Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin tapşırığı ilə başladılan və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirilən proses uğurla davam edir. Cebhe.info yazır ki, Müsavat Partiyasının Məclis sədri Arif Hacılı çıxışlarının birində bildirib ki, bu prosesin başlanmasında xüsusi rol oynayıblar.
Elşad Musayev
Arif Hacılının fikirlərinə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev deyib ki, siyasi partiyalar arasında dialoq mühitinin yaranmasında Müsavat Partiyasının hansısa rolu olmayıb: “Milli birlik və həmrəyliklə bağlı addımı Müsavat və ya hansısa müxalifət partiyası deyil, Prezident İlham Əliyev atıb. Dövlət başçısının təşəbbüsü ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən dialoq mühiti formalaşdırılıb”.
Partiya sədri diqqətə çatdırıb ki, əslində Müsavat Partiyası başladılan prosesi pozmağa çalışıb: “Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) prosesdə "tormozlayıcı" rol oynamağa çalışıb. Bu partiyaların siyasi dialoq və həmrəylik mühitinin formalaşmasında hansısa rolu yoxdur. Ümumiyyətlə, onlar bəyanatlara belə imza atmayıblar. Arif Hacılının dedikləri tamamilə böhtandır və hansısa əsası yoxdur. Digər partiyalar isə həmrəylik və əməkdaşlıq yolunda hakimiyyətlə birgə addım atmaqla bağlı ortaya konkret mövqe qoydular. Siyasi partiyaların hakimiyyətlə birlikdə keçirilən “Zoom” toplantısında partiya sədrləri çıxış etdilər.
Mən o toplantıda öz mövqeyimi ortaya qoydum. Əgər varsa, Arif Hacılı və onun kimilər də zamanında etdikləri çıxışları ortaya qoysunlar. Görək onlar hansı təşəbbüslə çıxış ediblər. Biz bütün hallarda bu prosesi uğurla aparan Prezident İlham Əliyevin rolunu alqışlayırıq. Prosesin əsas lokomotivi birbaşa dövlət başçımızdır. Proses də siyasi partiyaların güclənməsinə xidmət edir".
Elşad Musayev vurğulayıb ki, Arif Hacılı bu məsələ barədə danışmasa yaxşıdır: “Yalandan təşəbbüsü üzərlərinə götürməyin mənası yoxdur. Məsuliyyət götürən idilərsə, elə 30 il bundan qabaq edərdilər. Sadəcə olaraq, gündəmdə qalmaq üçün belə bəyanatlar səsləndirirlər. Əslində Müsavat Partiyasının birlik və həmrəylik yaratmaq üçün gücü, potensialı yoxdur. Əksinə, Azərbaycan müxalifətinin dağılmasında ən böyük rolu oynayan AXCP-Müsavat cütlüyüdür. Vətən müharibəsində də, ondan sonra da yalnız pozuculuq fəaliyyəti ilə məşğul olublar. Onlar Azərbaycanın əleyhinə olan qüvvələrin keçirdiyi bütün tədbirlərdə iştirak edirlər”.
Tural Abbaslı
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan, dialoq mühitinin əsas aparıcı partiyalarından sayılan AĞ Partiya başqanı Tural Abbaslı bildirib ki, həmin iki partiya nəhayət öz səhvlərini başa düşüblər: “Bu proses başlayanda 60-dan yuxarı partiya var idi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ilk görüşdüyü partiya da AĞ Partiya idi. Biz bu görüşdə iştirak etdik və dialoqun lazımlı, vacib olduğunu bildirdik. İctimaiyyətə də ilk dəfə bu məlumatı verən, dialoqun lazımlı olduğunu müdafiə edən, siyasi həmrəyliyin yaranmasının labüdlüyünü önə çəkən partiyalardan biri, bəlkə də birincisi AĞ Partiya idi. Hər kəs həmin dönəmdə bu dialoqu "xainlik, alver" kimi vurğulayan partiyaların hansılar olduğunu yaxşı bilir. Siz baxsanız görərsiniz ki, bütün partiyalarla görüşüldü, cəmi iki partiya bu görüşdən imtina etdi. İndi bu gün həmin partiyalar dialoqdan danışırlar. Nəinki şöbədə görüşlərdə, Azərbaycan xalqı üçün müqəddəs olan, işğaldan azad edilən ərazilərə səfərlərdə həmin partiyalar vahid mövqe nümayiş etdirmədilər. Eləcə də Şuşanın alınması, bütövlükdə Qarabağın azad edilməsi ilə bağlı partiyaların birgə bəyanatlarına imza atmadılar. Sonda ictimai qınaqdan çəkinərək ayrılıqda imza atdılar. Ümumiyyətlə, bu partiyaların mövqeyi daim ayrımcı olub. Dialoq mühitində iştirak edən partiyaları aşağılamaq, onları gözdən, nüfuzdan salmaq, bu dialoq mühitini lağlağı obyektinə çevirmək üçün əllərindən gələni etdilər. Sonradan cəmiyyətin bu prosesi müsbət qarşıladığını gördükdən sonra artıq bu hücumları nisbətən səngitdilər. Gördülər ki, bu, özlərinə ziyan edir. İndi də ola bilsin ki, bu prosesə sahiblənmək istəyirlər. Amma bunlar heç də uzaq bir tarix deyil. Sosial şəbəkələr aktivdir, internet mühiti var. Kimin yanlış mövqedə olduğu bir axtarışla tapıla bilər. Mənim üçün sevindirici haldır ki, zamanında dialoq yolunda addımlar atanda bizi ittiham edənlər indi bizim atdığımız addımların doğruluğunu təsdiq edirlər. Bu qatara qoşulmaq istəyirlərsə, bu, müsbət haldır. Amma gərək atdıqları addımların, verdikləri bəyanatların arxasında durmağı bacarsınlar. Əks təqdirdə, daha 30 il də müxalifətdə qalacaqlar".
“Prezident İlham Əliyevin siyasi iradəsi əsasında, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirilən siyasi dialoq prosesi ardıcıl və uğurlu şəkildə davam etdirilir. Bu təşəbbüsün əsas məqsədi ölkəmizdə milli həmrəyliyi möhkəmləndirmək, siyasi qüvvələr arasında sağlam əməkdaşlıq mühitini formalaşdırmaqdır. Birmənalı olaraq vurğulaya bilərik ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi dövlət başçısının bu istiqamətdə qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir”.
Vüqar İskəndərov
Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının funksionerlərindən olan, Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat əlavə edib ki, bununla yanaşı, bəzi siyasi partiyalar bu məsələdə ictimai fikri yanlış istiqamətə yönəltmək, Azərbaycan dövlətinin iradəsi əsasında reallaşan siyasi dialoq prosesini öz adlarına çıxmaq üçün cəhdlər edirlər: “Təəssüf doğuran məqam ondan ibarətdir ki, Müsavat Partiyasının rəhbər şəxslərindən biri olan Arif Hacılı bu prosesin başlanmasında guya özlərinin xüsusi rol oynadıqlarını iddia edir. Əslində isə bu, tamamilə həqiqətdən uzaq, əsassız bir fikirdir. Siyasi dialoq və milli birliklə bağlı addımı nə Müsavat, nə də hər hansı başqa müxalifət partiyası atıb. Bu təşəbbüsün müəllifi və təminatçısı yalnız və yalnız Prezident İlham Əliyevdir. Əsl həqiqət odur ki, Müsavat Partiyası, eləcə də AXCP bu prosesin formalaşmasında heç bir iştirak və dəstək göstərməyiblər. Əksinə, onlar dialoqu pozmaq, prosesə süni əngəllər yaratmaq istiqamətində davranış nümayiş etdiriblər. Nə imzalanan bəyanatlarda iştirak ediblər, nə də milli həmrəyliyin möhkəmlənməsinə töhfə veriblər”.
Deputat vurğuladı ki, hətta 44 günlük Vətən müharibəsi dövründə belə AXCP və Müsavat milli həmrəyliyin və siyasi birliyin dəstəkçilərinin yanında dayanmadılar: "Bu isə onların ictimai etimadı doğrultmadığını bir daha ortaya qoydu. Ona görə də Arif Hacılının səsləndirdiyi fikirlər yalnız ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və heç bir əsasa malik deyil".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ