Onlayn ictimai-siyasi qəzet
2 gündən sonra Məsud Pezeşkianın İran prezidenti kimi fəaliyyətə başlamasının 1 il tamam olacaq.
Onu ölkəmizdə əsasən “şeir deyən yaxşı kişi”, “siyasətə həkimlikdən gələn mötədil persona” kimi tanıyırlar.
Bir il əvvəlkindən fərqli olaraq cənab Peşezkianı öz ölkəsində indi necə qəbul edirlər, bir az dolaşıq məsələdir. Bunu mötəbər və dürüst bir sorğunun nəticələri bəlli edə bilər.
Hazırda yalnız bir şey təəccüb doğurur: necə olub ki, İranı idarə edən ayətullahllar və SEPAH doktoru hakimiyyətə yaxın buraxıblar?
Düzdür, o İran siyasətində təsadüfi adam deyildi, vaxtilə parlamentin deputatı, 2001-2005-ci illərdə Məhəmməd Hatəmi hökumətində səhiyyə və tibbi təhsil naziri, 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini olmuşdu, amma yenə də faktiki iqtidar komandası Pezeşkiandan bu qədər narazı olacaqdısa, onun prezident seçilməsinə nədən rüsxət verib?
Onu da qeyd edək ki, Pezeşkian 2013-cü ildə də prezident seçkilərində iştirak edib, lakin namizədliyini geri götürüb. 2021-ci ildə isə o, yenidən prezidentliyə namizədliyini irəli sürəndə namizədliyi rədd edilib. 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində də elə edə, onu seçkiyə buraxmaya bilərdilər.
Ancaq elə olmadı, Pezeşkian seçkiyə buraxıldı və hakimiyyətin mühafizəkar qanadının namizədi Səid Cəliliyə ikinci turda qalib gəldi, qələbəsi tanındı.
2009-cu ildə daha bir namizəd prezident seçkisində triumf qazanmışdı. O, ali dini lider Əli Xamneyi ilə eyni qəsəbədən olan və ona qohumluğu çatan Mirhüseyn Musəvi idi. Ancaq Xamneyi onun prezident olmasını istəmədi, Mahmud Əhmədinejadın tərəfini tutdu və onu prezident etdi.
Bəlkə də ötən il Xamneyinin Pezeşkiana qarşı fərqli davranmasının səbəbi elə 2009-cu ildə baş verən qanlı hadisələrlə bağlıdır. Həmin il Musəvinin qələbəsinin danılmasına etiraz edən yüz minlərlə adam küçələrə axışmış, ölkədə görünməmiş iğtişaşlar başlanmış, çoxlu dinc insan ölmüş, həbsxanalar etirazçılarla doldurulmuş, minlərlə insan işgəncəyə məruz qalmışdı.
Ola bilər, ayətullahlar belə hadisələrin, bu dəfə Pezeşkiana görə təkrarlanmasını istəməyiblər.
Ancaq budur, xalqın iradəsi ilə seçilmiş, ölkəsinin ən legitim dövlət xadimi olan Pezeşkian yüksək vəzifəsinə rəğmən təzyiqlərə məruz qalır. Ayrı-ayrı din xadimləri, generallar onu tənqid edir, xor görürlər, hər bir addımını, açıqlamasını, adicə ana dilində İranın ən böyük şairinin şeirini səsləndirməsini təftişə məruz qoyurlar.
İrandan kənarda olan, bu ölkədə baş verənlərə diqqət edənlər üçün bu, heyrət doğuran hərəkətlərdir. Dövlət iyerarxiyasında 10-cu dərəcəli vəzifə pilləsində olan bir şəxs tribunada çıxış edən prezidentə yaxınlaşır və ona ana dilində danışmamaq, şeir deməmək barədə göstəriş verir və ya kiminsə göstərişini çatdırır. Belə şey nə İran tarixində olub, nə də hazırda ən demokratik ölkələrdə belə analoji hal yaşanır.
Pezeşkiana münasibət bir xeyli dərəcədə başqa bir İran prezidentini və onun taleyini yada salır. Bu, İranın ilk prezidenti Əbülhəsən Bənisədrdir 1933-2021). Bənisədr islam inqilabının ilk illərində, 1980-ci ilin fevralından 1981-ci ilin iyununa qədər İran prezidenti olub.
Ancaq onun prezidentliyi dövründə ölkənin əsas rəhbəri, eynilə indiki kimi, ali dini lider mövqeyində olan, islam inqilabının başçısı Ruhulla Xomeyni olub.
Hələ tələbəlik dövründən qatı şah əleyhdarı olan, iki dəfə həbsxanada yatan, mühacirət həyatı yaşayan, Sorbonna universitetində təhsil alan Əbülhəsən Bənisədr Fransada olarkən Abbas Əmir-İntizam, Sadiq Qütbzadə və İbrahim Yəzdi ilə birlikdə Xomeyninin ən yaxın dörd adamından biri, belə anlaşılır ki, birincisi olub. Çünki Xomeyni məhz onun prezident seçilməsinə xeyir-dua verib.
Ancaq hər bir inqilaba məxsus olan klassik təmayül İranda da baş verib – inqilab balalarını yeməyə başlayıb:
Abbas Əmir İntizam 1981-ci ildə ABŞ-nin xeyrinə casusluqda ittiham edilərək ömürlük həbs cəzasına məhkum edilib;
Sadiq Qütbzadə Xomeyniyə qarşı sui-qəsd sözləşməsində iştirakda günahkar bilinərək edam olunub;
İbrahim Yəzdi 7 ay (1979, aprel-noyabr) İranın xarici işlər naziri olub, sonra islam inqilabı rejiminə qarşı çıxıb, onu “Stalinist və qeyri-islami üsullardan” getdikcə daha çox istifadə etməkdə ittiham edib, nəhayət, ölkədən mühacirət etməyə məcbur olub. İ.Yəzdi 2017-ci ildə 86 yaşında Türkiyənin İzmir şəhərində vəfat edib və orada dəfn olunub.
Əbülhəsən Bənisədr isə 1981-ci il iyunun 21-də İran parlamenti tərəfindən “islam ruhanilərinə qarşı yönəlmiş fəaliyyətə” görə impiçmentə məruz qalıb. İyunun 21-dən 22-nə keçən gecə SEPAH bölmələri onun evini və iqamətgahını bağlayıb, ən böyük qəzetlərin baş redaktorlarını həbs ediblər. İyunun 22-də səhər saatlarında Xomeyni fərman verərək Bənisədri İran prezidenti vəzifəsindən azad edib.
Bəzi məlumatlara görə, Xomeyni Bənisədri məhv etmək barədə əmr verib, lakin onu ələ keçirmək mümkün olmayıb. Bənisədr “Xalq mücahidləri” təşkilatı üzvlərinin köməyi ilə bir neçə həftə gizlənməyə nail olub və iyulun 29-da həmin təşkilatım rəhbəri Məsud Rəcəvi ilə birlikdə ölkədən qaçıb. Eks-prezidentin qaçışında polkovnik Benzad Moezinin başçılıq etdiyi hərbi hava qüvvələri zabitləri böyük köməklik göstəriblər. Bənisədr hərbi hava qüvvələrinə məxsus “Boeing 707” təyyarəsi ilə Fransaya uçub və ömrünün sonuna qədər bu ölkədə yaşayıb.
Beləcə, Xomeyninin dörd ən yaxın silahdaşının dördünün də aqibəti acınacaqlı olub – ömürlük həbs, edam, mühacirət.
Xamneyi və tərəfdarlarının prezident Pezeşkiana münasibəti “Bənisədr əhvalatı”nın təkrarlana biləcəyinə dair ehtimallar yaradır.
Araz Altaylı, Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ