İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqət! Abortla bağlı ağır cəza gəlir

Əməliyyat zamanı sağlamlığa ehtiyatsızlıqdan ziyan vuranları həbs gözləyir; cərrah-ginekoloq cəzaları daha da sərtləşdirməyin tərəfdarıdır

Qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək. Bu, Milli Məclisin mayın 16-da keçirilən iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abortetmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abortetmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni zamanda layihəyə əsasən, həmin əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır; erkən və gec abortlar. Hər bir halda abortlar qadın sağlamlığı üçün təhlükəli prosesdir. Bəs cəza çıxış yoludurmu? Ginekoloqlar necə fikirləşir, selektiv abortlar problemi təkcə bununla həllini tapa bilərmi?

Qeyd etmək yerinə düşər ki, ÜST-ün hesabatlarına görə, hər il dünyada 50 milyondan çox qadın abort olunur. Onların 20 milyonu qeyri-leqal abortlardır, bu hal qadın ölümü hallarının artmasına yol açır.

Abortların 78 faizi inkişaf etmiş ölkələrin, 22 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Abortların sayına görə ən aşağı göstərici dinin hakim olduğu ölkələrdədir. Belə ölkələrdə il ərzində 1000 qadına 10 abort düşür. Digər ölkələrdə bu göstərici hər 1000 qadına 10-80 abort arasında dəyişir. Azərbaycanda 2022-ci ildə ölkədə 58 min abort qeydə alınıb. 2021-ci ildə isə bu göstərici 47 minə yaxın olmuşdu. 2020-ci ildə isə bu rəqəm 35 mindən də az idi. Göründüyü kimi, kəskin artım var. Hələ bu rəsmi rəqqəmlərdir. Hesab edilir ki, real rəqəmlər rəsmi statistikadan dəfələrlə daha çoxdur.

Onu da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda selektiv abortlar daha çox narahatlıq doğurur. Selektiv abort - dölün və ya körpənin təxmin edilən cinsinə görə hamiləliyin süni olaraq pozulmasıdır. Yəni ər və ya arvad qız övladının olmasını istəmir, müayinə zamanı ana bətnindəki dölün cinsinin qız olması güman etdikləri üçün heç bir tibbi və ya sosial göstəriş olmadan hamiləliyi sonlandırırlar. Bu, cinsə görə abort, yəni selektiv abort hesab edilir. Çin, Kosovo, Nepal və Vyetnamda cinsin seçmə abortunu qadağan edən qanunlar var. Çində cinsiyyətə görə abort qanunsuzdur, lakin doğuşdan əvvəl cinsi müəyyən etmək Çində geniş yayılmış təcrübədir. Çindən sonra Azərbaycan selektiv aborta görə ötən il ilk yerdə idi. 

RƏŞAD SULTAN MAMA – GİNEKOLOQ | Azərbaycan Tibb Ensiklopediyası

 Rəşad Sultan

Cərrah-ginekoloq Rəşad Sultan “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini belə bildirib:

“İlk olaraq selektiv abort məsələsinə toxunum. Bu, cinsiyyətə görə abort etdirməkdir. Əslində, əgər qanundan danışırıqsa, selektiv abort özü qanunsuzdur. Çünki cinsiyyət yalnız 12-ci həftədən sonra bilinir. Bu müddətdən sonra abort isə artıq gec abort sayılır. Gec abortlar da, əgər tibbi göstəriş yoxdursa, qanundan kənar hesab olunur. Qanunsuz abortlarla bağlı qanunun sərtləşdirilməsi olduqca vacibdir. Burada, bəli, cəza çıxış yolu kimi görünür. Düzdür, qanunda radikal yenilik yoxdur, sadəcə, cəzalar ağırlaşdırılıb. Amma qanunsuzdursa, onsuz da cəza olmalıdır - bu, normaldır. Əlavə sual buradan yaranmır.

Problem ondadır ki, abort qanunsuz olsa da, müxtəlif yollarla həyata keçirilir. Qanunsuz abort nə deməkdir? Tibb müəssisəsindən kənarda edilən abort və ya qanunun icazə verdiyi müddətdən - yəni 12 həftədən sonra - tibbi göstəriş olmadan edilən abort. Bəs bunlar həyata keçirilirmi? Təəssüf ki, bəli. Çünki ya ümumiyyətlə cəza tətbiq olunmur, ya da tətbiq edilən cəza yetərincə yumşaq olur.

Əslində, bu sahədə qanunların sərtləşdirilməsi təşəbbüsünü birinci növbədə elə biz - həkimlər - irəli sürürük. Deyirik ki, bu prosedurlar insan sağlamlığı üçün ciddi təhlükə yaradır və məhdudlaşdırılmalıdır. Həkim olaraq bu dəyişiklikləri alqışlayıram. Axı çox da ciddi tələb qoyulmur: abort 12 həftədən əvvəl, tibbi müəssisədə və qanuna uyğun şəkildə aparılsın - bu qədər sadə".

Yeri gəlmişkən, xarici ölkələrin qanunsuz və selektiv abortlarla mübarizə sahəsindəki təcrübəsi çox fərqlidir və əsasən hüquqi rejimə, ictimai dəyərlərə, sosial təminat sisteminə və təhsil səviyyəsinə bağlıdır. Misal üçün, İsveç, Norveç və Niderland kimi Skandinaviya ölkələrində abort qanunidir və dövlət tərəfindən təmin olunur. Fokus qadının seçim hüququna və təhlükəsiz tibbi xidmətə verilir. Qeyri-qanuni abortların qarşısı praktiki olaraq alınıb, çünki ehtiyac yoxdur. Ailə planlaşdırması, cinsi təhsil və psixoloji dəstək çox yüksək səviyyədədir. Selektiv abortlar bu ölkələrdə demək olar ki, yoxdur - səbəbi isə gender bərabərliyinin yüksək səviyyədə olmasıdır. ABŞ-də isə 2022-ci ildən bəri abort hüquqları ştatlara görə dəyişir (Roe v. Wade-in ləğvindən sonra). Bəzi ştatlarda abort tam qadağandır, digərlərində isə geniş hüquqi baza var. Qanunsuz abortlar riski qadağan edən ştatlarda artır. Qadın hüquqlarının qorunması və tibbi təhlükəsizliyin təmin olunması istiqamətində mübarizə aparan təşkilatlar var.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR