Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycan futbolsevərlərinin diqqəti İspaniyanın “San Mames” stadionunda olacaq. Çempionlar Liqasının Liqa mərhələsində “Atletik” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Rəqibin 53 min tutumu olan stadionuna biletlər günlər öncədən tükənib. Qol.az xəbər verir ki, bu haqda İspaniyanın “Marca” nəşri məlumat yayıb. “Marca”nın yazısında qeyd edilir ki, bu mövsüm CL-də keçirdiyi 2 oyunda qalib gələ bilməyən “Atletik”in bu seriyaya öz azarkeşləri önündə “Qarabağ”la matçda son qoymaq şansı var. Amma eyni zamanda Ağdam klubunun 2 oyunda 2 qələbə qazanmasına da diqqət çəkilir.
Həmçinin bildirilib ki, matça ən ucuz biletin qiyməti 180 avro, birinci sinif üçün isə 377 avro (yerli azarkeşlər üçün) təşkil edir. Bilet sayı isə artıq məhduddur.
Məlumat üçün onu da bildirək ki, bu oyunu xorvatiyalı İqor Payaçın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Vaxtilə İspaniyanın “Betis” klubunun formasını geyinən tanınmış futbol veteranı Vəli Qasımov oyunla bağlı fikirlərini Fanat.az-la bölüşüb. O, qitənin ən nüfuzlu klub turnirinə ardıcıl iki qələbə ilə start verən “köhlən atlar”ın Bilbaodan da uğurlu nəticə ilə dönəcəyinə inandığını deyib: “Çox sevindirici haldır ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində Avropa nəhəngləri ilə eyni cərgədədir. Həm də uğurlu çıxışı ilə azarkeşləri sevindirir. Artıq “Qarabağ”ı bütün Avropada tanıyırlar. İspaniya mətbuatını izləyirəm, komandamızın az büdcə ilə belə uğurlu nəticə əldə etməsinə xüsusi toxunurlar. Sayt və qəzetlər “Qarabağ”ın hörmətəlayiq rəqib olduğunu vurğulayırlar. Komanda göstərdiyi oyunla bu rəğbəti qazanıb.
“Atletik” ilə oyun asan keçməyəcək. Düzdür, Bilbao komandası bu mövsüm inamlı görünmür, keçirdiyi oyunların yarıdan çoxunda xal itirib. “Qarabağ” da İspaniyadan qalib dönə bilər. Qurban Qurbanovun özünün və komandasının təcrübəsi kifayət qədərdir. Öz oyunlarını oynaya bilsələr, azarkeşləri sevindirə biləcəklər.
Çempionlar Liqası fərqli turnirdir, burada istənilən nəticə qeydə alına bilər. “Qarabağ”a o cəhətdən asan olmayacaq ki, “Atletik”in güclü azarkeş ordusu var. “Estadio San Mames”də oynamışam, oradakı ab-havanı bilirəm. Oyun vaxtı bütün stadion ağ-qırmızı rəngdə olur, fanatlar rəqibə böyük təzyiq göstərirlər. Ancaq dediyim kimi, “Qarabağ”ın yetərincə təcrübəsi var və İspaniyada da bu təzyiq altında öz oyunlarını sərgiləyəcəklərinə inanıram. Qəşəng oyun olacağına ümid edirəm. Futbolçu karyeramı bitirəndən sonra da İspaniyada çox olmuşam. “Qarabağ”ın “Atletik”lə qarşılaşmasına görə ora getməsəm də, televizordan izləyib komandamızın oyunundan zövq alacağıma inanıram".
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a açıqlamasında Azərbaycan çempionunun kifayət qədər qol vurma imkanlarının olacağını qeyd etdi: “Qarabağ” “Atletik”lə oyuna çox rahat çıxacaq. Daha əvvəl də qeyd etmişdik ki, “Qarabağ” üçün ən çətin qarşılaşma “Kopenhagen”lə oyun idi. Çünki “Benfika” üzərindəki qələbədən sonra bütün Avropa “bu təsadüfdür?” deyib gözünü “Qarabağ”a dikmişdi. Və “köhlən atlar” sübut etdilər ki, heç nə təsadüf deyil, onlar istənilən komanda ilə oynaya və qalib gələ bilərlər.
Hesab edirəm ki, “Qarabağ” Bilbaoda ənənəvi oyun sistemindən imtina etməməlidir. Çünki ilk iki qarşılaşmada bu sistem özünü doğruldub.
İndi “Qarabağ”la qarşılaşacaq istənilən komanda bu sistemi necə zərərsizləşdirmək haqda düşünür, o cümlədən “Atletik” də.
Təbii ki, “Atletik”in baş məşqçisi bunun üçün plan hazırlayacaq. Ancaq o plan işə yarayacaqmı? Çempionlar Liqasında heç bir komanda bütün oyunlarda qalib gələ bilməz. Burada səviyyə yüksəkdir. Düzü, yığmaların oyunları ilə əlaqədar verilən beynəlxalq fasiləyə qədər “Qarabağ” yüksək formada idi, “Atletik”də isə əksini müşahidə edirdik. Fasilədən sonra işlər necə gedəcək, bunu oyun göstərəcək. Ancaq bu fasilənin “Atletik” üçün daha vacib olduğu aydındır. Bilbao klubu toparlanmaq üçün əlavə vaxt əldə etdi.
Öz azarkeşləri qarşısında “Atletik”in aqressiv oynayacağı bəllidir. Onlar hücuma daha çox diqqət ayıracaqlar. Amma “Qarabağ”la oyunda topa nəzarət etmək onlar üçün asan olmayacaq. “Atletik” mütləq boş sahələr verəcək, “Qarabağ”a. Düşünürəm ki, Qurban Qurbanovun yetirmələrinin qol şansları yetərincə olacaq. Qalır ki, onlardan maksimum yararlanmaq. Bunu bacarsalar, Bilbaodan xalla qayıtmaq mümkündür. Hücumda kəsərli, müdafiədə diqqətli olmaq, minimum səhv, maksimum bitiricilik və topa nəzarət: “Atletik” belə durumda əlacsız olacaq.
İspaniyada qazanılacaq qələbə “Qarabağ”ın qrupdan çıxmaq şansını xeyli artıracaq. Amma komanda məğlub olsa belə, bu, faciə olmamalıdır. “Qarabağ” növbəti oyunlarda mütləq xal və xallar qazanacaq".
Kənan Məstəliyev
Futbol mütəxəssisi Kənan Məstəliyev rəqibin kifayət qədər hazırlıqlı və bu oyuna davam ya tamam gözü ilə baxdığını düşünür: ““Atletik” tək İspaniyanın yox, ümumilikdə Avropanın tanınmış, köklü klublarındandır. Onunla oynamaq hər rəqib üçün şərəf, eyni zamanda çətin sınaqdır. Xüsusən də, “San Mames”də. Heyətində yetərincə tanınmış və bahalı oyunçular var, onlardan Vilyams qardaşlarını fərqləndirmək olar. Çox təhlükəlidilər. Komanda olaraq hücum futbolu oynayırlar, pressinqlə top almağa, dinamik və sürətli olmağa çalışırlar. “Qarabağ”ın işi heç də asan olmayacaq. İspanlar çətin durumdadılar, xala ehtiyacları var. Biz isə iki oyundan 6 xalla liderlər qrupundayıq. Biz rahatıq. “Atletik” xal itirsə, nəinki 1/8 final, hətta pley-off şansının üstündən xətt çəkilə bilər. Qarşıdakı matçları da çətin olduğu üçün “Qarabağ”la olan oyuna dönüş nöqtəsi kimi baxırlar. Amma biz də “az aşın duzu deyilik”. Bizə də xallar lazımdı. Bilbaoluların oyun tərzi də bizə uyğundur. Rəqibin müdafiəsində problemlər var. Pressinqə dözümlü deyillər, təzyiq altından effektiv çıxa bilmirlər. Bundan istifadə edə bilərik. Üstəlik, heyətin əksər üzvləri zədədən yeni qayıdıb, hələ tam formaya düşməyiblər. “Atletik”lə 1 ay sonra oynasaydıq, şansımız minimum olardı. Ancaq hazırkı vəziyyətdə dişimizə görə rəqibdi və səfərdən 1 xalla dönə bilərik. Mənim üçün bu sürpriz olmayacaq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ