sonradan Ermənistan rəhbərliyi də etiraf etdi ki, Qarabağda yaşayan ermənilərə heç kim təzyiq göstərməyib, onlar könüllü oradan çıxıblar. Bəs bu hay-küy nəyə hesablanmışdı? Deməli, Azərbaycana təzyiq göstərmək üçün bir bəhanə idi. Hazırda Bakıda 23 ermənin obyektiv məhkəmə prosesi gedir, şahidlər danışır və onlara hansı işgəncələrin verilməsini dilə gətirirlər. Avropa Məhkəməsinin “əsir” adlandırdıqları 23 separatçının dəhşətli cinayətləri faktlarla sübut olunur. Avropa Məhkəməsi bu cinayətlərlə maraqlansın və görsün ki, Ermənilərin işğalı dövründə Azərbaycanlıların insan haqları necə pozulub. Buyursunlar, gəlib məhkəmə materialalrı ilə tanış olsunlar, araşdırsınlar. Və bu cinayətkarlara qarşı toplu şəkildə düzgün qərar çıxarsınlar”.
A.Nağı bildirir ki, 23 erməninin məhkəməsi açıq şəkildə keçirilir və onlar vəkillə təmin olunublar: “Onların Azərbaycandan və xaricdən vəkilləri var. Onları kim təcird edib? Ailələri ilə telefonla danışırlar, vəkilləri ilə görüşürlər. Onların təcrid edilməsi ilə bağlı heç bir fakt yoxdur”.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi ötən il özünün X mikrobloqunda açıqlamışdı ki, Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror tədbirlərindən (19-20 sentyabr 2023-cü il) sonra saxlanılan ermənilərlə qohumları arasında 660 şifahi, video, yazılı mesaj və telefon danışığı aparılıb.
Şahanə Rəhimli
Musavat.com
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ