İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad edilmiş ərazilərdən 800-ə yaxın itkinin qalıqları götürülüb - DTX rəisi

Oktyabrın 1-nə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.

Musavat.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu kontekstdə həmin ərazilərdə aparılan qazıntılar zamanı aşkarlanan 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib:

"Həmin ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilən digər təxirəsalınmaz tədbirlər nəticəsində 342 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bundan başqa, I Qarabağ müharibəsində həlak olmuş və respublikanın 20 şəhər və rayonunun ərazisində yerləşən 31 qəbiristanlıqda tanınmadan dəfn edilən naməlum şəhid məzarlarından 210 nəfərə aid meyit qalığı ekshumasiya edilib".

Ə.Nağıyev həmçinin qeyd edib ki, sadalananlar fonunda aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər.

Dövlət Komissiyasının sədri xatırladıb ki, 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb:

"Onlardan 3 min 984 nəfəri XX əsrin 90-cı illərində yəni, I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüblər. 3 min 990 nəfərdən 3 min 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocalardır. Eyni zamanda hazırda 3 min 800-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb sistemləşdirilib".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR