Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 16 şirkətin rəhbəri olan Mehman Allahverdi oğlu Alməmmədova qarşı külli miqdarda vəsaiti mənimsəmə ittihamı irəli sürülüb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Mehman Alməmmədov və İlahim Mehralıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
İş üzrə şahidlər məhkəmə iclasına çağırılsalar da, prosesi səbəbsiz buraxıblar.
Bu səbəbdən növbəti məhkəmə baxışı avqustun 26-na təyin edilib.
Qeyd edək ki, əvvəlki məhkəmə iclasında da şahidlər iştirak etməmişdi. Bu halları nəzərə alan məhkəmə şahidlərin məcburi qaydada gətirilməsi barədə qərar qəbul edib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
İttihama əsasən, Azərbaycan Respublikasının vətəndaşları Mehman Allahverdi oğlu Alməmmədov və İlahim Ərəstun oğlu Mehralıyev dövlət büdcəsindən tender mexanizmi vasitəsilə ayrılmış maliyyə vəsaitlərini şəxsi məqsədlərlə istifadə etməkdə ittiham olunurlar.
İstintaq materiallarına görə, 2017–2019-cu illər ərzində adıçəkilən şəxslər və şəxsiyyətləri istintaqla müəyyənləşdirilən digər şəxslərlə cinayət əlaqəsinə girərək, rəhbərlik etdikləri formal fəaliyyəti olmayan kommersiya qurumları vasitəsilə dövlət təşkilatlarından satınalma təyinatlı ödənişlər adı altında köçürülmüş ümumilikdə 1 milyon manatdan artıq məbləğdə vəsaiti mənimsəyiblər. Bu məqsədlə formal müqavilələr bağlanaraq, pulların qanuni dövriyyəyə daxil olduğu görüntüsü yaradılıb.
Beləliklə, cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması halları müəyyən edilib. İbtidai araşdırmalar zamanı həmçinin məlum olub ki, təqsirləndirilən şəxslər tender üsulu ilə dövlət büdcəsindən ayrılmış vəsaitləri Türkiyədə fəaliyyət göstərən şirkətlərə transfer etməklə, həmin vəsaitləri xüsusilə külli miqdarda leqallaşdırıblar.
İlahim Mehralıyev və Mehman Alməmmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı xeyli miqdarda leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rəsmi ittiham irəli sürülüb.
İstintaqın gedişində müəyyən olunub ki, Mehman Alməmmədov faktiki olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu” MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade" MMC, “Klassik Trade Group" MMC, “Artech” MMC; 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan “Firat Ticarət” MMC, “Malibu Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S” MMC; və 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan “Grand Star” MMC və “Proqress-SV” MMC-lər də daxil olmaqla ümumilikdə 16 kommersiya qurumunun idarəçiliyində bilavasitə iştirak edib.
Aparılmış araşdırmalar nəticəsində həmin müəssisələr üzrə ümumilikdə 1 milyon 597,7 min manat məbləğində vergidən yayınma faktı aşkarlanıb.
Qeyd edək ki, Mehman Alməmmədov Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub və daha əvvəl də cinayət hadisəsinin – quldurluq əməlinin qurbanı olub. Belə ki, paytaxt ərazisində naməlum şəxs tərəfindən ona qarşı törədilən hücum nəticəsində 190 min manat məbləğində pul vəsaiti oğurlanıb.
İnarə Hünbət,
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ