Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Rusiya münasibətlərində “soyuq savaş”ın bitməsi bir sıra istiqamətlərdə yumşalma gözləntisi yaradıb. Onlardan biri də Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilən politoloq Sergey Markovla bağlıdır.
Azərbaycana münasibətdə obyektiv təhlilləri ilə fərqlənən, Xankəndidə keçirilmiş Qlobal Media Forumunda iştirak etdikdən sonra bu siyahıya salınan Markovla bağlı indi qərarın dəyişməsi zərurəti var. Çünki onun xarici agent olduğunu təsdiqləyən hər hansı fakt da sübut kimi təqdim olunmayıb.
“Markov qeyri-məhdud sayda insana xarici agentlərin mesajlarının və materiallarının yaradılmasında və yayılmasında, həmçinin Rusiya Federasiyasının ərazisində fəaliyyəti arzuolunmaz olaraq tanınan xarici və beynəlxalq təşkilatların siyahısına daxil edilmiş təşkilatların mesajlarının və materiallarının yayılmasında iştirak edib. Bundan əlavə, o, xarici media və xarici agent tərəfindən təqdim olunan informasiya platformalarında respondent kimi iştirak edib. O, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb”, - deyə rəsmi məlumatda bildirilirdi.
Xatırladaq ki, 19 iyulda Xankəndidə keçirilən forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirakçıların suallarını cavablandırmış, Markov isə tədbirdən sonra verdiyi açıqlamada Prezident Əliyevi “müasir dövrün ən təcrübəli liderlərindən biri” adlandırmışdı: “Dünyada müharibədə qələbə qazanan, ərazi bütövlüyünü tam bərpa edən o qədər də çox dövlət yoxdur. Bir çox dünya liderləri bu qələbənin sirrini öyrənmək və bu təcrübəni mənimsəmək istəyərdilər”.
O zaman “Kommersant”ın Rusiya prezident administrasiyasındakı mənbəsi də məlumatı təsdiqləmişdi. Mənbə bildirmişdi ki, Markovun xarici agentlərin reyestrinə salınması iyulda keçirilən forumla əlaqəlidir. Maraqlıdır ki, həmin forumda iştirak edən digər rusiyalı media nümayəndələri də təzyiqlərlə üzləşmişdilər. TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman tədbirdən sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Markov özünün Telegram kanalında bildirmişdi ki, ona qarşı hücumlar Rusiyanın düşmənləri və Putinin ətrafındakı siyasətçilər tərəfindən təşkil olunub.
Bəs münasibətlərin yaxşılaşması ilə müsbətə dəyişən nəsə olacaqmı?
Arzuxan Əlizadə
Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən rusiyalı siyasi ekspertlər, siyasətçilər, ictimai xadimlər, jurnalistlər xeyli vaxtdır haqsız təqiblərlə, aqressiv münasibətlə üz-üzə qalıb: “Təəssüf ki, onların bəzilərini hətta xarici agent elan etdilər. Hesab edirəm ki, həmin insanlara qarşı bu münasibət dəyişməlidir. Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bir sıra vədlər verdi, etiraflar etdi. Ancaq hələ ki Rusiya tərəfindən verilən vədlərlə bağlı əməli addımlar atılmayıb. Azərbaycan tərəfi gözləyir ki, verilən vədlər reallaşdırılsın. Rusiya Prezidentinin səsləndirdiyi mövqe və fikirlər təbii ki, münasibətlərə bir yumşaqlıq gətirib. Azərbaycan əvvəllər də bəyan etmişdi ki, biz qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə normal münasibətlərin müsbət məcrada davam etməsində maraqlıdır, yetər ki, qarşı tərəf də adekvat mövqe nümayiş etdirsin. Rusiya lideri vəd verib ki, münasibətlərin yaxşılaşması üçün gərəkən addımlar atılacaq. Azərbaycanın haqlı mövqeyini müdafiə edən, Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olmasını daim təbliğ edən rusiyalı siyasi ekspertlərə, ictimai xadimlərə münasibətin dəyişməsi də atılmalı addımlardan biridir. Bu istiqamətdə də gözləntilərimiz var”.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi ki, Rusiya ilə Azərbaycan arasında uzun müddət Rusiyadan qaynaqlanan gərginliyin azaldılması istiqamətində Putin tərəfindən addım atıldı: “Münasibətlərin gərgin vəziyyətə gəlib çıxmaması üçün əslində Azərbaycanın tələbləri də elə bu idi. Rusiya gərginliyin məhz özündən qaynaqlandığını anladı və Azərbaycanın tələblərinin haqlı olduğunu qəbul edirsə, təbii ki, bizim növbəti gözləntilərimiz gərginliyin fonunda atılmış bəzi yanlış addımların da düzəldilməsidir. Bunlardan biri də Azərbaycanın haqlı mövqeyini müdafiə edən, ədalətli mövqedə olan, Azərbaycana yaxınlığı ilə seçilən rusiyalı siyasi ekspertlərin, ictimai xadimlərin barəsində verilmiş ədalətsiz qərarların ləğvi, yumşaldılmasıdır. Eyni zamanda Azərbaycana qarşı təbliğat aparılması tendensiyası dayandırılmalıdır. Normal əməkdaşlıq münasibətlərinin qurulması istənilirsə, bu addımların atılması vacibdir. Sergey Markov kimi insanlar Rusiya-Azərbaycan münasibətlərinin həmişə yaxın olmasını, müsbət istiqamətdə inkişaf etməsini istəyən, buna çalışan insanlardır. Bu cür siyasi ekspertlərə qarşı təqiblər dayandırılmalıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ