Onlayn ictimai-siyasi qəzet
Dialektik din siyasətimizin ömrü heç bir gün çəkmədi. Diqqətli oxucuların yadında olar, ötən nömrədə Aşuranı həm 5 (hökumət deyən kimi), həm 6 iyulda (bunu da iranlı mollalar buyurub) keçirməyi məqbul sayan məscid mollamızı tərifləmişdim, bununla tolerant münasibət sərgilədiyini yazmışdım. Ancaq sən demə, elə həmin gün əlaqədar orqanlar mollanın aşını bişiriblər: məsciddən qovublar.
Düzgün qərardırmı? Bilmirəm. Hər halda, hökumət dini işləri bizdən yaxşı bilər. Necə deyərlər, dindarlara “şah damarından yaxındırlar”.
Prinsipcə, bizim məmurlar ən böyük Allah adamlarıdır. Əks halda, niyə O, dünyadakı nemətləri məhz məmurların təpəsindən tökür? Xalqı yaxın bilsə, ona da gün ağlayardı. Hələ bəzən xalq dəxli olmayan arzulara düşür, məsələn, uşağı Yaradan qismət eləyir, ancaq uşaqpulunu hökumətdən istəyirlər. Hökumətimiz də haqlı olaraq onlara üç barmağın üçölçülü fəza konfiqurasiyasını nümayiş etdirir.
Əlbəttə, bu o demək deyildir ki, hökumət xalqımıza içindən şərab axan çaylar, baldır sümüyü ətin altından görünən şəffaf hurilər vəd eləmir. Qətiyyən. Cənnət vədləri hər iki sferada və instansiyada, maşallah, cağbacağ yerindədir. Sadəcə, insan gərək naümid olmasın.
Prinsipcə, ümidimizi itirməmişik. Bizdə bunun partiyası da olmalıdır. Qeyrət və Namus Partiyalarımız da var idi, lakin onlara siyasi sferada ehtiyacımız olmadığı üçün ləğv etdik.
Sözgəlişi, bugünlərdə qabağıma bir üləma-filosofumuzun videosu çıxdı, deyirdi ki, siz kimsinizsə, eyni səviyyəli adama da ürcah olacaqsınız: “Siz hansı həyata layiqsinizsə, o həyatın da içinə düşəcəksiniz. Əgər siz korsunuzsa, sizin gözünüzü açmaq üçün bir axmağı gətirəcəklər sizin həyatınıza mütləq”.
Fantastik açıqlama idi. Bir adam öz moizələrinə yalnız bu dərəcədə dəqiq qiymət verə bilər. Sadəcə, buna ağzının suyunu axıdaraq qulaq asan axmaqların sayı artır, bir az bundan əndişələnirəm. Güman edirəm şeyximiz Allahşükür müəllim də təşvişə düşməlidir, çünki biznesə ciddi rəqib, konkurent ortaya çıxdığı qənaətindəyəm.
Qayıdaq mövzumuza. Mövzu isə odur ki, Kür çayının sahilində yaşayan insanlar üzməyi bacarmır. Prinsipcə, ölkənin hər yeri üzməyi bacarmayan insanla doludur (biri elə mən). Nəticədə kim suya düşsə batır.
Yeganə məkan kimi bulvarda boğulanları bəzən xilas edirlər, düşünürəm ki, bu, hadisə yerinin düz hökumətin (Hökumət evi və sairə) gözü qabağında olmasıdır. Xalq orada batanda dözə bilmirlər, deyirlər gedin çıxardın, başqa yerdə batsınlar.
Bəs biz niyə üzməyi bacarmırıq? İzahat sadədir. Napoleon demişkən, pul, pul, yenə pul. Üzgüçülük məşqinə, təliminə yazılmaq üçün ayda minimum 80-100 manat verməyə neçə valideynin imkanı var ki? Biz suda yox, kasıbçılıqda batırıq. Bir də korrupsiyanın içində. Çünki ölkənin hər yerində olimpiya kompleksləri, onların içində üzgüçülük hovuzları var, lakin kasıb xalqa bunu öyrətməyə proqram, vəsait “çatışmır”.
Dünyanın bir çox sivil dövlətində üzgüçülük orta məktəbdə idman dərsinin vacib, necə deyərlər, ayrılmaz hissəsidir. Amma bizdə məktəbdə idman dərsi keçmək cəhənnəm, heç elementar “sağa dön, sola dön” komandaları yerinə yetirməyə meydançalar qalmayıb. Misir müəllimin Xızıdakı villasına and olsun ki, mən şişirtmə eləmirəm, uşaqlarımın oxuduğu məktəbdə idman dərsini belə keçirdilər. Müəllim deyirdi parta arxasından qalxın, oturun. Vəssalam. Ədalət naminə, bəzən uşaqlara sinifdə oynamağa şahmat, nərd və domino verirdilər. İdman dərsi boş qalmasın deyə. Ancaq sonra nədənsə domino yığışdırıldı. Görünür xalqın balalarının intellektinin artması hökumətə sərf eləmədi.
Əsas odur biz növbəti futbol üzrə dünya çempionatını keçirməyə ərizə vermişik. İnşallah, ona qədər futbol oynamağı öyrənərik. Lakin bunsuz da mümkündür. Guya Qətərdə futbol oynayan var idi?
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ