Onlayn ictimai-siyasi qəzet
Avropanın bir nömrəli klub turnirində rəqib Macarıstan çempionu “Ferensvaroş”dur. İlk oyun avqustun 19-da Budapeştdə, cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.
Məlum olduğu kimi, “Qarabağ” “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi “yaşıl qartallara” Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.
Növbəti duelə komandaların ciddi hazırlaşdığı şübhə doğurmur. Çünki hər iki komanda PSJ, “Barselona”, “Real”, “Liverpul”, “Bavariya” kimi nəhəng adların yer aldığı, böyük gəlirlərin olacağı Çempionlar Liqasının Liqa mərhələsinə can atır.
Qeyd edək ki, əfsanəvi məşqçi Qurban Qurbanov indiyə qədər 3 dəfə Çempionlar Liqasının qruplarına düşmək üçün futbolçuları ilə meydana çıxıb. Amma yalnız bir dəfə bu uğura nail olaraq, Azərbaycan futbolu tarixində ən böyük şanlı tarixə imza atıb. O da düz 8 il öncə Danimarkanın ən güclü klubu sayılan “Kopenhagen”i sıradan çıxarmaqla. Daha sonra komanda 2 dəfə (2022 və 2024-cü illərdə) ÇL-də əsas mərhələyə düşməyə yaxın olsa da, müvafiq olaraq “Viktoriya” (Çexiya) və “Dinamo”ya (Zaqreb, Xorvatiya) uduzaraq pley-off-da mübarizəni dayandırıb.
Görək bu dəfə necə olacaq?
“Ferensvaroş” həm də 3 il öncəki məğlubiyyətin əvəzini çıxmaq üçün qisas hissi ilə meydana çıxacaq. “Qarabağ” oyunçuları isə klub və ölkə futbolu adına növbəti uğuru təmin etmək üçün Qurban Qurbanov soyuqluğu, təmkini və səbri ilə tarix yazmağa çalışacaqlar...
Kənan Məstəliyev
İdman mütəxəssisi Kənan Məstəliyev “Yeni Müsavat”a bildirdi ki, “Ferentsvaroş”la matç heç də asan olmayacaq: “Rəqib güclüdür. Şübhəsiz, "Şelburn"dan da, “Şkendiya”dan da yaxşıdılar, dinamikdilər, hücumda çox təhlükəlidirlər. Standart vəziyyətlər və hava topları zamanı çox yaxşı oynayırlar, şans qaçırmırlar. Diqqətli olmalıyıq. Çox diqqətli. Amma hər şey bu qədər qaranlıq da deyil. “Ferensvaroş” irəli xətdə yaxşı olsa da, müdafiədə ciddi boşluqlar verir. Xüsusilə cinah oyunçuları hücuma aludə olduqları üçün 3-lü müdafiənin kənarları problemlərlə üzləşir. Zubir və Andrade yaxşı oynamaqla “Qarabağ”ı üst tura daşıya bilər. Kadinin oyunu da həlledici olacaq. Onun zonasında çətinlik yaşayan meydan sahibləri bundan xəbərdardılar və tədbir görəcəklər. Ancaq yenə də Borgesə inanmaq lazımdır.
Bu cütdə həm də məşqçilərin maraqlı dueli olacaq. Robbi Kin istəkli və çılğın olsa da, Qurban Qurbanov ondan dəfələrlə təcrübəli, təmkinli və bacarıqlıdır. Hoca ötən illərdə yığdığı təcrübə hesabına rəqibini üstələyə bilər. Əminəm ki, üstələyəcək də. “Ferensvaroş” yaxşı komandadır. Amma biz də yaxşıyıq, hətta onlardan daha yaxşıyıq. Biz onlardan ehtiyatlandığımız kimi, eynisini də onlar edirlər. Əminəm ki, bizdən çəkinirlər. Oynamaq, sona qədər mübarizə aparmaq lazımdır. Belə olan halda, nəticə xeyrimizə olacaq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ