İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olunub

Azərbaycan BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci sessiyasının altıncı komitəsində "Beynəlxalq terrorizmin aradan qaldırılması tədbirləri" adlı sessiyada çıxış edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, səfir Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal səylərə verdiyi töhfədən, mövcud təşəbbüslərindən və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb: "Azərbaycan qlobal antiterror səylərinə fəal qoşulub və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Biz hesab edirik ki, terrorizmə qarşı mübarizə yalnız birgə səylər nəticəsində mümkün ola bilər".

T.Musayev çıxışında 2023-cü ildə təsis olunan Bakı Təhlükəsizlik Forumu və onun iş fəaliyyəti barəsində üzv ölkələrin nümayəndələrinə məlumat verib. O, bildirib ki, forum dünyanın müxtəlif regionlarından təhlükəsizlik və kəşfiyyat qurumlarının nümayəndələrini bir araya gətirərək, terrorizmə qarşı mübarizədə təcrübə mübadiləsini və əməkdaşlığı təşviq edir: "Bakı Təhlükəsizlik Forumu artıq beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Burada müxtəlif ölkələrdən nümayəndələr bir araya gələrək, terrorizmlə mübarizədə koordinasiyanı gücləndirmək üçün fikir mübadiləsi aparır".

Səfir həmçinin, Azərbaycanın uzun illər ərzində xaricdən yönəldilən terror fəaliyyəti və işğal dövründə ərazilərində baş verən qanunsuz əməliyyatlarla üz-üzə qaldığını xatırladıb: "Azərbaycan uzun müddət ərzində xarici qüvvələr tərəfindən təşkil olunan terror aktlarına və işğal altında olan ərazilərində baş verən qanunsuz silah və resurs ticarətinə məruz qalıb. Bu, beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edən məsələdir".

Diplomat vurğulayıb ki, terrorçulara amnistiya və ya himayədarlıq hallarına yol verilməməli, radikallaşma və nifrət zəminində yaranan ekstremizmə qarşı təhsil və dialoq vasitəsilə mübarizə aparılmalıdır: "Terrorçulara münasibətdə cəzasızlıq halları yolverilməzdir. Biz gənclərin sülh, tolerantlıq və qarşılıqlı anlaşma ruhunda tərbiyəsini gücləndirməliyik ki, radikallaşmaya qarşı davamlı immunitet formalaşsın".

Sonda səfir qeyd edib ki, Azərbaycan beynəlxalq terrorizmin bütün formalarına qarşı mübarizəni davam etdirəcək, cinayətkarların məsuliyyətə cəlb olunması, beynəlxalq hüquqi mexanizmlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR