İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan məktəblilərinin Dubayda başına gələnlər

Valideynlərin pul ödəyib övladlarını göndərdiyi olimpiada nə rəsmi tanınır, nə də universitet qəbuluna hüquq verir

Məktəblilər arasında Dubayda keçirilən FİSO olimpiadasının beynəlxalq sertifikatlı olmadığı məlum olub. Bu iddia ilə riyaziyyatçı alim, valideyn Vəfa Məmmədova çıxış edib.

Valideyn deyir ki, övladı əvvəlcə Azərbaycanda keçirilən FİSO adlı olimpiadada gümüş medal qazanıb. Daha sonra onlara Dubayda keçiriləcək eyniadlı beynəlxalq riyaziyyat olimpiadasına qoşulmaq təklif olunub. Valideyn yarışmaya qatılmaq üçün “Global Olimpiad Center” adlı təhsil mərkəzinə 5000 manat məbləğində vəsait ödəyib.

Dubayda keçirilən FİSO olimpiadasının beynəlxalq sertifikatlı olmadığı  məlum olub - Mektebgushesi

Lakin sonra başqa məqamlar üzə çıxıb. Valideyn Vəfa Məmmədova bu olimpiadanın beynəlxalq statuslu olmadığını, gələcəkdə şagirdə heç bir faydası olmayacağını öyrəndiyini bildirib. Valideyn həmçinin təşkilatçılıq məsələlərində nöqsanların olduğunu və testlərin doğru tərtib olunmadığını iddia edir.

Onun sözlərinə görə, həmin olimpiadaya Azərbaycandan təxminən 200-ə yaxın şagird və onların valideynləri qatılıb.

“Global Olympiad Center” mərkəzinin direktoru Xəyal İbrahimzadə açıqlamasında ittihamların əsassız olduğunu bildirib: “FISO beynəlxalq yarışması Dubayda 13-17 iyul tarixlərində keçirilməli idi. Ölkə mərhələsində medal əldə edənlər finala vəsiqə qazanmışdılar. Ötən il olduğu kimi, bu il də final Dubayda və Koreyada keçirilirdi. Biz valideynlərlə görüşüb onlara bütün prosesi, o cümlədən ödənişlə bağlı ətraflı izahı vermişdik. Finala getmək isə könüllü idi, Vəfa xanım da həmin valideynlərdən biri idi. Ayın 13-də biz hava limanında olarkən İsrailin İranı bombalamasına görə uçuşlar dayandırıldı. Bütün ölkələr ayın 13-də orada olsa da, biz gedə bilmədik. Ayın 14-də imtahan olmalı idi, biz təşkilatçıdan xahiş etdik ki, bizə görə yarışı bir gün sonraya 15-nə dəyişsinlər. Uçuşlar bərpa olunandan sonra biz Dubaya uçduq. Lakin ölkələrin çoxu 15-i iştirak etmişdi. Təşkilatçıdan xahiş etdik ki, ayın 16-da mükafatlandırılma olan günü bizim uşaqlar üçün həm də yarış keçirilsin. 3 günə olacaq prosesi 1 günə sığışdırdıq”.

Direktor qeyd edib ki, əgər sərhədləri dünya ölkələri tərəfindən tanınan ən azı 3 ölkə iştirak edirsə, bu, beynəlxalq yarışma sayılır: “Burada isə 14 ölkə - Türkiyə, Rusiya, Vyetnam, Çin, Qazaxıstan, Qırğızıstan, Malayziya, Bolqarıstan və s.-dən nümayəndələr iştirak edib. FISO-nun tərəfdaş ölkələri arasında, ümumiyyətlə, Avropa ölkələri yoxdur. Azərbaycan kimi ölkələrdən şagirdlərin beynəlxalq universitetlərə qəbul almağı üçün beynəlxalq yarışlardan, olimpiadalardan mükafatlar daha çox şans deməkdir. FISO isə olimpiada deyil, beynəlxalq yarışdır. Biz həmin valideynə deməmişik ki, FISO nəticəsi hər hansı universitetə qəbul verir. Bu, sadəcə, üstünlük qazandırır. FISO-nun saytında 40-a yaxın ölkənin qoşulması ilə bağlı məlumat var və hər ölkə turunda nə qədər iştirakçı olduğu, neçə nəfərin qalib olması ilə bağlı məlumatlar yer alıb. Həmin valideynin ittihamları əsassızdır, arxasında kimlərsə dayanır, şər-böhtandır”.

X.İbrahimzadə həmçinin əlavə edib ki, sözügedən məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunub.  (“Qafqazinfo.az”)

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR | Modern.az

 Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bunlar beynəlxalq səviyyəli olimpiadalar deyil. İştirakçıların və qaliblərin sayı həddən artıq çox olur. Təsdiq edilmiş olimpiadalarda 1-ci, 2-ci, 3-cü yerlər, hər yer üçün 2-3 qalib seçilə bilər, amma FISO kimi yarışmalarda dünyanın müxtəlif ölkələrindən qaliblərin və qızıl medalçıların sayı 500-600 nəfərdir.  Belə yarışmalar heç bir indeksdə yoxdur, sertifikat versə belə, hüquqi qüvvə daşımır. Belə olan halda valideynlər özlərini aldanmış hiss edirlər.

Qeyd edək ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Məktəblilərin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışının təmin edilməsi məqsədilə Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb və fəaliyyətə başlayıb. Belə ki, 5 müxtəlif fənn və yaş qrupları üzrə 300-dən çox şagird həmin mərkəzlərdə olimpiadalara hazırlıq prosesinə qoşulur. Bu mərkəzlərdə şagirdlərin nəzəri və praktiki hazırlıqlarının təmin edilməsi üçün orta və ali məktəblərdən mütəxəssislər dəvət olunur, eyni zamanda əcnəbi mütəxəssislərin dəstəyi ilə hazırlıqlar aparılır.

Hazırlıq mərkəzlərinə istedadlı şagirdlərin cəlb edilməsi və onlarla uzunmüddətli çalışma imkanının olması məqsədilə aşağı sinif şagirdləri (VI-VII sinif) arasında fənn müsabiqələri keçirilir. Həmin fənn müsabiqələrinin nəticələrinə əsasən, hər fənn üzrə qalib olan 30-a yaxın şagird mərkəzlərə dəvət edilir.

992-ci ildən günümüzədək Azərbaycan məktəbliləri iştirak etdikləri müxtəlif beynəlxalq fənn olimpiadalarında 58 qızıl, 207 gümüş və 475 bürünc medal olmaqla ümumilikdə 740 medal qazanıblar. Son 5 ildə isə məktəblilərimiz 23 qızıl, 82 gümüş və 175 bürünc medal olmaqla ümumilikdə 280 medal qazanıblar.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR