Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyetnamın baş nazirinin müavini, xarici işlər naziri Bui Tan Son ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı səfər və təmasların, xüsusilə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin, habelə sözügedən səfər çərçivəsində Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsinin əməkdaşlıq gündəliyində müstəsna əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar sahələr üzrə əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu qeyd edilib, bu imkanlardan istifadənin stimullaşdırılması üçün bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Hökumətlərarası Komissiya kimi platformalardan istifadənin zəruriliyi qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ