Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycan poeziyasının və Türk dünyasının böyük imzalarından biri, professor, milliyyətçi düşüncənin yorulmaz carçısı Məmməd İsmayıl (Mehmet İsmail) 86 yaşında vəfat edib.
1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində doğulan Məmməd İsmayıl gənc yaşlarından sözə könül verdi. Bakı Dövlət Universitetini bitirdi, Moskva Ali Ədəbiyyat Kursunu tamamladı. Ədəbi mühitə gəldiyi ilk gündən millətinin sözünü, dərdini, ağrısını dilə gətirdi.
Azərbaycan Dövlət Televiziyasının rəhbəri olduğu dövrdə milli mədəniyyətin, sözün və düşüncənin efirdə təbliğinə önəm verdi. “Gənclik” jurnalına rəhbərlik edərək, onun nəzdində “Gənclik" Ədəbiyyat Dərnəyi yaratdı. Bu ocaqdan onlarla yeni imza yetişdi, ədəbiyyatımıza yeni nəfəs gəldi. Haqqında deyilirdi ki, “Gənclik” jurnalı ədəbiyyatda bir inqilab oldu.
1988–1992-ci illərdə xalqın azadlıq mübarizəsinə qoşuldu. Xalq Hərəkatının öncüllərindən, Demokratik Qüvvələr Birliyinin həmsədrlərindən biri oldu. Onun sözləri, çıxışları meydanlarda səsləndi, xalqın yaddaşına həkk olundu. O, milliyyətçi, türkçü düşüncəsini bütün yaradıcılığı boyu qorudu və tərənnüm etdi.
Ömrünün sonrakı illərində Türkiyəyə köçdü, TİKA və Türk Dil Qurumu ilə layihələrdə iştirak etdi. Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi fəaliyyət göstərdi, gənclərə dərs dedi. 2013-cü ildə professor elmi statusunu aldı.
Məmməd İsmayılın poeziyası milli duyğularla yoğrulmuşdur. Onun ən məşhur əsərlərindən biri “Bir adam yol gedir bizdən qabaqda” şeiridir. Bu şeir xalqın dilində əzbər oldu, nəsillərə yol göstərdi:
Bir nurlu sahil var hələ sabahda,
Qaranlıq sulara yol açar avar.
Bir adam yol gedir bizdən qabaqda,
Amma bir adam da bizdən sonra var!
Şairin qürbət həsrətini ifadə edən misraları isə hər bir oxucunun qəlbinə toxunurdu:
“Kiminsə yadında qalan bənddəyəm,
Hələ söz Vətəndə, mən qürbətdəyəm!”
Onun şeirlərində həyat fəlsəfəsi də dərinliklə ifadə olunurdu:
“Ürəyin Vətəndə,
Bədənin qürbətdə…
Ölüm!”
Məmməd İsmayıl türk birliyi ideyalarını da poeziyasının baş mövzularından etmişdi:
“Min yel atına,
Arazı qınından çəkib sıyır gəl:
Cənublar, Şimallar bir ola bəlkə,
Ayrılan mahallar bir ola bəlkə,
Məqsədlər, amallar bir ola bəlkə!”
Vətən sevgisini insan ömrü ilə birləşdirən misraları isə oxucuların yaddaşında əbədi qalacaq:
“Mənim ilk yatağım – ana qucağı,
Mənim ilk yatdığım oda beşiktir.
Önümdə güzarım – Vətən torpağı,
Sonunda məzarımsa o da beşiktir.”
Şair yaradıcılığına və xidmətlərinə görə dəfələrlə təltif olunub. O, Azərbaycan SSR-in “Qızıl Qələm” mükafatına, 1997-ci ildə isə Türkiyə Yazarlar və Sənətkarlar Vakfının “Türk Dünyasına Hizmət Ödülü”nə layiq görülüb. Bu mükafatı alan ilk azərbaycanlı mütəfəkkir olub.
Məmməd İsmayıl ömrünü sözə, millətinə və türkçülük ideyasına həsr etmiş böyük bir şəxsiyyət idi. Onun adı, ideyaları və misraları xalqımızın yaddaşında əbədi yaşayacaq.
Yeni Müsavat Media Qrupu olaraq böyük şairin ailəsinə, yaxınlarına və bütün ədəbiyyatsevərlərə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ