Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda ictimai tualet problemi artıq sadəcə narahatlıq yox, ictimai rüsvayçılıq həddinə çatıb. Bakı kimi böyük şəhərlərdə belə sanitar qovşaqların sayı çox azdır, əksəriyyəti isə bərbad vəziyyətdədir.
Rayonlarda, kəndlərdə isə bu məsələ, ümumiyyətlə, yox sayılır. Bu durum vətəndaşların elementar ehtiyaclarının təmin olunmaması ilə yanaşı, ölkənin turizm imicinə də ciddi zərbə vurur. Bu gün ölkə boyu kol dibi “mədəniyyəti” yaşanır.
Paytaxt Bakıdan rayonlara gedən əsas magistral yollarda tualet adına antisanitar vəziyyətdə olan balaca daxmalar, ya da qapısı bağlı sanitar qovşaqlar var. Qalan hallarda isə insanlar ən primitiv “kol dibi həllinə” məcbur qalır. Bu yalnız magistral yollarda deyil, park və ictimai məkanlarda da belədir. Bakı şəhərində yüzlərlə park və istirahət zonası var, amma onların çoxunda nə müasir sanitar qovşaqlar var, nə də olanlar işlək vəziyyətdədir.
Valideynlər uşaqları ilə birlikdə parklarda gəzərkən, idmançılar açıq havada məşq edərkən ən adi ehtiyac üçün məcburən restoran və kafelərə yönəlir. Amma orada da çox vaxt “müştəri deyilsinizsə, girmək olmaz” cavabı ilə qarşılaşırlar.
Bu rüsvayçı vəziyyətə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr müavini, tanınmış memar Elçin Əliyev diqqət çəkərək bildirmişdi ki, hətta pullu yollarda belə müasir sanitar qovşaqlar tapmaq müşkülə çevrilib:
“Almaniyada, Fransada, hətta qonşu Türkiyədə hər 20-30 kilometrdə müasir sanitar qovşaqlar var. Bizdə isə məsul qurum məsuliyyət daşımır, nəticədə ictimai tualetləri kol-ağac dibi, binaların blokları, dalanlar əvəzləyir. Bakı Baş Planında belə, ictimai tualetlərin inkişafı nəzərdə tutulmayıb”.
Memarın sözlərinə görə, məsələni daha da absurd edən yolüstü restoranlarda tətbiq olunan “məcburi alış şərtidir”. Yəni tualetdən istifadə üçün mütləq bir məhsul, məsələn, bir hamburger və ya içki almaq tələb olunur. Bu isə xüsusilə ailələr, yaşlılar və fiziki məhdudiyyətli insanlar üçün böyük çətinlik yaradır.
Problemin miqyası elədir ki, ölkənin simvolik məkanları da bu böhrandan kənarda deyil. Məsələn, Bakı Olimpiya Stadionu on minlərlə insanı qəbul edən nəhəng idman arenasında belə, ziyarətçi sayına uyğun tualet yoxdur. Olan azsaylı sanitar qovşaqlar isə yalnız rəsmi tədbirlər zamanı işləyir, digər vaxtlarda ziyarətçilərin üzünə bağlanır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə məsələni yalnız infrastruktur yox, mədəniyyət problemi kimi qiymətləndirib:
“İctimai ayaqyollarının olması fəaliyyət göstərən bir mədəniyyətdir. Bu, ölkənin təmizliyinin nümunəsidir. Mədəniyyət zibil qabından, sanitar qovşaqlardan başlayır. Paris kimi kapitalist şəhərdə tualetlər pulsuzdur. Azərbaycanda isə restoranlarda tualetdən istifadə etmək üçün sahibindən icazə alınmalı, ya da pul ödənilməlidir. Bu, biabırçılıqdır. Nəzərə alsaq ki, Azərbaycan turizm ölkəsidir, bu sahəyə xüsusi diqqət edilməlidir”.
E.Hüseynovun sözlərinə görə, bu məsələ turizm üçün də ciddi risk yaradır:
“Ölkəyə gələn qonaqlar komfort şərait gözləyir. Əgər turist vaxtında su içməsə və ya ayaqyolu tələbatını ödəyə bilməsə, mənfi təəssüratla geri qayıdır. Turizm marşrutlarında, regionlara gedən yollarda və şəhərdə sanitar qovşaqların olmaması rüsvayçılıqdır”.
Müstəqil Həmkarlar İctimai Birliyinin həmtəsisçisi Xəzər Teyyublu isə problemin daha kəskin ifadəsini verir.
O, Musavat.com-a deyib ki, bu, sadəcə rahatlıq yox, insan ləyaqəti məsələsidir:
“İctimai tualet problemi artıq sosial rüsvayçılıq həddini keçib. Dünyanın hər yerində sanitar qovşaqlar dövlət siyasətinin bir hissəsi kimi qurulur. Bizdə isə məsuliyyət ya bələdiyyələrin, ya da özəl obyektlərin üstünə atılıb. Bu yanaşma kökündən səhvdir. Dövlət məsuliyyəti üzərinə götürməli, bələdiyyələrlə və özəl sektorla birgə ictimai tualetlər şəbəkəsini qurmalıdır”.
Xəzər Teyyublunun sözlərinə görə, problemin həlli üçün böyük büdcə tələb olunmur:
“Sadə modul tipli sanitar qovşaqlar, müasir biotualetlər, park və stadionlarda pulsuz və ödənişsiz tualetlər qurmaq mümkündür. Bu iş turizm və ictimai sağlamlıq baxımından prioritet elan edilməlidir. Əks halda, biz bu rüsvayçılıqdan qurtula bilməyəcəyik”.
İctimai tualet böhranı Azərbaycanın sosial infrastrukturunda “görünməz, amma kəskin” böhranlardan biridir. Bu, yalnız rahatlıq deyil, həm də insanlara hörmət, gigiyena və ölkənin beynəlxalq imici məsələsidir.
X.Teyyublunun fikrincə, problemin həlli üçün dövlət məsuliyyəti üzərinə götürməli, bələdiyyə və özəl sektorla birgə müasir ictimai tualet şəbəkəsi qurulmalıdır:
“Hazırda məsuliyyət əsasən iaşə obyektlərinin üzərinə qoyulub. Amma reallıqda restoran və kafelərin çoxu öz sanitar qovşaqlarını ictimaiyyət üçün açmaq istəmir. Bunu edənlər də keyfiyyətli xidmət göstərə bilmir. Çünki heç bir dövlət dəstəyi yoxdur, nəzarət isə formal xarakter daşıyır. Bu problemi həll etmək üçün kosmetik tədbirlər kifayət deyil. Biz dövlətin dərhal, sistemli şəkildə müdaxiləsini tələb edirik”.
Xəzər Teyyublu deyib ki, restoran və kafe tualetlərini ictimaiyyət üçün açan sahibkarlara vergi güzəştləri verilməli, dövlət büdcəsindən aylıq simvolik ödənişlərlə onların təmizlik xərcləri qarşılanmalıdır:
“Yerli icra hakimiyyətlərinə hər 2-3 km məsafədə ən azı bir pulsuz və ya simvolik ödənişli ictimai tualet qurmaq öhdəliyi qoyulmalıdır. Müstəqil ictimai birliklər və qeyri-hökumət təşkilatları sanitar qovşaqların vəziyyətinə dair mütəmadi monitorinqlər aparmalı, nəticələr ictimaiyyətə açıqlanmalıdır”.
X.Teyyublunun sözlərinə görə, ictimai tualet problemi ölkədə insan hüquqları və sosial təminat məsələlərinin bir parçasıdır:
“İnsanların elementar ehtiyaclarını təmin etməyən cəmiyyət ləyaqət və sosial ədalət anlayışından uzaqdır. Bu problemin həllinə yalnız sahibkarın öhdəliyi kimi baxmaq olmaz. Dövlət bu işdə həm maliyyə, həm də inzibati dəstək verməlidir. Əks halda, bu məsələ illərlə həllini tapmayacaq və Azərbaycan vətəndaşı öz ölkəsində belə özünü narahat hiss edəcək”.
Xəzər Teyyublu deyib ki, məsələ yalnız vətəndaş rahatlığı ilə bitmir:
“Xarici turistlərin Azərbaycanda ən çox şikayət etdiyi məsələlərdən biri məhz ictimai sanitar qovşaqların olmamasıdır. Bu isə ölkənin beynəlxalq imicinə birbaşa zərər vurur. Türkiyədə böyük şəhərlərdə ictimai tualetlər həm bələdiyyələr, həm də özəl iaşə obyektləri tərəfindən idarə olunur. Bələdiyyə tualetləri çox vaxt simvolik ödənişlə, 1-5 lirəyə işləyir, təmizlik xərcləri bələdiyyə büdcəsindən qarşılanır. Özəl obyektlərdə tualetlər dövlətlə müqavilə əsasında açıq saxlanılır. Bunun qarşılığında kafe və restoran sahibləri müəyyən vergi güzəştləri və ya dəstək alırlar.
Almaniyada isə “Nette Toilette” adlı layihə icra olunur. Bu layihə çərçivəsində restoran və kafelər öz tualetlərini ictimaiyyət üçün açır. Bələdiyyə onlara aylıq 100-300 avro arası ödəniş edir. Şəhər sakinləri və turistlər bu yerləri xüsusi mobil tətbiqlər vasitəsilə rahat tapa bilir. Yaponiyada isə estetik və texnoloji yanaşma var. Tokioda bələdiyyə və iri şirkətlər tərəfindən super-təmiz, pulsuz və dizayner həlli olan tualetlər qurulub. “Tokyo Toilet Project” adlı layihə ilə şəhərin mərkəzi parklarında şəffaf divarlı, istifadədən sonra avtomatik özünü təmizləyən sanitar qovşaqlar var”.
X.Teyyublu vurğulayıb ki, Azərbaycanda tualetlərini ictimaiyyət üçün açan kafe və restoranlara əmlak və mənfəət vergisində güzəşt tətbiq etmək olar:
“Bununla yanaşı, güzəştli təmizlik vasitələri ilə də tualetləri ictimaiyyətin üzünə aça bilərik. Dövlət və ya bələdiyyə bu obyektlərə təmizlik və gigiyena vasitələrini topdan, aşağı qiymətlə təmin edə bilər. Almaniya modelinə uyğun olaraq, obyektlərə aylıq kiçik məbləğdə, məsələn, 100-200 manat ödəniş edilə bilər. İcra hakimiyyətlərinə şəhər və qəsəbələrdə hər 2–3 km məsafədə ən azı 1 pulsuz və ya simvolik ödənişli tualet qurmaq öhdəliyi qoyulmalıdır. Layihələr üçün bələdiyyə-biznes tərəfdaşlığı modeli tətbiq edilə bilər. Hansı obyektlər keyfiyyətli xidmət göstərirsə, onların siyahısı ictimaiyyətə açıqlanmalı, xüsusi “gigiyena sertifikatı” verilməlidir. Azərbaycanda “İctimai Tualet Xəritəsi” adlı tətbiq hazırlanaraq vətəndaşlar və turistlər üçün ən yaxın və keyfiyyətli sanitar qovşaqları göstərməlidir. Bakıda və iri turizm mərkəzlərində müasir, estetik və pulsuz ictimai tualetlər tikilməli, bu obyektlər Azərbaycanın qonaqpərvərlik brendinin bir hissəsinə çevrilməlidir”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ