Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə baş verən hadisələr hazırda qlobal gündəmin əsas mövzuları sırasına daxildir. Belə ki, bu regionun yenidən dizayn olunduğu müşahidə olunur. Üstəlik, bu prosesdə əsas geopolitik oyunçuların sırasında ABŞ avanqard mövqeyə malikdir. Yaxın Şərqdə dünya nəhənglərinin geopolitik maraqları ciddi şəkildə toqquşur. Və bunun da real nəticəsi olaraq, Yaxın Şərq dünyanın ən dəhşətli hadisələrin baş verdiyi regionlarından birinə çevrilib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan son illərdə beynəlxalq nüfuzunu ciddi şəkildə artıraraq, qlobal məkanda siyasi iradəsini ön plana çıxartmağa nail olmuş nadir ölkələrin sırasına daxildir. Ona görə də, rəsmi Bakı Azərbaycanın Fələstin məsələsinə yönəlik mövqeyini qətiyyən gizlətmir. Hətta İslam həmrəyliyi və geopolitik maraqlar arasında müəyyən uyuşmazlıq olsa belə, rəsmi Bakı Fələstin böhranına münasibətdə öz mövqeyini açıq şəkildə cəsarətlə ortaya qoymağı bacarır. Və Azərbaycanın bu mövqeyi birmənalı şəkildə beynəlxalq hüquq normalarına əsaslanır.
Məsələ ondadır ki, son illərdə dünya gündəminin tam mərkəzində olan Qəzza böhranı ərəb və İslam ölkələrinin siyasi xəttində əsl sınaq faktoruna çevrilib. Bu mövzuda müxtəlif dövlətlərin yanaşmaları fərqli olsa da, Azərbaycan öz mövqeyində məhz həm İslam həmrəyliyini, həm də milli maraqları əsas götürür. Belə ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvüdür və bu təşkilat çərçivəsində qəbul edilən bütün sənədlərdə Qəzza və Fələstin məsələsi ilə bağlı dəstəkləyici mövqeyini ortaya qoyur. Rəsmi Bakının bu mövqeyi yalnız formal diplomatik jest deyil, çünki Azərbaycanın tarixi, dini və siyasi kimliyi ölkəmizin İslam həmrəyliyini açıq şəkildə müdafiə etməsini şərtləndirir.
Bunun bariz nümunəsi BMT-nin Baş Assambleyasının Fələstinlə bağlı keçirdiyi səsvermədə Azərbaycanın “lehinə” mövqedən çıxış etməsi ilə də ifadə olunub. Rəsmi Bakı “Nyu-York Bəyannaməsi” çərçivəsində 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verib. Və bu addım Azərbaycanın beynəlxalq hüquq normalarına sadiqliyini göstərməklə yanaşı, İslam dünyasında öz mövqeyini ciddi şəkildə gücləndirdiyini də təsdiqləyir.
Ancaq Azərbaycan və Fələstin arasındakı münasibətlərə kölgə salan məqamlar da olmamış deyil. Belə ki, Fələstin siyasi dairələrinin bəzi anlaşılmaz davranışları rəsmi Bakının xoşməramlı mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Ona görə də, Mahmud Abbas administrasiyasının səhvləri ucbatından, Azərbaycan-Fələstin münasibətlərində daim müəyyən anlaşılmazlıqlar mövcud olub. Xüsusilə də, Fələstin rəhbərliyinin Ermənistanla yaxın təmasları Azərbaycanda ciddi siyasi-ictimai narazılıq doğurub. Fələstinin dövlət başçısı Mahmud Abbasın erməni icmasına xüsusi simpatiyası, ermənilərin xeyrinə poçt markasının buraxılması, hətta erməni icmasının tədbirlərində xüsusi fəallıqla iştirak etməsi Azərbaycan ictimaiyyətində ciddi suallar doğurub.
Məsələ ondadır ki, İslam həmrəyliyi prinsiplərinə sadiq qalmalı olan Fələstin rəhbərliyi Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı məsələsinə həmişə sükutla reaksiya verib. Ancaq buna baxmayaraq, Mahmud Abbas administrasiyası Ermənistanla yaxınlaşma məsələsinə xüsusi həssaslıq göstərib. Hətta hazırda ermənimənşəli bir qadın Fələstin administrasiyasında nazir postu da tutur. Bu ziddiyyətli yanaşma Azərbaycan cəmiyyətində Fələstinə simpatiyanı müəyyən qədər zəiflədib. Ancaq bütün bunlara baxmayaraq, rəsmi Bakı öz diplomatik fəaliyyətində İslam həmrəyliyini önə çəkməkdə davam edir.
Bu baxımdan, Qətərin paytaxtı Dohada keçirilən ərəb və İslam ölkələrinin fövqəladə sammiti də Azərbaycanın öz prinsipial mövqeyini növbəti dəfə nümayiş etdirdiyi önəmli platformalardan biri oldu. Rəsmi Bakı burada Qəzza böhranının həllinə dair qərarların qəbuluna tam dəstək verdi. Azərbaycanın rəsmi nümayəndələrinin çıxışları həm Qəzzada humanitar vəziyyətə diqqət çəkdi, həm də İslam ölkələrinin birgə mövqeyinin vacibliyini qabartdı. Əslində, bu yanaşma tərzi qətiyyən təsadüfi deyil. Belə ki, Azərbaycanın regiondakı maraqları və beynəlxalq siyasət məkanında tutduğu önəmli mövqe də tələb edir ki, rəsmi Bakı həmrəylik nümayiş etdirməklə yanaşı, proseslərin əsas istiqamətləndiricisi rolunu ərəb ölkələrinin öhdəsinə buraxsın.
Məsələ ondadır ki, Qəzza böhranı İslam həmrəyliyi anlayışına xitab etməklə yanaşı, həm də ilk növbədə ərəb dünyasının da problemidir. Ona görə də, Fələstin böhranının həllində Səudiyyə Ərəbistanı, Misir və İordaniya kimi, regional güclərin əsas söz sahibi olması daha məntiqlidir. Bu ölkələr həm coğrafi yaxınlıq, həm də siyasi təsir imkanlarına görə problemin həlli prosesini daha effektiv idarə etmək imkanlarına malikdirlər. Azərbaycan kimi dövlətlərinin bu məsələdə fəallığı isə daha çox İslam həmrəylik jesti və siyasi dəstək xarakteri daşıya bilər.
Onu da qeyd etmək lazımdır ki, son illərdə rəsmi Bakının Qəzza böhranının nizamlanması prosesinə açıq dəstəyi Azərbaycanın həm İƏT çərçivəsində siyasi kapitalını gücləndirir, həm də ərəb dövlətləri ilə münasibətlərini daha da möhkəmləndirir. Bu, xüsusilə də Ermənistanla bağlı məsələlərdə Azərbaycana əlavə diplomatik imkanlar qazandırır. Rəsmi Bakı üçün prioritet hər zaman milli maraqlar olub. Ancaq buna baxmayaraq, rəsmi Bakı İslam həmrəyliyini də ön planda tutmaqla, beynəlxalq arenada daha prinsipial, məsuliyyətli tərəfdaş olduğunu təsdiqləməyi bacarıb.
Bütün bunları nəzərə aldıqda, Azərbaycanın Fələstin siyasətinin balanslı və praqmatik xarakter daşıdığı qətiyyən şübhə doğurmur. Rəsmi Bakı Qəzza böhranına yanaşmada İslam həmrəyliyinə sadiqliyini qoruyur. Rəsmi Bakının bu siyasi-diplomatik mövqeyi Azərbaycanın İslam dünyasında nüfuzunu gücləndirir. Və Mahmud Abbas administrasiyasının Azərbaycana qarşı mövqeyinə baxmayaraq, rəsmi Bakı “iki dövlət” prinsipini dəstəkləyir, Fələstinin müstəqiliyini beynəlxalq hüquq normalarının vacib tələbi hesab edir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ