İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər

Mayın 25-dən Rusiyada aliment borcu olan şəxslərin vahid federal reyestri fəaliyyətə başlayacaq.

Musavat.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, hüquqşünas Aleksandr Xaminski RT-yə bildirib ki, yenilik borcları ödəməyənlər haqqında məlumatların sadələşdirilməsinə və borcların yığılması üçün tədbirlərin sərtləşdirilməsinə yönəlib.

Borclular hesablarının dondurulması və əmək haqlarının tutulması ilə yanaşı, avtomobil sürmə qadağası və Dövlət Xidmətlərinin saytına girişin bloklanması ilə üzləşirlər.

Bundan əlavə, borcunu ödəməyənlərin rəhbər vəzifələr tutmaq hüququ məhdudlaşdırıla bilər.

Vəkil Yevgeniya Danilova əvvəllər bildirmişdi ki, aliment ödəməkdən yayınan atanın real gəlirini bank çıxarışlarından və faktiki gəliri təsdiq edən digər sənədlərdən istifadə etməklə müəyyən etmək mümkündür. Belə hallarda uşağın anası məhkəməyə müraciət edə bilər.

Bəs Azərbaycanda aliment borcu olan şəxslərlə bağlı vəziyyət necədir? Ölkəmizdə borclulara qarşı qanunvericilikdə hər hansı sərtləşdirmələr tətbiq edilə bilərmi?

ALOVSET.jpg (74 KB)

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Musavat.com-a şərhində bildirib ki, dövlət səviyyəsində aliment məsələsinə həssas yanaşma var.

Ə.Allahverdiyev vurğulayıb ki, Prezidentin göstərişinə əsasən, aliment ödəməyən şəxslər məsuliyyətdən kənarda qala bilməzlər:

“Aliment könüllü və məcburi qaydada ödənə bilər. Bəzən nikaha xitam verilən zaman tərəflər alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlirlər. Bəzən də razılaşma boşanma olmadan əldə olunur.

“İcra haqqında” Qanunun 43-cü maddəsinə əsasən, şəxs aliment ödəməkdən yayınırsa, tələb onun əmlakına, yaxud iş yerinə yönəldilir. Əgər aliment ödəməyən şəxsin adında daşınan, yaxud daşınmaz əmlak yoxdursa, digər istiqamətlərdə axtarışa başlanır. Aşkarlanan əmlaka həbs qoyula bilər.

Əgər həbs qoyulmuş əmlakın sahibi borcun ödənməsinə maneçilik törədirsə, bu halda əmlak hərraca çıxarılır, satış nəticəsində əldə olunan vəsait tələbkara ödənir. Aliment borcunun yönəldilə biləcəyi əmlak yoxdursa, təcrübəyə əsasən icra məmuru şəxs barəsində inzibati xəta protokolu tərtib edə bilər. Bu da “İnzibati Xətalar Məcəlləsi”nin 528.1 maddəsinə müvafiq olaraq, inzibati məsuliyyətə səbəb olur. Yəni bu məsələyə məhkəmə qaydasında baxılır. Əgər məhkəmə şəxsi təqsirli bilərsə, bu halda 500 manatdan 1000 manatadək miqdarda cərimə, yaxud 10 gündən 30 günədək inzibati həbs tətbiq oluna bilər”.

Hüquqşünas qeyd edib ki, əgər bundan sonra da alimentin ödənməsi reallaşmazsa, məhkəmə qətnaməsini icra etməməyə görə borclu cinayət məsuliyyətinə cəlb oluna bilər:

“Əgər şəxs 1000 manatdan artıq məbləği ödəmirsə, məsələ əhəmiyyətli dərəcədə ciddiləşir, şəxsin ölkədən çıxış hüququ məhdudlaşdırılır. Bu məhdudiyyət aliment ödənənə qədər qüvvədə olur.

Şəxs cinayət məsuliyyətinə cəlb olunarsa, “Cinayət Məcəlləsi”nin 306.1 maddəsinə müvafiq olaraq, məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməmə, icra məmurunun çağırışlarına gəlməmə, tələblərini cira etməmə cinayət məsuliyyətinə səbəb yaradır.

Bu halda şəxs 2000 manatdan 4000 min manata qədər cərimə, yaxud 320 saatdan 400 saata qədər ictimai işlər, 2 ilədək müddətə islah işləri, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına layiq görülür.

Nəzərə almaq lazımdır ki, hər hansı məsuliyyət tətbiq olunmadan alimenti könüllü şəkildə ödəmək lazımdır. Məsələyə mənəvi cəhətdən yanaşsaq, ata övladının ehtiyacı olan qayğı və diqqəti ödəməlidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR