İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomatiyanın İstanbulda “dəfni”

“Bu xəmir hələ çox su aparacaq” məsəli yerinə düşmür, çünki bu müharibədə hər gün qan axır, həm də çox, lap çox...

Zatən, mayın 15-də İstanbulda olası Rusiya-Ukrayna danışıqlarından fövqəladə gözlənti yox idi. Amma belə bir mənzərini proqnozlaşdırmaq da çətin idi...

Gün ərzində dünyanın dörd bir tərəfindən İstanbuldakı Dolmabağça sarayında keşik çəkən yüzlərlə jurnalist danışıqlar zalını boş gördülər, görüşün başladığı xəbəri isə bir neçə dəfə təkzib edilidi. Rusiya nümayəndə heyətinin İstanbulda olduğu halda, Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti isə prezidentin təyyarəsində Ankaraya gəlmişdi.     

  

Rusiya nümayəndə heyətinin tərkibi haqda Rusiyanın gizliliyi müəyyən şübhələr yaratmışdı. Mayın 14-də  Rusiya prezidenti Kremldə qapalı görüş çağırdı. Məhz o zaman bəlli oldu ki,  dövlət başçısının sərəncamı ilə tərkibi təsdiq edilmiş Rusiya nümayəndə heyətinə   Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Heyətə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin daxili ediliblər. Təhlükəsizlik  Şurasının katibi Şoyqu, müdafiə naziri Belousov, xarici işlər naziri Lavrov, FTX-nin direktoru Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Narışkin, Rusiya Milli Qvardiyasının direktoru Zolotov, Baş Qərargah rəisi  Gerasimov və xüsusi təyinatlı zonadakı bütün hərbi qrupların komandirlərinin iştirakı ilə müzakirə edilən məsələlər haqda təfsilat yoxdur. Amma məhz müvafiq məruzələrdən sonra Putin Rusiya nümayəndə heyətinin İstanbulda danışıqlarda mövqeyini müəyyənləşdirib.  

Medinskinin 2022-ci ilin yazında İstanbul görüşlərindən sonra Ukrayna münaqişəsinin həllində heç bir bilinən fəallığı olmamışdı, hətta “Rossiya-1” kanalında Rusiyanın tarixi haqda maraqlı sənədli-tarixi filmlərin hazırlanmasına girişmişdi. Bir müddət əvvəl isə gözlənilmədən Putinin dəstəyi ilə o, Rusiya Yazıçılar Birliyinin sədrliyinə də gətirildi. Yəni adamın fəal diplomatik görəvi yoxdur.  Onun nümayəndə heyətinə yenidən rəhbərlik etməsi gözlənilməz oldu, baxmayaraq ki, həm Fomin, həm Kostyukov bundan əvvəlki danışıqlarda da iştirakçı olmuşdu. Bu heyətdə yeganə “xam” Lavrovun müavini, amma təcrübəli hesab olunan yeganə diplomat Qaluzindir.(Beş nəfərdən ibarət ekspertlər qrupu da var ki, onlar heç nə müəyyən etmirlər). 

Rusiya və Ukrayna nümayəndə heyətləri 2022-ci il martın 29-da İstanbulda görüşmüşdülər. Danışıqlardan sonra Medinski bildirmişdi ki, Rusiya ilk dəfə olaraq Kiyevdən “kağız üzərində yazılmış gələcək mümkün razılaşmanın prinsiplərini” alıb. Onların arasında Ukraynanın bloklara qoşulmamaq statusu da var. Lakin tezliklə danışıqlar prosesi dayandırıldı.

Putinin yenidən məhz Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzərində dayanması haqda nə demək olar?  Niyə məhz o və  köhnə heyət İstanbula göndərildi? Çünki gözlənilirdi ki, İstanbula da Səudiyyədə ABŞ-la danışıqlarda iştirak edən “qoca qurdlar”- Lavrovla Uşakov  gedəcək. Amma görünür, heyətlə bağlı susqunluq və yalnız son gün qərar verilməsi Putinin vəziyyəti təhlil etməsi ilə bağlı olub. Putin köhnə heyəti İstanbula göndərməklə  əsas mesajı vermiş oldu. Rusiya ilkin şərt olmadan danışıqlara başlamağı təklif etsə də, Medinskini İstanbula göndərməklə əslində şərt irəli sürmüş oldu. Şərt də budur ki, bu danışıqlar 2022-ci ilin mart-aprelində İstanbulda yarıçmıq qalmış prosesin davamıdır. Yəni şərtlər qüvvədə qalır, amma müzakirə edilə bilər.  Generalları da “iki daşın arasında” İstanbula göndərmək dünyanın sülh gözləntisinə uyğun deyildi.  Yəni bütün təzyiqlərə baxmayaraq, Putin zopanı əlindən yerə qoymur.   

Zelenski bu görüş ərəfəsi çox danışdı, həm də bəzi  gərəksiz fikirlər  işlətdi( “Putin məndən qorxur” və sairə). Bu da onsuz da hamar olmayacaq danışıqlar prosesini zədələdi, Rusiyaya danışıqları tormozlamağa, İstanbula da Zelenskinin də dediyi kimi “saxta heyət” göndərməyə əsas verdi.  Zelenskinin ona xüsusi ehtiyac olmadığın halda “qollarını çirmələyib” Ankaraya gəlməsi və Ərdoğanla heç bir anlaşmaya varılmayan 1 saatlıq görüşünə də doğrusu, məna vermək çətindir.

Rusiyadan da Zelenski və danışıqlar aparmaq üçün Türkiyəyə gələn Ukrayna heyəti haqda mənfi fikirlər səsləndi. İddia olundu ki, müdafiə naziri Ruslan Umerovun rəhbərlik etdiyi və Ukraynanı xarici işlər naziri Andriy Sıbiqa, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak, Ukrayna prezidentinin müşaviri İqor Yovkvanın siyasi nizamlanma təcrübəsi yoxdur.     

  

Tərəflərin sülh danışıqlarında maraqlı olmadığı haqda ötən yazılarda qeydlər etmişik. Çünki Putin ələ keçirdiyi və ya hələ də işğal edə bilmədiyi ərazilərin necə nəzarətində saxlamağı düşünür, o biri isə faktiki müharibəni uduzub, amma faydasız müqavimət göstərməklə məşğuldur.  Ukraynanın İstanbulda danışıqlarında “ancaq 30 günlük atəşkəsin razılaşdırılması” şərtini  irəli sürməsi də normal deyildi.  Putinin məlum toplantısında isə konkret Medinskinin papkasına nələr qoyulduğu bu gün sirr kimi qaldı. 

TASS-ın son məlumatına görə, danışıqlar mayın 16-da olacaq. Amma bugünkü  gərginlikdən sonra  danışıqlarda bəlkə də hansısa irəliləyiş olacağına ümid edən optimistlərin inam da ortadan qalxdı. “Bu xəmir hələ çox su aparacaq” məsəli burda yerinə düşmür, çünki diplomatiyanın məğlub olduğu hər gün müharibədə qan axır, həm də çox, lap çox...

Nazim SABİROĞLU,
Musavat.com  

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

15 May 2025

BÜTÜN XƏBƏRLƏR