İnsanlara hürriyət, millətlərə istiqlal!

Dehlinin hikkəsi - hind tələbələr Bakıdan İrəvana köçürüləcək? 

Çandiqax Universiteti Pakistana dəstəyə görə Türkiyə və Azərbaycanın 23 universiteti ilə akademik əməkdaşlığı kəsib - ekspert onları nə gözlədiyini açıqladı

Hindistan Pakistanla qarşıdurmada obyektiv mövqe tutduğu üçün Azərbaycan və Türkiyəyə qarşı qərəzini davam etdirir. Turistlərin iki qardaş ölkəyə getməməsi ilə bağlı çağırışların ardınca məlum olub ki, Qaruvandakı Çandiqax Universiteti Pakistana dəstək səbəbi ilə Türkiyə və Azərbaycanın 23 universiteti ilə akademik əməkdaşlığı kəsib. Oxşar addımlar Hindistanın bir sıra digər ali məktəbləri tərəfindən də atılıb.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

 Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat” deyib ki, Hindistanın Çandiqax Universitetinin və bir sıra digər ali təhsil müəssisələrinin qərarı təkcə siyasi ritorikanın ali təhsilə sirayət etməsi deyil, həm də beynəlxalq hüququn və ali təhsil diplomatiyasının prinsiplərinə zidd addımdır: “Bu qərar özlüyündə Hindistanın akademik sisteminin nə dərəcədə siyasi təsir altında olduğunu göstərməklə yanaşı, onun qlobal ali təhsil bazarındakı etibarlılığına da ciddi zərbə vurur. Çandiqax Universiteti tərəfindən imzalanmış 23 ikitərəfli anlaşma memorandumu çərçivəsində Azərbaycan və Türkiyə universitetləri ilə tələbə mübadiləsi, professor heyəti dəyişimi, birgə tədqiqat layihələri və ortaq təhsil proqramları həyata keçirilirdi. Bu əməkdaşlıq çərçivəsində hər il onlarla hind tələbə Azərbaycanda və Türkiyədə təhsil alır, eyni zamanda bu ölkələrin universitetlərindən müəllimlər Hindistana ezam olunurdular. Bu proqramlar təkcə akademik deyil, həm də mədəni və iqtisadi əməkdaşlığa xidmət edirdi. Lakin indi universitet kansleri və millət vəkili Satnam Sinx tərəfindən verilmiş sərt siyasi çağırış bu əməkdaşlıqların üzərindən birdəfəlik xətt çəkdi”.

Təhsil mütəxəssisi bildirib ki, Azərbaycanda təhsil alan hind tələbələrin öz arzularına zidd olaraq köçürülməsi və ya təhsildən uzaqlaşdırılması hüquqi baxımdan əsassız, qeyri-mümkündür: “Təhsilini davam etdirmək istəyən tələbələr bu qərardan sonra da Azərbaycan və Türkiyədə qalaraq qanuni şəkildə oxumağa davam edə bilərlər. Onlar yalnız öz iradələri ilə universitetlərlə müqaviləni ləğv etdikdə və ya təhsil şərtlərini pozduqda sistemdən çıxarıla bilərlər. O deməkdir ki, Hindistanın birtərəfli qərarı Azərbaycandakı ali məktəblərdə oxuyan hindli tələbələrin hüquqi statusunu dəyişmir. Əgər tələbə təhsil haqqını ödəyir, dərslərdə iştirak edir və universitetin daxili qaydalarına əməl edirsə, onun ölkədən çıxarılması heç bir halda hüquqi əsas daşımır. Bu, beynəlxalq təhsil konvensiyalarına, xüsusilə də UNESCO-nun "Təhsildə ayrı-seçkiliyin ləğvi haqqında" Konvensiyasına ziddir".

Onun fikrincə, Çandiqax Universitetinin və ona bənzər yanaşma sərgiləyən digər Hindistan ali məktəblərinin bu qərarı onların orta və uzunmüddətli reputasiyalarına zərbə vuracaq: “Azərbaycan və Türkiyə universitetlərinə gəldikdə isə bu qərar onları strateji olaraq daha geniş coğrafiyalara açılmağa sövq edə bilər. Əgər Hindistanla əməkdaşlıq kəsilirsə, bu, əvəzində Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərq ölkələri ilə daha sıx tərəfdaşlıq qurmaq üçün fürsət yaradır. Üstəlik, Azərbaycan universitetləri üçün bu, ali təhsil diplomatiyasını yenidən formalaşdırmaq və tələbə mübadiləsində daha az riskli ölkələrlə stabil əlaqələr qurmaq imkanıdır. Tələbə baxımından isə vəziyyət daha konkret və hüquqi əsaslarla tənzimlənməlidir”.

K.Əsədov əlavə edib ki, Azərbaycanda hazırda 1400-dən çox hindli tələbə təhsil alır və bu tələbələrin əksəriyyəti özəl və ya yarıözəl tibbi, texniki və humanitar ixtisaslarda təhsil alır: “Onların hər biri universitetlə müqavilə əsasında təhsil alır və bu müqavilə yalnız ikitərəfli razılaşma ilə dəyişdirilə bilər. Hindistan hökumətinin və ya universitet rəhbərliyinin qərarı bu müqavilələrin hüquqi qüvvəsinə təsir edə bilməz. Yəni tələbə özü istəyənədək Azərbaycan və ya Türkiyədə təhsilini davam etdirə bilər. Əgər Hindistan tərəfi təqaüd proqramı çərçivəsində maliyyə dəstəyi ayırırsa və bunu ləğv edirsə, bu artıq tələbənin şəxsi maliyyə vəziyyətinə təsir edə bilər, lakin onun hüquqi statusuna yox. Yekun olaraq, bu qərarın nəticəsi Hindistan üçün ali təhsil diplomatiyasının ciddi zəifləməsi, Azərbaycan və Türkiyə üçün isə yeni strateji istiqamətlərin formalaşması ilə müşahidə olunacaq. Təhsilin siyasi münaqişələrin uzantısına çevrilməsi, tələbələrin hüquqlarının siyasi ritorikaya qurban verilməsi yalnız itkilərlə nəticələnir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR