Onlayn ictimai-siyasi qəzet
Qısqanclıq zəminində ərini bıçaqlayan qadının cinayət işi üzrə istintaq yekunlaşıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə təqsirləndirilən Aynur Nağıyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Məhkəmə baxışı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxsə zərərçəkmişi qəsdən öldürmək niyyətinin olub-olmaması ilə bağlı sual ünvanlayıb. Aynur Nağıyeva bu sualı mənfi cavablandıraraq bildirib ki, əgər öldürmək niyyəti olsaydı, zərbəni birbaşa ürək nahiyəsinə endirərdi. Onun sözlərinə görə, hadisə qısqanclıq zəminində baş verib.
Zərərçəkmiş şəxs Sakit Nağıyev ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxs onu öldürə bilərdi, lakin bu, baş verməyib. Həmin vaxt o, yuxuda olmayıb, telefonla məşğul imiş.
Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsinə başlanılıb. Protokolların baxışı zamanı təqdim olunmuş telefon yazışmalarında “Nəfəsim” adlı istifadəçiyə yazılmış “Nə qədər vurdum, ölmədi” məzmunlu mesaj aşkar edilib.
Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.
Dövlət ittihamçısı çıxışında Aynur Nağıyevanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) təqsirli bilinməsini və onun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini təklif edib.
İttihamçı, həmçinin, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyini qeyd edib.
Zərərçəkmiş Sakit Nağıyev prokurorun çıxışı ilə razılaşmayaraq etirazını bildirib.
Müdafiə tərəfi isə çıxışa hazır olmadığını əsas gətirərək məhkəmədən əlavə vaxt istəyib.
Qeyd edək ki, hadisə Bakı şəhərinin Nizami rayonu ərazisində baş verib. 1998-ci il təvəllüdlü Aynur Nağıyeva 1979-cu il təvəllüdlü həyat yoldaşı Sakit Nağıyevə yaşadıqları evdə kəsici-deşici alətlə qəsdən xəsarətlər yetirərək onu öldürməyə cəhd etməkdə şübhəli bilinərək saxlanılıb.
İlkin araşdırmalar nəticəsində Aynur Nağıyevanın həyat yoldaşına qarşı Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İnarə Hünbət,
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ