Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmanı Cənubi Qafqazda uzunmüddətli sabitliyə aparan mühüm dönüş nöqtəsi kimi dəyərləndirib.
Musavat.com-un xəbərinə görə, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən Ərdoğan bildirib ki, şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Qarabağın azad olunmasından sonra bölgədə yaranan yeni mərhələdən, eləcə də Azərbaycana tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasından məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, bu məsələni Ermənistanın Baş naziri Nikol Paşinyanla da müzakirə edib və regionda nəqliyyat-kommunikasiya xətlərinin, sərhədlərin açılması, ticarətin genişlənməsinin bütün tərəflərin maraqlarına uyğun olduğunu vurğulayıb.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşdə İlham Əliyev və Nikol Paşinyan birgə bəyannamə imzalayıblar. Sənəddə Azərbaycan və Ermənistan arasında sülh sazişinin əvvəlcədən razılaşdırılmış mətni paraflanıb və kommunikasiyaların blokadadan çıxarılmasına dair memorandum təsdiqlənib.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ