Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda müstəqillik dövründən etibarən dini müxtəliflik artmağa başlasa da, bu proses bəzən təhlükəsizlik, milli-mənəvi dəyərlər və ictimai sabitlik baxımından narahatlıq doğuran meyllərlə müşayiət olunub. Dövlət və cəmiyyətin diqqətində olan əsas məsələlərdən biri radikal dini təriqətlərin fəaliyyəti və onların yayılma dinamikasıdır. Bu baxımdan, həm İslam daxilindəki, həm də qeyri-İslam mənşəli bəzi dini cərəyanlar radikal və ya təhlükəli sayılıb və müxtəlif səviyyələrdə nəzarətə alınıb.
İslam daxilində Azərbaycanda ən çox müzakirə və narahatlıq doğuran cərəyan vəhhabilik (selefizm) olub. Bu təriqət Quran və Sünnəyə qayıdış çağırışları ilə yanaşı, İslamın ilk dövrlərinə dönmə ideologiyasını təbliğ edir, digər məzhəbləri və dini yenilikləri inkar edir. Vəhhabilik xüsusilə 1990-cı illərin ortalarından etibarən ölkənin şimal və qərb bölgələrində, o cümlədən Quba, Zaqatala, Balakən, Gəncə və Sumqayıt şəhərlərində yayılıb. Bəzi hallarda məscidlərdə qarşıdurmalar, rəsmi din siyasətinə qarşı çıxışlar qeydə alınıb. Dövlət bu təriqətin fəaliyyətini nəzarətdə saxlayır və bəzi qrupları ekstremizmə meylli hesab edir.
Türkiyə mənşəli nurçuluq və süleymançılıq kimi təriqətlər də Azərbaycanda təhsil və maarifçilik yolu ilə təsir göstərməyə çalışıblar. Nurçuluq Said Nursinin təlimləri əsasında formalaşıb və əsasən tələbələr arasında, ali məktəblərdə yayılıb. Dövlət bu təriqətin fəaliyyətinə qadağa qoyub və qeyri-qanuni dini kurslar təşkil edənlərə qarşı tədbirlər görüb. Eyni yanaşma süleymançılıq təriqətinə də tətbiq edilib. Onların gizli dini tədris fəaliyyətləri dövlət orqanları tərəfindən qeydə alınıb və bəzi hallarda təriqət üzvləri ölkədən çıxarılıb.
Radikal dini fəaliyyətin daha sərt forması kimi “İslam Dövləti” (İŞİD), “əl-Qaidə” kimi beynəlxalq terror təşkilatları ilə əlaqəli fəaliyyətlər də müşahidə olunub. Bu qruplara simpatiya göstərən və ya sıralarına qoşulmaq üçün Suriyaya, İraqa gedən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Bu kateqoriyaya daxil olan fəaliyyətlər Azərbaycanın terrorçuluğa qarşı mübarizə qanunvericiliyi çərçivəsində ciddi şəkildə cəzalandırılır. Qeyri-İslam mənşəli dini təriqətlər arasında “Yehovanın Şahidləri” xüsusi yer tutur. Bu təşkilat klassik xristian inancından fərqli təlimləri ilə tanınır və Azərbaycanda bir sıra yerlərdə fəaliyyət göstərir. Onların siyasi fəaliyyətdən imtina etməsi, vətənpərvərlik mövqeyinə qarşı çıxması və rəsmi dini sistemdən kənarda qalmaq istəkləri dövlətin narahatlığına səbəb olub. Onların bəzi yığıncaqları qeyri-qanuni elan edilib, dini ədəbiyyat yayımı nəzarət altına alınıb. Bəhai dini və bəzi yeni dini hərəkatlar (Scientology, Moon təriqəti və s.) də zaman-zaman Azərbaycanda fəaliyyət göstərməyə cəhd ediblər. Bəhai icmaları bəzi şəhərlərdə mövcuddur, lakin onların fəaliyyəti də dövlət nəzarətindədir və geniş ictimaiyyət tərəfindən qəbul olunmur.
Azərbaycanda dövlətin dini sahəyə münasibəti “dini etiqad azadlığı” prinsipini tanımaqla yanaşı, dini radikalizmin qarşısının alınması, cəmiyyətin milli-mənəvi bütövlüyünün qorunması və ictimai asayişin təmin olunması istiqamətində sərt nəzarət mexanizmləri üzərində qurulub. Bu çərçivədə xüsusilə qeydiyyatsız dini fəaliyyətlər, xarici təsir altındakı dini təbliğatlar və ictimai ziddiyyətlər yarada biləcək ideoloji yönlər nəzarətdə saxlanılır və lazım gəldikdə hüquqi müdaxilə ilə qarşısı alınır.
Bu yaxınlarda deputat Ceyhun Məmmədov Milli Məclisdə dini sahə ilə bağlı dinləmələrin keçirilməsini təklif edib. Deputat parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında deyib ki, qeyri-ənənəvi radikal təriqətlərin yayılması və onların təsir imkanlarının artması bizi narahat etməlidir. Onun sözlərinə görə, son proseslər, dünyada gedən hadisələr onu göstərir ki, dindən alət kimi istifadə olunur: “Azərbaycanın uğurları artdıqca müəyyən qüvvələr xüsusilə dini sahədə aktivləşirlər. Din bu gün onlar üçün əsas təsir alətinə çevrilib. Gələcəkdə bu cəhdlər artacaq. Bizə yad olan qeyri-ənənəvi təriqətlər yayılır. Buna görə də təklif edirəm ki, ölkədə dini sahə ilə bağlı dinləmə keçirilsin”.
Bəs deputatın bu narahatlığı üçün əsas varmı? Hansı qeyri-ənənəvi radikal təriqətlər ölkəmiz üçün təhdiddir?
Samid Quliyev
Mövzu ilə bağlı ilahiyyatçı-alim Samid Quliyev “Yeni Müsavat”a fikrini bölüşüb: “Rəqəmsal texnologiyaların sürətli inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr və internet vasitəsilə cəmiyyətimizin dəyərləri ilə uzlaşmayan, ölkəmiz üçün yad olan qeyri-ənənəvi və radikal dini təriqətlərin yayılması tendensiyası müşahidə olunmaqdadır. Artıq İslamda minbər mədəniyyəti belə sosial media üzərindən həyata keçirilir və bəzən bu, sadəcə, izləyici qazanmaq məqsədi daşıyır. Bu kimi hallar, xüsusilə gənclər arasında təriqətlərin təsiri ilə formalaşan yanlış dini təsəvvürlərin yaranmasına və geniş yayılmasına səbəb ola bilər ki, bu da ciddi narahatlıq doğurur.
Bununla yanaşı, sürətlə rəqəmsallaşan yeni dünya düzəni fonunda hüquqi-normativ bazaların da yenilənməsi zərurəti meydana çıxır. Virtual məkanda yayılan dini ekstremizm və radikal çağırışlara qarşı effektiv mübarizə aparmaq üçün hüquqi mexanizmlərlə yanaşı, maarifləndirici tədbirlər də sistemli və məqsədyönlü şəkildə həyata keçirilməlidir. Bu fəaliyyət yalnız kampaniya xarakterli tədbirlərlə məhdudlaşmamalı, davamlı və ardıcıl hal almalıdır.
Xüsusilə məktəblilər və gənclər üçün milli-mənəvi dəyərlərə əsaslanan tərbiyə modellərinin formalaşdırılması, dini biliklərin artırılması əsas prioritetlərdən olmalıdır. Eyni zamanda media və sosial platformalarda sağlam və elmi əsaslara söykənən dini məlumatların yayılması, dini suallara mütəxəssislər tərəfindən dolğun və doğru cavabların verilməsi, eləcə də radikal ideologiyalara qarşı alternativ və maarifləndirici fikirlərin təqdim olunması vacib addımlar sırasındadır".
Hazırladı: Afaq Mirayiq
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ