Onlayn ictimai-siyasi qəzet
İyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında keçirilməsi planlaşdırılan üçüncü danışıqlar raundu ərəfəsində Rusiya ordusu gecə saatlarında Ukraynanın bir neçə bölgəsinə hücum edib.
Musavat.com xəbər verir ki, yerli vaxtla təxminən saat 02:00-da (Bakı vaxtı ilə 03:00) Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Qara dənizdə, Odessa sahilləri yaxınlığından buraxılmış zərbə dronlarının aşkarlandığını bildirib.
Təxminən iki saat sonra Odessanın meri Gennadi Truxanov Telegram-da şəhərin pilotsuz təyyarələrin hücumuna məruz qalması barədə məlumat verib.
“Şəhərin bəzi rayonlarında çoxmərtəbəli binaların şüşələri qırılıb, yaxınlıqdakı dayanacaqda avtomobillər yanıb. Şəhərin başqa bir hissəsində isə inzibati binada yanğın qeydə alınıb”, – deyə mer yazıb və zərər dəymiş obyektlərin fotolarını paylaşıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hücum zamanı bir nəfər xəsarət alıb.
Sumı şəhərində isə yerli Hərbi Administrasiya Rusiya dronlarının hücumu nəticəsində 12 nəfərin xəsarət aldığını bildirib.
Donetsk vilayətinin Kramatorsk şəhəri də Rusiya ordusunun idarəolunan aviasiya bombası ilə hücumuna məruz qalıb. Bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Qonçarenko məlumat verib. Onun sözlərinə görə, bomba çoxmənzilli yaşayış binasına düşüb və yanğın baş verib. “Saat 07:30-a olan məlumata görə, bir nəfər ölüb – bu, 2015-ci il təvəllüdlü bir oğlandır”, – deyə o, “Facebook” səhifəsində yazıb.
Qonçarenkonun məlumatına görə, daha beş nəfər yaralanıb.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ