İnsanlara hürriyət, millətlərə istiqlal!

Elti robot

Məzahir müəllim deyir ki, seçki siyahılarında ölənlərin adının saxlanması əxlaq məsələsidir. Bunu iki cəhətdən anlamaq olar. Birincisi, ölünü siyahıda saxlamaq saxtakarlıqdır, deməli əxlaqsızlıqdır. Lakin bu cür düşünməyə heç bir əsasımız yoxdur - bizdə seçkilər axırıncı dəfə 20-ci əsrin əvvəlində saxtalaşdırılıb, onda da Dumaya seçkilər idi.

İkinci ehtimal daha məntiqlidir, sayın MSK sədrimiz söyləmək istəyir ki, nə olsun insan ölübdür, onun adını seçki siyahısından silsək əxlaqsızlıq edərik. 

Doğrudan da, ağsaqqala hörmət borcumuzdur. Böyüksüz yerdə oturma, böyürə-böyürə qalarsan. Dağın başı, insanın yaşı. Ağbirçəyin birçəyi, səni dişləsin atmilçəyi. Hörmət elə, hörmət gör. Valideynin borcunu qaytarmayana, bankdan kredit də verilməz. Meşəyə qaban gərəkdir, sürüyə çoban. Ağıllınız kimdir, qabaqda gedən qızıl zəncirli oliqarx. Hələlik bu qədər müdriklik bəsinizdir. Dəftərçəyə yazın, toyda-zadda sağlıq deyəndə işlədə bilərsiniz, müəllif haqları qəti qorunmur.

İnsan öləndən sonra seçki siyahısından çıxarılırsa, bu onun xatirəsini təhqir etməkdir. Ta nə oldu, bizim başqa qədirbilməz, unutqan xalqlardan fərqimiz olmalıdır, ya yox? O boyda mərmərdən abidələr, baş daşı qoyuruq, məzara aşılmaz hasarlar çəkirik, nə üçün adı siyahıdan silək? İnsanı yaşadan xatirələrdir. Şair demişkən, yada düşər xatirələr, həzin-həzin ağlaram, mən bu eşqi gəncliyimdən, bir xatirə saxlaram. Gör keçmişdə bizim nə gözəl mahnılarımız, nəğmə sözlərimiz olmuşdur... Yoxsa indi görürsən xalq artisti çıxır səhnəyə, deyir: “Verdim getdim, ağlama”. Bu cür siyasi savadla seçkiyə getmək olmaz.

Yeri gəlmişkən, evin mətbəxində eltisi üzərində plastik cərrahiyə əməliyyatı aparan həkimə 3 il 2 ay həbs cəzası verildi. Elti - iki qardaşın arvadları arasındakı sosial-iqtisadi münasibətlərin elmi adıdır. Əlbəttə, bunun yazımıza dəxli yoxdur, arada sizə məlumat verməyə çalışdım. Məlumat almaq heç zaman gec deyil. Xüsusilə indiki elmi-texniki tərəqqi (ETT) dövründə.

ETT terminini biz hələ 1980-ci illərdən işlədirik. O zaman Qorbaçov “ETT-nin sürətləndirilməsi” dövlət proqramını ortaya atmışdı. Əgər fikir verirsinizsə, ETT sözü hardasa elti sözüylə səsləşir. Ona görə də yaxşı olar cərrahlarımız gözəlləşdirmə əməliyyatını bundan sonra mətbəxlərində deyil, hamamda aparsınlar. Hamam daha steril mühitə malikdir. Eyvan da havalı olur, əgər qum tufanı şəhəri basmayıbsa.

Bu arada Naxçıvan Dövlət Universitetində robot texnikası üzrə elti... üzr istəyirəm, elmi konfransdan video rastımıza çıxdı. Orda yerli istehsal robot tribunaya çıxaraq tədbir iştirakçılarına xoşgəldin edirdi və rektordan maaşları artırmağı istəyirdi. Bir də arada fürsətdən istifadə edib bir neçə saniyə yaltaqlandı. Bu, bizim milli robotqayırma sənayesinin dünya analoqlarından mühüm fərqini göstərir. Məsələn, xaricdə robotları düzəldərkən onların ayaq üstə sərbəst durması, yeriyərkən yıxılmaması, təkrar olunmayan hərəkətləri yerinə yetirmək qabiliyyəti və sairə üzərində çalışırlar. Hətta bu yaxınlarda Çində robot 21 kilometr yarımarafon qaçdı. Bizim robot isə ancaq tribunada mıx kimi durmağı, ağzını açıb-yumaraq maaş istəməyi bacarır. (Bakıda Məşədi İbad rəqsi edən və İsa Həbibbəyliyə salam verməkdən imtina edən robot da düzəldilib, ədalət naminə yazmalıyıq).

O cümlədən, biz yaxşı xatırlayırıq ki, Vasif Talıbovun hakimiyyəti dövründə Naxçıvandakı robotlar nəinki maaşa artım istəyirdi, ağızlarını açmağa da qorxurdular. Onlar danışmağa cəhd eləsələr Vasif müəllim onları söküb təzədən yığardı.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR