Onlayn ictimai-siyasi qəzet
İstanbulda iki günlük “qaçdı-tutdu”dan sonra Rusiya və Ukrayna nümayəndə heyətləri arasında cəmi iki saat(60 dəqiqə) davam edən danışıqlar nəticəsiz bitmiş sayılır. Əsirlərin “1000 nəfər-1000 nəfərə qarşılığında” prinsipi ilə dəyişdirilməsini razılaşdılrmaq üçün dünyanı 48 saat gərginlikdə saxlamağa, İstanbula getməyə gərək yox idi. Bu əsir mübadiləsi zatən ərəb ölkələrinin vasitəçiliyi ilə zatən zaman-zaman həyata keçirilir, amma bunu “razılaşma” kimi qəbul etmək dünyanı aldatmaqdır.
Atəşkəsə gəlincə, bu mühüm məsələdə də heç bir razılıq olmadı. Rusiya tərəfi iddia edir ki, danışıqlar üçün atəşkəs elanı əsas deyil. Hətta buna nümunə kimi Koreya, ABŞ-Vyetnam müharibəsini misal kimi göstərir. Rusiya tərəfi bəyan etdi ki, Zelenskinin Putinlə görüşmək istəyini də “nəzərə alıb”.
Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerovun nəticələr haqda diqqətçəkən bir məqam var. Rusiya heyətindən fərqli olaraq Umerov “liderlərin görüşünə hazırlıq” barədə danışdı.
Müzakirə edilən digər məsələlər haqda təfsilat birtərəflidir. Qərb mənbələri deyir ki, Moskvadan gələn nümayəndələr Xarkov və Sumın da işğal etmək iqtidarında olduğunu açıqlayıblarlar.
Rusiya öz konstitusiyasında ərazisi kimi “qanuniləşdirdiyi” Donetsk, Luqanski, Zaporejye və Xersonu istəyib. Faktı təsdiq edən yoxdur, amma Medinskinin Rusiya telekanalına verdiyi açıqlamalar Moskvanın İstanbulda hansı əhvala kökləndiyini göstərdi. Medinski Bismarkın adına çıxılan(bir iddiaya görə, alman belə bir fikir işlətməyib) "Rusları məğlub etmək olmaz, biz bunu əsrlər boyu öyrənmişik" deməsi, daha sonra isə İsveçlə 21 il davam edən (1700-1721) “Şimal müharibəsi”ni yada salması indi ən çox müzakirə edilən mövzudur.
O xatırladıb ki, şimal-qərbdəki torpaqlar tarixən Rusiyaya məxsusdur, “Şimal müharibəsi”ndə bəzi ərazilərindən məhrum olan İsveç böyük dövlət statusunu həmişəlik itirdi. Putinin köməkçisi müharibənin əvvəlində Rusiya İsveçə minimal ərazi güzəştləri şərtləri ilə sülh təklif edib. İsveç kralı isə sülh təkliflərini rədd edərək, "son isveçliyə qədər mübarizə aparacağını" bəyan etdi. Medinski qeyd edib ki, 21 illik müharibəni böyük ölçüdə İsveç ordusunu maliyyələşdirən və sülhün bağlanmasına mane olan İngiltərə və Fransanın dəstəyi sayəsində davam etdirib. Verilən mesaj aydındır, əslində danışıqlarda Rusiyanı təmsil edən birinin bu cür müqayisələr etməsi diplomatik demarşdır. Ola bilsin bundan sonra danışıqların çətin ki, davam etdirəcəyini başa düşür.
Diplomatiyanın “Dədə Qorqud”u Henri Kissincer vəfatından bir neçə ay əvvəl proqnozlaşdırmışdı ki, Moskva tezliklə Ukrayna böhranı ilə bağlı danışıqlara qayıtmağı təklif edəcək. Amma ardınca da xəbərdarlıq etmişdi ki, Vaşinqton və Brüssel danışıqlarda imtina etsələr, Avropaya “otuz illik müharibə ilə müqayisə olunan cəhənnəm” gələcək. Rus nümayəndə heyətinin Kremldən yola salanda Kiyevin heç bir ərazi güzəşti etməyəcəyi bəlli idi, ona görə Medinski o havada danışdı, uzun müddətli müharibəyə hazırlıq anonsu, üstəlik Avropanı da təhdid etdi, “rusların məğlubedilməzliyini” qabartdı.
Medinski Kreml isteblişmentinin “ağzı ilə danışır”, amma Putin bu sərt gedişlə nəyə nail olmaq istəyir, rus elitası(hakimiyyət) hansı xəyallarla yaşayırlar, tam anlaşılan deyil. Yeni imperiya qurmaq, SSRİ-ni bərpa etmək və sairə nağıldır. Bunu heç üçbaşlı Putin gəlsə də, həyata keçirə bilməz.
Rusiya cəmiyyəti də baş verənlərin fərqindədir- Ukraynadakı qardaş qırğının, slavyanların bir-birinin qanına susamasının dərin psixoloji yaralarının üzərinə İstanbulda “duz basıldı”. İki qardaş xalqın düşmənçiliyi 3 il əvvəlin yazında Dolmabağçadakı yarımçıq qalmış danışıqlar dövrü ilə müqayisə oluna bilməz. Rusiya işğal zonasını genişləndirib, ən azı 8 milyon ukraynalı dünyanın dörd bir tərəfinə səpələniblər, hər iki tərəfdən itkiləri birə-beş artıb. Hər ikisinin gözünü qan tutub, müharibənin səbəb olduğu demoqrafik böhranla necə bacaracaq? Hələ ki “Hər şey qələbə üçün!” Kimin qələbəsi üçün?
Tarixdə qardaş qırğını edən təkcə ruslarla ukraynalılar olmayıb, elə bizim də belə qara tariximiz olub. Amma hər dəfə yada düşəndə adamın canı sıxılır, utandırır. Kimin haqlı, kimin haqsız olması burada ikinci dərəcəli məsələdir, qardaş qırğını da vəssalam...
Putin elə zənn edir ki, tarix onu Rusiya ərazilərini genişləndirdi üçün öyəcək. Rusiya hakimiyyəti əsrlərin sınağından keçmiş “bizi dövlət olaraq məhv etmək istəyirlər mozolu”na basır, bu slavyan düşmənçiliyinə haqq qazandırmağa çalışır. Amma istənilən halda qələbənin qiyməti məğlubiyyətə bərabər ola bilər.
Rusiyanın da bir gün qartalının başına daş dəyəcək, bu işğal da tarixdə qara ləkə kimi qalacaq. Zelenski “Putin öləcək, hər şey bitəcək” deyəndə bir az da haqlıdır. Rusiyanı anlamağa çalışan biri kimi deyirəm ki, bu ölkə bu cür aqressiv siyasətlə ərazisinə Ukrayna boyda ərazi də qoşa bilər, amma bunların bədəlini mütləq ödəyəcək. Çünki tarix onu da sübut edir ki, Rusiya o vaxt dağılmağa başlayır ki, imperiya hərisliyi gözlərini tutub, “şişiblər” və nəhayət, içəridən partlaq verib.
Nazim SABİROĞLU,
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ