İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü günü: rəqəmsal yol xəritəsi, su strategiyası və yaşıl şəhər təşəbbüsləri

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində 3-cü gündə Sektoral iqlim dayanıqlılığının təkmilləşdirilməsi-kənd təsərrüfatı, su, nəqliyyat, ağıllı şəhərlər mövzusunda müzakirələr keçirilib.

Musavat.com xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında ikiillik rəqəmsal və süni intellekt yol xəritəsinin hazırlandığını bildirib: “İkiillik rəqəmsal və süni intellekt yol xəritəsi bitki sortlarının xəritələndirilməsi, torpağın monitorinqi, məhsul proqnozlaşdırılması və suya qənaətli suvarma kimi məsələləri əhatə edir. Ümumiyyətlə, süni intellekt üzrə yol xəritəsinə 30-dan çox praktiki həllər daxildir”, deyə nazir qeyd edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov isə vurğulayıb ki, ötən il Prezidentin Fərmanı ilə Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”(2024–2040) təsdiq edilib: “Növbəti 16 il üçün dəqiq fəaliyyət istiqamətləri müəyyən olunub. Bu strategiya yalnız sənəd deyil, həm də konkret hədəflər və ölçülə bilən nəticələrə hesablanmış yol xəritəsidir. Milli strategiya kompleks yanaşmanı nəzərdə tutur. 2030-cu ilə qədər Azərbaycan ümumi su tələbatının təxminən 90%-ni təmin etməyi, çirkab suların təmizlənməsi xidmətlərini genişləndirməyi, su resurslarının itkisiz idarə edilməsini tətbiq etməyi və kənd təsərrüfatında sudan istifadənin səmərəliliyini 95%-ə çatdırmağı planlaşdırır”.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə regional koordinatoru Viorel Qutu isə çıxışında qeyd edib ki, bu gün FAO ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında aqrar sektora texniki dəstəyin gücləndirilməsi və sudan dayanıqlı istifadəyə hədəflənmiş strateji əməkdaşlıq haqda yeni saziş imzalanıb. “Bu, uzunmüddətli tərəfdaşlığın ikinci mərhələsinin başlanması deməkdir. Danışıqlar davam edir”, deyə FAO rəsmisi əlavə edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov isə diqqətə çatdırdı ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dəmiryolu xətləri Avropa standartlarına uyğun qurulur. O, həmçinin, qeyd edib ki, infrastrukturdakı sistemlər müasirləşdirilir. “Bunun sayəsində həm enerji sərfiyyatı azalır, həm də yük və sərnişin xidmətlərində qalıq yanacaqlardan asılılıq minimuma endirilir”.

ADY rəsmisi onu da bildirdi ki, qurum rəqəmsal ticarət dəhlizi üzərində çalışır: “Biz artıq "real vaxtda yük izləmə" adlanan texnologiyanı tətbiq etmişik. Bu, bir çox səbəblərə görə əla sistemdir. Ən diqqətçəkən məqam isə budur ki, bu sistem vaxta qənaət etməyə imkan verir", deyə o əlavə edib.

Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov çıxışında Azərbaycanın dayanıqlı şəhər təşəbbüsünə 60-dan çox ölkənin qoşulduğunu bildirdi: “Azərbaycan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl şəhər” layihələri üzrə mühüm təşəbbüslər həyata keçirir. Paytaxtda yaşıl şəhər kimi “Ağ Şəhər” layihəsi çox uğurludur”, deyə XİN rəsmisi vurğulayıb.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində bu gün həmçinin, “İqlimə Davamlı Aqrobiznes: Strategiyanın, investisiyanın və siyasətin uzlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu, aqrar sahədə fəaliyyət göstərən şirkət və assosiasiyaların nümayəndələri, ekspertlər iştirak ediblər.

Tədbirdə məhsuldarlığın artırılması ilə yanaşı, ətraf mühitin mühafizəsinin vacibliyinə diqqət çəkilib və bu istiqamətdə beynəlxalq əməkdaşlığın önəmi vurğulanıb. Natiqlər qlobal çağırışların yaratdığı təzyiqlər fonunda dayanıqlı aqroərzaq sistemlərinin formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər. Həmçinin, bildirilib ki, rəqəmsal texnologiyalardan geniş istifadə kənd təsərrüfatında mövcud riskləri azaltmaqla yanaşı, məhsuldarlığın yüksəldilməsinə də imkan verir.

Fermerlərin dəstəklənməsi mexanizmləri, sahibkarlıq təşəbbüslərinin inkişafı, maliyyə resurslarına çıxış imkanlarının artırılması, kənd təsərrüfatına sərmayələrin cəlbi və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb, aqrar sektorun inkişafına dair təkliflər səsləndirilib.

Üçüncü günün nəticələrinə əsasən deyə bilərik ki, Azərbaycan iqlim gündəliyində artıq yalnız problemləri deyil, həm də rəqəmsal transformasiya və strateji yol xəritələri üzərindən həll yollarını da ön plana çıxarır. Azərbaycan iqlim dayanıqlılığı istiqamətində təkcə, milli strategiyalar qəbul etmir, həm də beynəlxalq tərəfdaşlıqları dərinləşdirir. İstər kənd təsərrüfatında süni intellekt həlləri, istərsə də su idarəetməsində yeni strategiya və nəqliyyatda rəqəmsal innovasiyalar ölkənin yaşıl transformasiya yolunda praktiki addımlar atdığını ortaya qoyur.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR