Onlayn ictimai-siyasi qəzet
Yay mövsümünün başlanması ilə bağlı fermerlərin yaylağa köç etməsi sürətlənməkdədir. Ötən mövsüm fermerlərin köçü zamanı dava-dalaşla yadda qaldı. Səbəb isə bu idi ki, bəzən fermerlər yaylaq yerlərinə köçərkən bilərəkdən və ya bilməyərəkdən onlara ayrılmış yerlərə deyil, kənar yerlərə düşərək məskən salır ki, bu da fermerlər arasında ciddi münaqişələrə gətirib çıxarır.
Musavat.com əməkdaşı mövzu ilə bağlı fermerlərin hüquqları sahəsində ixtisaslaşmış, Vəkillər Kollegiyasının üzvü vəkil Əziz Qənbərlinin fikirlərini öyrənib.
Vəkil deyir ki, hər bir sahənin çətinliyi olduğu kimi, fermerlərlə də işləmək asan deyil:
Ölkəmizin qida təhlükəsizliyində xüsusi yeri tutan fermerlərə xidmət etməkdən gözəl heç nə ola bilməz. Bu gün dövlət fermerlərin hüquqlarının müdafiəsi üçün qanunvericilik bazası yaradıb. Əsasən mən heyvandarlıq sahəsi üzrə ixtisaslaşmış fermerlərin hüquqlarını müdafiə etdiyim üçün onların əsas problemi haqqında danışmaq istəyirəm. Onların əsas problemi otlaq problemidir. Qışda örüş sahələrinin az olması, yayda isə yaylaqlara düşən fermerlərin yer üstündə bir-birləri ilə münaqişəsi əsas problemlərdir.
-Fermerlərə ərazilər müvafiq bölgü aparılandan sonra verilirsə, niyə belə problem yaranır?
-İşğaldan azad edilmiş ərazilərdə olan kənd təsərrüfat təyinatlı dövlət torpaqlarının icarəyə verilməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. İnsaf naminə Nazirlik bu işi çox mükəmməl səviyyədə icra edir. Bir millimetr belə yer 2 fermerə verilməsi mümkün deyil. Sadəcə, bəzi özbaşına fermerlər kolxoz dövrünün varisliyindən çıxış edir, belə deyək də, dağlarda qolçomaqlıq etmək istəyirlər. Belə düşüncədə olan fermerlərə bildirmək istəyirəm ki, bu sahədə qanunvericiliyin çox sərt üzü, tədbiri var.
-Qolçomaqlarla mübarizə üçün hansı addımlar atılmalıdır, tövsiyəniz nədir?
-Hər bir fermerə münaqişəsiz mövsüm keçirmək üçün qanunların tələblərinə dönmədən əməl etməyi tövsiyə edirəm. Özlərinə ayrılmış yaylaq sahəsinə düşməmələri onlar üçün ciddi mənfi nəticələr yaradacaq. Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma 2 ilədək müddətə, kənd təsərrüfat təyinatlı torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma isə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ