İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qlobal siyasətdə yeri möhkəmlənir – Siyasi analitikdən vacib AÇIQLAMA

“Prezident İlham Əliyevin son çıxışında səsləndirdiyi fikirlər Azərbaycan Respublikasının həm regional, həm də beynəlxalq sistemdə artan çəkisini və praqmatik xarici siyasət doktrinasını bir daha ortaya qoydu. Dövlət başçısının diqqətə çatdırdığı əsas məsələ ondan ibarətdir ki, Azərbaycan artıq təkcə regional deyil, həm də regionlararası və qlobal əməkdaşlıq müstəvisində mühüm aktora çevrilməkdədir. Bu yanaşma Azərbaycanın son illərdə izlədiyi milli maraqlara əsaslanan, ideoloji təsirlərdən uzaq və praqmatik xarici siyasət xəttinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər”.

Bu fikirləri Musavat.com-a siyasi analitik Azər Hüseynov bildirib.

azer.jpg (84 KB)

O qeyd edib ki, Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlı idi:

“Dövlət başçısının vurğuladığı kimi, bu dəhliz yalnız Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında fiziki əlaqənin bərpasını deyil, eyni zamanda beynəlxalq nəqliyyat arteriyası kimi mühüm funksiyanı yerinə yetirəcək.

Zəngəzur dəhlizi ətrafında gedən proseslər Azərbaycanın regional logistik mərkəzə çevrilməsi istiqamətindəki uzunmüddətli planlarının tərkib hissəsidir. Hazırda Azərbaycanda Xəzər dənizi sahilində ən böyük beynəlxalq ticarət limanı tikilib və onun genişləndirilməsi davam etdirilir. Eyni zamanda Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilən dəmir yolu xətləri ölkənin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində oynadığı rolu daha da möhkəmləndirir. Bu, Azərbaycanın regionlararası iqtisadi əlaqələrin mərkəzində dayanmasını təmin edir və dövlətin iqtisadi təhlükəsizliyinə real töhfə verir”.

Analitik bildirib ki, Prezident İlham Əliyevin çıxışında ən diqqətçəkən tezislərdən biri də Azərbaycanın xarici siyasətinin ideoloji çərçivələrdən kənarda, sırf milli maraqlara və təhlükəsizlik tələblərinə əsaslanaraq qurulması idi:

“Bu yanaşma onu göstərir ki, Azərbaycan öz beynəlxalq fəaliyyətində müəyyən bloklara və ya qütblərə tabe olmadan, müstəqil qərar qəbul etmə imkanlarını qoruyub saxlamağa çalışır.

Praqmatizm üzərində qurulan bu siyasət xətti, Azərbaycanı həm Qərb, həm də Şərq istiqamətində manevr qabiliyyəti olan aktor halına gətirmişdir. Bu siyasət nəticəsində ölkə müxtəlif enerji, nəqliyyat və təhlükəsizlik layihələrində strateji tərəfdaş kimi çıxış edir. Azərbaycan, həm Avropa İttifaqı ilə enerji sahəsində dərin əməkdaşlıq edir, həm də Çin, Rusiya, Türkiyə, Mərkəzi Asiya və İslam dünyası ilə balanslı və qarşılıqlı faydalı münasibətləri qoruyur. Prezidentin qeyd etdiyi daha bir vacib məsələ AZAL-a məxsus təyyarənin Rusiya ərazisində vurulması və bu məsələdə Azərbaycanın hələ də aydın cavab ala bilməməsidir.

Bu fakt Azərbaycanın beynəlxalq hüquq normalarını əsas tutaraq müvafiq qurumlara müraciət etməyə hazır olduğunu göstərir. Burada Azərbaycanın dövlət maraqlarını müdafiə etmək üçün təkcə diplomatik kanallardan deyil, həm də beynəlxalq ədalət və hüquq sistemindən istifadə etməyə hazır olduğu mesajı verilir. Bu yanaşma onu göstərir ki, Azərbaycan artıq regional güc olmaqdan çıxaraq, beynəlxalq müstəvidə öz hüquqlarını müdafiə edən tərəfdaş dövlət statusunu möhkəmləndirir. Azərbaycanın gələcəkdə daha çox sayda beynəlxalq tərəfdaş və müttəfiqlə əlaqə quracağına dair prezidentin söylədikləri fikir, ölkənin beynəlxalq kooperasiya imkanlarının artdığını göstərir. Bu, öz növbəsində Azərbaycanın təhsil, texnologiya, investisiya və təhlükəsizlik sahələrində daha əlverişli imkanlar əldə etməsinə şərait yaradacaq. Eyni zamanda, bu cür əməkdaşlıq platformaları Azərbaycan üçün qeyri-ənənəvi təhlükəsizlik çağırışlarına qarşı çevik cavabvermə mexanizmlərinin inkişaf etdirilməsinə dəstək verir. Bu baxımdan, beynəlxalq forum və konfransların Azərbaycanda keçirilməsi də ölkənin soft power – yumşaq güc strategiyası çərçivəsindəki mövqeyini möhkəmləndirir”.

Azər Hüseynov vurğulayıb ki, bütün bu proseslərin mərkəzində duran əsas prinsip Azərbaycanın milli maraqlarının qorunması və gücləndirilməsidir:

“Prezidentin vurğuladığı kimi, bu maraqlar sırf təhlükəsizliklə məhdudlaşmır – iqtisadi güc, siyasi sabitlik, tranzit potensialı və beynəlxalq nüfuz da bu maraqların bir hissəsidir. Azərbaycan öz enerji resurslarından əldə etdiyi gəlirləri infrastruktur, nəqliyyat və texnoloji sahələrə yönəldərək, milli maraqların davamlı təminatı üçün institusional əsaslar formalaşdırır.

Eyni zamanda, qonşularla yaxşı münasibətlərin saxlanılması, qarşılıqlı etimadın qorunması, regionda sabitliyin təmin olunması Azərbaycanın uzunmüddətli strategiyasının əsas sütunları sırasındadır. Prezident İlham Əliyevin son çıxışı Azərbaycanın xarici və daxili siyasətində qarşıya qoyulan strateji hədəflərin aydın göstəricisidir.

Bu çıxışdan anlaşılır ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, daha geniş regionların təhlükəsizlik və iqtisadi arxitekturasında öz sözünü deməyə hazır olan müstəqil, praqmatik və çoxvektorlu siyasət yürüdən dövlət statusuna yüksəlməkdədir.

Azərbaycanın milli maraqları naminə yürüdülən bu siyasət qlobal transformasiyalara uyğun çevik yanaşma, dayanıqlı tərəfdaşlıq və müasir dövlətçilik konsepsiyası ilə uzlaşır və yaxın illərdə ölkənin beynəlxalq sistemdəki çəkisini daha da artıracağı gözlənilir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR