Onlayn ictimai-siyasi qəzet
Bakı-Moskva münasibətləri günbəgün qəlizləşməyə doğru gedir. Bu gün Rusiya tərəfi şifahi, Azərbaycan tərəfi yazılı olaraq qarşılıqlı etiraz notaları təqdim ediblər. “Sputnik”də iki FTX agentinin və Rusiya vətəndaşlarından ibarət cinayətkarların tutulması xəbərindən sonra Yekaterinburqda fəaliyyət göstərən “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski xüsusi qəddarlıqla həbs edilib.
Ədəbiyyatda hadisələrin başlamasından sonra yaranan ziddiyyət və ya münaqişənin (konfliktin) başlanğıcına düyün-zavyazka deyilir. Sonra hadisə öz gedişinin ən gərgin nöqtəsinə – kulminasiyaya çatır. Sonra razvyazka, yəni düyünün açılması olur və bu həm də hadisələrin bitməsinə işarədir. Diplomatiya ədəbiyyat deyil, amma hadisələrin inkişafında oxşarlıq həmişə var. Görünən budur ki, Rusiya-Azərbaycan münasibətləri ötən ilin dekabrından, AZAL-ın təyyarəsinin vurulması ilə başlayan gərginliyin yaratdığı düyündən hələ də çıxa bilmir.
Rusiyanın ən yaxın müttəfiqləri ilə münasibətlərində bu cür gərginlik yaratması yenilik deyil. Həm də məhz Kremlin ucbatından Rusiya, məsələn, zaman-zaman ən yaxın müttəfiqi, slavyan qardaşı Belarusla gərginliklər yaşayıb. Çoxları bəlkə də unudub, 2017-2020-ci illərdə Rusiya və Belarus arasında dəfələrlə qazın ixrac qiymətində, ticari alqı-satqılarda gərginliklər yaranmışdı. Hətta ittifaq dövlətində xeyli irəliləsələr də, Lukaşenko bu prosesi dayandırmışdı. Lukaşenko gizlətmirdi ki, Rusiya özünü Belarusla münasibətdə yalnız onun dediklərinə əməl ediləcək böyük qardaş sayır, hətta Minskə qarşı ticarət müharibəsi aparır, pul cəzası kəsir, aldatmaq istəyir və sairə... O vaxt Rusiya Lukaşenkonu daxildə çevrilişlə belə təhdid edirdi, hətta belə cəhd də olmuşdu, amma son anda bəzi nazirlər “Batya”ya qarşı çıxmaqdan imtina etmişdilər. Azərbaycan da daxil media bu gərginlikdən bir müddət yazırdı, Qərb isə situasiyadan Lukaşenkonu tərəfinə çəkmək üçün yararlanmağa çalışdı. Kreml rəhbəri gördü ki, Lukaşenko sözünün üstündə durur, məcbur qaldı onun dediklərini diqqətə aldı, ölkələrarası münasibətlərə sıçrayan gərginlik tədricən aradan qaldırıldı. Amma diqqət edin, Putin Avrasiya İqtisadi İttifaqının Minskdəki ötən həftəsonu son toplantısında ev yiyəsinə hörmətsizlik edərək özü təkbaşına media qarşısına çıxdı. Bunu media yazırsa, demək Lukaşenko da Kreml sahibinin bu davranışını diqqətdən qaçırmayıb. Heç şübhə yoxdur ki, Putinin Minskə gəlməsindən bir neçə gün əvvəl ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Kelloqun Belarusa mübhəm səfəri, Lukaşenko ilə bir neçə saat bağlı qapılar arxasında danışması (bundan əvvəl isə bir neçə müxalifətçini azad etmişdi) Kreml sahibini məmnun etməyib.
Rusiyanın təkəbbürünü, özündən razılığını bəlkə də Ukrayna müharibəsindən əvvəl anlamaq olardı. Amma dünyadakı imicini və dövlət duruşunu ən azı 50 il korlayan Rusiyaya indiki təkəbbürlük yaraşmır. Həm də Azərbaycana münasibətdə bunun normal izahı belə yoxdur...
Dövlətlər arasında təyyarə qəzası kimi hadisələr baş verir, sonra bu problemi çözürlər, ya vasitəçi ölkələrlə, ya vasitəçisiz. Rusiya ilə Azərbaycan arasında isə istənilən gərginliyi vasitəçisiz çözmək hər zaman mümkün kimi görünürdü. Prezident İlham Əliyevlə Rusiya prezidenti bir-birlərini ən azı 30 ildir tanıyırlar, 2003-cü ilin oktyabrından bəri isə həmkardırlar, bu illər ərzində dəfələrlə rəsmi və qeyri-rəsmi görüşüblər. Bu illər həm də heç də asan olmayıb, Qərbin hazırladığı “məxməri inqilablar”, Cənubi Qafqazda müharibələr Bakı və Moskva münasibətlərini dəfələrlə sınağa çəkib. Azərbaycan Rusiyaya münasibətdə heç vaxt xain planlarda, “arxa baxça diplomatiyası”nda yer almayıb. Ona görə ki, Azərbaycan qonşuları ilə münasibətdə həmişə dürüst davranmağa çalışıb. İndi gərgin gündəmi, III Dünya müharibəsinin belə gerçək ola biləcək dünyada Rusiyanın müttəfiqlik sənədi imzaladığı Azərbaycanla “alıb-verə bilmədiyi” nədir?
Təhlilçilər bunun indiyədək ən azı 10 səbəbini açıqlayıb, rəsmi Bakının etiraz bəyanatları var, eləcə də “Rusiyanın guya narazı qaldığı məsələləri” ifadə edən politoloqlar da danışıblar. Amma bu iddialar düyünün açılmasına kömək etməyib.
Rusiyanı tanıyırıq, tarixən imperialist siyasətinə bələdik, dövlətçiliyə, ətrafında olan dövlətlərin müstəqilliklərinə xəbis baxışları da məlumdur, millətçilik damarları da, ürəkdən gəlməyən beynəlmiləlçiliyi də həmçinin...
Ən azı yarım milyon azərbaycanlı bu ölkənin paytaxtından tutmuş, ən soyuq əyalətinədək işləyir, yaşayır. Ruslar da Azərbaycanda özlərini həmişə təhlükəsiz hiss ediblər, belə də davam edir. Yəni xalqlar arasında nifaq salmaq cəhdləri həmişə olub, yenə də olacaq. Amma dövlətlər arasında münasibətlər gərginləşərsə, bu orada yaşayan millətlərin ovqatına ciddi təsir edir. Ən pisi budur.
Ən müxtəlif adamlar son günlər tez-tez soruşurlar: “Nə baş verir, indi nə olacaq?”. Son zamanlar cəmiyyətin belə narahatlığı Qarabağ müharibəsində olduğunu xatırlayıram. O səbəbdən media diqqətli olmalıdır. Qızışdırıcı, cəmiyyətdə əsassız narahatlıq və həyəcan yaradan mövqelərdən, yoxlanılmamış məlumatların yayılmasından yayınmalıdır.
Razvyazka süjetin sonudur, dünyanın yox...
Nazim SABİROĞLU,
Musavat.com
02 Iyul 2025
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ