Onlayn ictimai-siyasi qəzet
“Biz düz 49 il Cabirlə gözəl həyat yaşadıq”.
Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov mərhum qardaşı Cabir İmanovla vida mərasimində jurnalistlərə açıqlamasında deyib.
O, qardaşının həm ailəsinə, həm də dövlətinə bağlı bir insan olduğunu bildirib:
“Biz düz 49 il Cabirlə gözəl həyat yaşadıq. Cabir zəngin, dolu, qayğısız, Şuşalı, Şuşasız illər yaşadı. Həyatımızın mənası haqqında çox danışmışıq – bu dövlətə, dövlətçiliyə qulluq etmək. Baxmayaraq ki, bəzi qüvvələr bizi mənfi tərəfdən göstərmək istəyirdilər, amma Allah kimi ucaldarsa, onu heç kim alçalda bilməz. Cabir nümunəvi vətəndaş, nümunəvi ata, nümunəvi oğul idi. Dövlət ona məsuliyyətli və eyni zamanda şərəfli vəzifə vermişdi.
Müharibə başlayanda Cabir mənə dedi ki, “ailəmi sənə tapşırıram, gedirəm müharibəyə”. Dövlət onu döyüşə aparmadı, dedi hələ sənə sıra gəlməyib. Mən də ondan gizli müraciət etmişdim, çünki bilirdim ki, mən olmasam ailəmə sahib çıxacaq. Biz belə böyümüşük.
Şuşada Cabirin rəhbərliyi ilə konsert təşkil edildi. Biz son illərimizi Şuşa ilə yaşadıq. Düz 5 gün əvvəl birlikdə Şuşada idik. O, Şuşa ilə nəfəs alırdı”.
Könül İbrahim
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ